Prezident İlham Əliyevin BMT-dəki tarixi çıxışı və Azərbaycanın qlobal diplomatiyadakı rolu Siyasət

Prezident İlham Əliyevin BMT-dəki tarixi çıxışı və Azərbaycanın qlobal diplomatiyadakı rolu

Prezident İlham Əliyevin BMT Baş Assambleyasının 80-ci sessiyasında iştirak etmək üçün ABŞ-yə işgüzar səfəri olduqca məhsuldarlığı və ahəngdarlığı, xüsusi əlamətdarlığı ilə yadda qaldı.

İlk növbədə, Azərbaycan Prezidentinin Nyu-Yorkda bir neçə ölkənin dövlət və hökumət başçısı, beynəlxalq təşkilatların rəhbəri, nəhəng investisiya, rəqəmsal və sənaye holdinqlərinin, maliyyə təsisatlarının birinci şəxsləri ilə keçirdiyi səmərəli görüşlər dünya mediasının və ictimaiyyətinin diqqətini çəkməklə cənab Prezidentinmöhtəşəm siyasi nüfuzunu nümayiş etdirdi.

Qlobal miqyaslı nəhəng investisiya və nüfuzlu biznes elitasının üzvləri ilə aparılan faydalı müzakirələr Azərbaycanla yeni əməkdaşlıq əlaqələri qurmaq, qabaqcıl ideyaları və imkanları dəyərləndirmək, ölkəmizə yeni investisiyaların cəlb etmək baxımından əla fürsət yaradır.

Dünyanın ən ali kürsüsündə Azərbaycan və Ermənistan arasında uzun illər davam edən münaqişənin tarixinə qısa baxış salan dövlətimizin başçısı İrəvanın həyata keçirdiyi etnik təmizləmə siyasəti və hərbi cinayətləri nəticəsində bir milyon azərbaycanlının öz yurd-yuvasından didərgin salınmasına diqqət çəkdi.

Azərbaycana qarşı törədilmiş təcavüz, işğal və ədalətsizlik faciələrindən bəhs edən Prezident İlham Əliyevin bu mövzuya yenidən qayıtması təsadüfi deyildi. 30 il suveren ərazisinin 20 faizinin hərbi işğalı ilə bağlı BMT-nin qəbul etdiyi dörd qətnamənin heç vaxt icra edilməməsi, Ermənistanın beynəlxalq ictimaiyyət tərəfindən heç bir sanksiyaya məruz qalmaması, ATƏT-in Minsk qrupunun münaqişənin əbədi dondurulmasına xidmət edən fəaliyyəti beynəlxalq hüququn işləmədiyini, ədalətsizliyin hökm sürməsinin təzahürləri idi.

Dövlətimizin başçısı məhz bu haqsızlıq, ədalətsizlik şəraitində 2020-ci ildə BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq, Azərbaycanın özünümüdafiə hüququndan istifadə etməklə öz ərazi bütövlüyünü bərpa etdiyini və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini təkbaşına yerinə yetirdiyini xatırlatmaqla beynəlxalq birliyin ikili standart yanaşmasını, fəaliyyətsizliyini onların diqqətinə çatdırdı.

Vurğulandığı kimi, 44 günlük müharibədə qazanılan zəfərin qürurlu səhifəsi olan 2020-ci il 10 noyabr tarixi Ermənistanın kapitulyasiyası və 30 illik işğaldan sonra Azərbaycanın ərazi bütövlüyünün bərpası kimi tarixə düşdü. Rəsmi Bakı zəfərdən dərhal sonra ərazi bütövlüyünün və suverenliyin qarşılıqlı şəkildə tanınması əsasında Ermənistanla münasibətlərdə yeni səhifə açmağa hazır olduğunu bəyan edərək beynəlxalq hüquqa əsaslanan beş təməl prinsip irəli sürdü, sülh müqaviləsi layihəsini təqdim etdi.

Azərbaycanın birbaşa təşəbbüsü ilə 2022-ci ilin oktyabrından 2025-ci ilin yayına qədər davam edən danışıqlar prosesi müxtəlif təxribatlara baxmayaraq müsbət nəticələr verdi.
Avqustun 8-də Vaşinqtonda Azərbaycan, ABŞ və Ermənistan liderlərinin şahidliyi ilə sülh müqaviləsinin mətninin paraflanması və Ermənistanın baş naziri ilə imzalanmış Birgə Bəyannamənin icrası istiqamətində aparılan davamlı səylər artıq öz müsbət nəticəsini verir, regionda yeni siyasi və iqtisadi ab-hava formalaşır. Yeni münbit imkanlar isə Azərbaycan və Ermənistanla iqtisadi bağlantıları təşviq etməklə, digər bölgə ölkələrini də çoxtərəfli və geniş tərəfdaşlığa dəvət edir.

Vaşinqton Sammitinin mühüm nəticələrindən biri kimi “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” da xüsusi əhəmiyyət kəsb edir. Bu layihə Zəngəzur dəhlizinin mühüm iqtisadi bağlantı və logistika habı olmaqla bölgədə maneəsiz keçidi təmin edəcək və regional bağlantıları möhkəmləndirəcək.

Prezident İlham Əliyev tarixi Vaşinqton Sammitinin Azərbaycan-ABŞ münasibətlərində yeni mərhələnin başlanmasında əhəmiyyətinə toxunaraq dövlətlər arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında imzalanmış Anlaşma Memorandumunun siyasi, iqtisadi, enerji, regional bağlantılar, müdafiə, təhlükəsizlik və digər sahələrdə tərəfdaşlıq üçün yeni üfüqlər açdığını da xatırlatdı.

