“Prezidentin məqsədi ondan ibarətdir ki, Azərbaycan inkişaf etmiş dövlətlər sırasında olsun” Siyasət

“Prezidentin məqsədi ondan ibarətdir ki, Azərbaycan inkişaf etmiş dövlətlər sırasında olsun”

Elman Nəsirov: "Bu hesabatda bir sıra böyük dövlətlər də Azərbaycandan geri qalıb"

Dünya İqtisadi Forumunun "2017-2018 Qlobal Rəqabətlilik Hesabatı"nda Azərbaycanın reytinqdə 37-ci yerdən 35-ci pilləyə yüksəlməsi alqışlanası nəticədir. Bunu millət vəkili Elman Nəsirov deyib. Millət vəkili bildirib ki, bu hesabatda bir sıra böyük dövlətlər də Azərbaycandan geri qalıb: "Məsələn, Rusiya bu hesabatda 38-ci, Türkiyə 53-cü, İran 69-cu mövqedə qərarlaşaraq Azərbaycandan geridədir. Gürcüstan 67-ci, Ermənistan isə bu hesabatda 73-cü yerdədir. Yəni bunlar hamısı onu göstərir ki, Prezident İlham Əliyevin həyata keçirdiyi düşünülmüş iqtisadi islahatlar siyasəti Azərbaycanın mövqeyini beynəlxalq reytinq cədvəlində kifayət qədər möhkəmləndirib". E.Nəsirovun sözlərinə görə, bütün bunlar onu göstərir ki, Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi, onun rəqabət qabiliyyətinin gücləndirilməsi, idxaldan asılılığın zəiflədilməsi, sahibkarlığın inkişafına dəstək, qeyri-neft sektorunun inkişafı ilə bağlı yeridilən siyasət artıq öz bəhrəsini verməkdədir: "İki il əvvəl həmin hesabatda Azərbaycan 40-cı yerdə idi, ötən il bu rəqəm 37 oldu, bu il isə artıq 35-ci yerdəyik. Bu onu göstərir ki, Azərbaycan iqtisadi inkişafda sürətlə irəliləyir. Prezidentin məqsədi ondan ibarətdir ki, Azərbaycan inkişaf etmiş dövlətlər sırasında olsun".
Deputatı Sədaqət Vəliyeva deyib ki, Azərbaycanın inkişafı və nailiyyətləri beynəlxalq səviyyədə yüksək qiymətləndirilir. Onun sözlərinə görə, Dünya İqtisadi Forumunun "2017-2018 Qlobal Rəqabətlilik Hesabatı"nda Azərbaycanın reytinqdə daha iki pillə yüksələrək 35-ci yerdə qərarlaşması bir daha göstərir ki, ölkəmizin inkişafı və nailiyyətləri beynəlxalq səviyyədə yüksək qiymətləndirilir.
Millət vəkili qeyd edib ki, Azərbaycanın MDB-də liderliyini qoruması, İtaliya, Rusiya, İndoneziya, Hindistan, Türkiyə, Cənubi Afrika Respublikası kimi ölkələri də iqtisadiyyatın rəqabət qabiliyyəti indeksinə görə qabaqlaması sübut edir ki, respublikamız rəqabətqabiliyyətli iqtisadiyyata malik ölkəyə çevrilib: "Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə reallaşdırılan sosial-iqtisadi islahatların nəticəsində iqtisadiyyat liberallaşdırılır, şaxələndirilir. Bunun nəticəsi olaraq, kiçik və orta sahibkarlıq inkişaf edir, qeyri-neft sektorunun ümumi daxili məhsulda çəkisi getdikcə artır, ölkə iqtisadiyyatına daha çox daxili və xarici sərmayələrin cəlb edilməsi üçün əlavə imkanlar yaradılır". S.Vəliyeva əmin olduğunu deyib ki, Azərbaycan bundan sonra da dinamik inkişafını davam etdirərək, beynəlxalq hesabatlarda irəliləyəcək.