

Cavanşir Feyziyev: “Daimi sülhün təmin olunması üçün çox işlər görülməlidir”
“Ermənistan baş nazirinin AŞPA-dakı çıxışında səsləndirdiyi fikirlərlə razılaşmamaq mümkün deyil. Doğrudan da, sülh sadəcə hər hansı sənədin üzərində atılan imzadan ibarət deyil”.
Bu fikri “Xalq Cəbhəsi”nə açıqlamasında deputat Cavanşir Feyziyev deyib.
O, bildirib ki, istənilən bölgədə daimi sülhün təmin olunması üçün çox işlər görülməlidir: “Dövlətlər öz siyasətlərini sülh yaradıcılığı istiqamətində, beynəlxalq hüquq normalarına uyğun formada tənzimləməli, sülhə mane ola biləcək daxili və xarici amilləri neytrallaşdırmalı, qarşılıqlı etimadın gücləndirilməsi üçün ölkələr arasında hərtərəfli əməkdaşlıq istiqamətində əməli addımlar atmalıdırlar.
Bu baxımdan, Ermənistanın gündəliyində Zəngəzur dəhlizinin açılması, qonşu ölkələrə qarşı iddiaların Konstitusiyadan çıxarılması və 80-ci illərdə öz evlərindən qovulmuş, qanunsuz olaraq əmlak və vətəndaşlıq hüquqlarından məhrum edilmiş türk əsilli Ermənistan vətəndaşlarının hüquqlarının bərpa edilməsi kimi vacib məsələlər var”.
Millət vəkili qeyd edib ki, sülhə sadiqliyin göstəricisi Baş nazirin çıxışında ifadə olunmuş fikirlərin Ermənistan hökumətinin xarici və daxili siyasət doktrinasında və sülh yaradıcılığı istiqamətində atılan əməli addımlarda öz əksini tapması olacaq.
Günel Elxan