Eyni zamanda, Prezident Trampın 1992-ci ildə Azadlığa Dəstək Aktına 907-ci düzəliş şəklində Azərbaycana qarşı tətbiq olunmuş sanksiyaların icrasını dayandırması qərarını mühüm addım adlandırdı. Ümumilikdə, avqust səfəri və imzalanan mühüm sənədlər Azərbaycan və ABŞ arasında çoxməzmunlu yol xəritəsini, əməkdaşlığın konkret istiqamətlərini müəyyən etdi.

Azərbaycan regionda və qlobal miqyasda etibarlı enerji dövləti kimi yeni tərəfdaşlarla birgə enerji ailəsinin cərgəsini genişləndirir. Cənab Prezidentin vurğuladığı kimi hazırda Azərbaycan 14 ölkəyə təbii qaz ixrac edir və boru kəməri vasitəsilə qaz təmin edən ölkələrin sırasında dünyada birinci yeri tutur. Qazın nəql edildiyi 10 Avropa dövləti sadiq tərəfdaşlığımızı unutmur, Avropa Komissiyası Azərbaycanı Pan-Avropa enerji təchizatçısı adlandırır.

Azərbaycan ona uzanan ümidləri yaxın dost kimi müsbət həll edir, Suriyanın enerji təchizatı, infrastrukturun inkişafı və münaqişədən sonra yenidənqurma işlərinə diqqət yetirərək ikitərəfli tərəfdaşlığı gücləndirib.

Dövlətimizin başçısı Azərbaycanın təkbaşına iqtisadi iradəsi və maliyyə qüdrəti hesabına azad ərazilərdə aparılan “Böyük Qayıdış” Proqramı çərçivəsində nəhəng quruculuq missiyasına da nəzər salaraq bölgədə 50 mindən çox insanın yaşadığına da toxundu. Bu mesaj isə dünya birliyinə bölgənin geniş iqtisadi imkanlar və sərmayə zonasına çevrildiyini təqdim etməklə, yeni investisiya layihələrinə çağırış kimi səciyyələndirilə bilər.

Azərbaycan Prezidenti çıxışı zamanı beynəlxalq ictimaiyyətin ən həssas nöqtələrindən biri olan iqlim fəaliyyətlərinə də diqqət çəkərək ötən il keçirilən COP29-un bütün tərəflər üçün ədalətli, xüsusən də inkişaf etməkdə olan ölkələrin ehtiyaclarını təmin edən nəticəəsaslı konkret sazişlərin imzalanmasını tarixi nailiyyətlər kimi dəyərləndirdi. Uğurlu təşkilatçılığın nəticəsində iqlim fəaliyyəti, “yaşıl keçid” və maliyyəyə ədalətli çıxış məsələlərində mühüm nəticələr əldə edildiyini diqqətə çatdırdı.

Hazırda Azərbaycan bölgənin lider dövləti kimi regional bağlantılar və iqtisadi inkişafla əlaqəli təşəbbüslərini davam etdirir. “Yaşıl keçid”ə sadiq qalaraq günəş, külək və su elektrik enerjisi və digər enerji mənbələrinə böyük sərmayələr cəlb edir. Eyni zamanda, Avrasiyanın yeni nəqliyyat xəritəsini formalaşdıran Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin infrastrukturlarını müasirləşdirir, Orta Dəhlizlə yükdaşımaların həcmini artırır, tərəfdaşları ilə birgə rəqəmsal bağlantıları əlaqələndirir, ölkəmiziregional rəqəmsal mərkəzə çevirəcək “Rəqəmsal İpək Yolu” kimi strateji əhəmiyyətli layihəni icra edir.

Son beş ildə Azərbaycan tamamilə yeni bir dövrə qədəm qoyub, həm müharibədə qələbəni, həm də sülhü qazanıb. Bu nailiyyətlər inkişaf sütunlarını daha da möhkəmləndirib, yoxsulluq və işsizlik tarixi minimum həddə – 5%-ə endirilib, qlobal mühitdə heç kimdən asılı olmayan və maliyyə institutları qarşısında bütün öhdəliklərini nümunəvi yerinə yetirən ən az borca malik dövlətə çevrilib. Bu, möhtəşəm iqtisadi kursun nəticəsidir ki, xarici borcumuz ÜDM-in cəmi 6,5%-ni təşkil edir ki, bu isə dünyada ən aşağı göstəricilərdən biridir.

Azərbaycanın valyuta ehtiyatları xarici borcumuzdan təxminən 16 dəfə artıqdır. Dövlətimiz bölgədə ən münbit və sağlam investisiya mərkəzidir. Bunu Azərbaycanın investisiya reytinqini artıran “Moody’s” və “Fitch” kimi aparıcı beynəlxalq reytinq agentliyinin rəyləri də təsdiqləyir.

Bütün bu amillər regionda yeni geosiyasi-iqtisadi çağırışlar formalaşdıran, bölgənin təhlükəsizlik və sabitlik arxitekturasını möhkəmləndirən Azərbaycanın qlobal Qərb və Şərqlə inteqrativ inkişaf bağlantılarını daha da gücləndirəcək. Bu baxımdan Azərbaycan Prezidentinin BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxışı zamanı səsləndirdiyi mühüm fikirlər də məhz beynəlxalq arenada etibarlı və layiqli tərəfdaş olan Azərbaycanın müasir gündəliyinin təqdimatı kimi səciyyələndirilə bilər.

Ramid Namazov

Milli Məclisin deputatı