Müsabiqə qalibi olan gənc rəssamın fərdi sərgisi açılıb Mədəniyyət

Müsabiqə qalibi olan gənc rəssamın fərdi sərgisi açılıb

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında gənc istedadlar müsabiqəsinin qalibi olan gənc rəssam Fatimə Babazadənin fərdi sərgisi açılıb.

MKS-dən AZƏRTAC-a bildirilib ki, sərgidə gənc rəssamın çəkdiyi “Göygöl”, “Günəşin qürubu” “Ağ yelkənli gəmi”, “Ovalıq” və s. rəsmləri nümayiş olunur. “Trio qızlar” əsəri böyük maraq doğurur. Burada insan, xəyallar, insanın ruhani halı əks olunur. Rəssamın Van Qoqun motivləri əsasında çəkdiyi rəsmlər özünəməxsusluğu ilə seçilir. Sərgidə nümayiş olunan “Xarıbülbül” əsəri də Van Qoq stilindədir.

Sərgi 2 ay davam edəcək.

Qeyd edək ki, gənc rəssam Fatimə Babazadə 132-134 nömrəli Təhsil Kompleksinin 11-ci sinif şagirdidir. O, yeddi yaşından rəsmlə məşğul olmağa başlayıb və Vaqif Mustafazadə adına 2 nömrəli Uşaq İncəsənət Məktəbini bitirib. Daha çox fəlsəfi janrda şəkillər çəkən rəssam insanla təbiətin harmoniyasını əks etdirir. F.Babazadə bir çox yerli və beynəlxalq sərgilərdə, o cümlədən COP29-la bağlı sərgidə iştirak edib. Onun “Xarıbülbül” əsəri 2025-ci ildə Londonda keçirilən gənc istedadların “Golden Time Talent” Festivalında 15-17 yaşlılar arasında 2-ci yerə layiq görülüb. Gənc rəssam çoxlu sayda diplom və sertifikatlarla təltif olunub.