“İsrailin mövqeyi dəyişməzdir” Siyasət

“İsrailin mövqeyi dəyişməzdir”

Aviqdor Liberman: "Azərbaycanla münasibətlər bizim üçün çox böyük önəm daşıyır"

İsrailin müdafiə naziri Aviqdor Liberman deyib ki, onun ölkəsi erməni soyqırımını Azərbaycana görə tanımır. RTVI telekanalına müsahibə verən Liberman jurnalistin "Bəzi qurumlar Türkiyəyə təzyiq etmək məqsədilə İsraili "erməni soyqırımını" tanımağa çağırırlar. Siz bu məsələyə necə baxırsınız?" sualına cavab verərkən deyib ki, bu, hər şeydən əvvəl, tarixi, nəzəri, mübahisəli məsələdir.
"Mən düşünmürəm ki, bu, İsrailin bugünkü mövqeyinə təsir edən məsələdir. "Erməni soyqırımı" ilə bağlı İsrailin mövqeyi dəyişməzdir" - deyə Liberman bildirib.
Aparıcının "Bu, İsrailin Bakı ilə münasibətləri nöqteyi-nəzərindən belədir?" sualına cavabında müdafiə naziri deyib: "Əvvəla, daha çox o nöqteyi-nəzərdən ki, bu məsələ ilə bağlı çoxlu mübahisələr var, tarixi baxımdan çox suallar doğurur. İkincisi, Azərbaycanla, Bakı ilə münasibətlər bizim üçün çox böyük önəm daşıyır. Üçüncüsü, biz daha çox konkret məsələlərə baxmalıyıq".
Xatırladaq ki, Liberman lap əvvəldən İsrail-Azərbaycan əlaqələrinin inkişafına təkan verənlərdən olub. Məhz onun sayəsində İsrail siyasətinin üzünü Bakıya tərəf çevirmək mümkün olub.