Hoqlandın təklif etdiyi plan ölkəmizin mövqeyinə uyğundur” Siyasət

Hoqlandın təklif etdiyi plan ölkəmizin mövqeyinə uyğundur”

Rüstəm Məmmədov: "Lakin burada əsas məsələ verilən təklifin əməli həyata keçirilməsidir"

"ATƏT-in Minsk qrupu həmsədrlərin dəyişməsi həmsədr dövlətlərdə keçirilən seçkilərlə bağlı idi. Belə ki, ABŞ-da yeni prezidentin seçilməsi, administrasiyanın təzələnməsi həmsədrin də yenilənməsini labüd edirdi". Bunu politoloq Rüstəm Məmmədov deyib.
Həmsədrlərin yenilənməsinin Dağlıq Qarabağ münaqişəsinin həllinə təsirinə gəlincə, R.Məmmədov söyləyib ki, ABŞ-da prezidentin kimliyindən asılı olmayaraq dövlətin xarici siyasəti dəyişilməzdir: "ABŞ öz xarici siyasətini əvvəlcədən planlaşdırıb və addımlarını da buna uyğun şəkildə atır. Bu baxımdan düşünürəm ki, həmsədrlərin dəyişməsi münaqişənin həllinə təsir edə bilməz".
ABŞ-ın müvəqqəti həmsədri Riçard Hoqland tərəfindən münaqişənin həlli ilə əlaqədar təklif etdiyi planın ölkəmizin mövqeyinə uyğun gəldiyini deyən R.Məmmədov söyləyib ki, lakin burada əsas məsələ verilən təklifin əməli həyata keçirilməsidir: "Ola bilsin ki, verilən təklif bizim mövqeyimizə uyğun gəlsin. Lakin ortada Ermənistana qarşı heç bir sanksiya həyata keçirilmirsə, demək ki planın reallaşmasından söhbət gedə bilməz. İndiyədək bu cür planlarla bağlı bir neçə dəfə təklif irəli sürülüb. Amma nəticədə heç biri reallaşmayıb".
Politoloq qeyd edib ki, ümumiyyətlə yaxın müddət ərzində münaqişənin həlli ilə bağlı müsbət tendensiya görünmür: "Çünki ortada nə Rusiyanın, nə digər həmsədrlərin Dağlıq Qarabağ münaqişəsinin həlli bağlı səyləri görünmür".