“Azərbaycan artıq hücum taktikasından istifadə etməlidir” Siyasət

“Azərbaycan artıq hücum taktikasından istifadə etməlidir”

Elman Məmmədov: "Beynəlxalq məhkəmələr qarşısında məsələ qaldırmalıyıq"

"Azərbaycan artıq 25 ilə yaxındır ki, qarayaxma kampaniyaları ilə qarşı-qarşıyadır. Yəni ölkəmizdə mühüm ictimai, siyasi, beynəlxalq tədbirlər və ya seçki prosesləri ərəfəsində Azərbaycana qarşı belə kampaniyalar başlayır. Bu kampaniyaların haradan, kimlər tərəfindən və ya nə məqsədlə qaynaqlandığı hər kəsə məlumdur". Bunu deputat Elman Məmmədov deyib. Onun sözlərinə görə, ölkəmizi sevməyən qüvvələr Azərbaycandan nəsə qopartmaq, ölkəmizə öz xeyirlərinə olan məsələyə görə təzyiq etmək üçün vaxtaşırı belə kampaniyalara əl atmağa çalışırlar: "Lakin onların cəhdləri heç bir nəticə vermir. Əksinə Azərbaycan gündən-günə özünün dövlətçiliyini möhkəmləndirir, daxili, iqtisadi sabitliyini inkişaf etdirir, dünyada öz hörmətini, nüfuzunu artırır, daha da güclənir. Ölkəmiz mühüm nəqliyyat şəbəkəsinə çevrilməklə yanaşı, enerji təhlükəsizliyi təminatçısı, regionun lider dövlətidir. Azərbaycan güclü iqtisadiyyata və orduya malikdir".
Ölkəmizin qarayaxma kampaniyalara qarşı ayıq-sayıq olduğunu deyən deputat bildirib ki, Azərbaycan onu sevməyən qüvvələrin, düşmənlərinin olduğunu bilir: "Bunların qarşısını almaq mümkün deyil, lakin Azərbaycan onlarla çox güclü mübarizə aparır. Çünki belə qüvvələri özbaşına buraxmaq olmaz".
Azərbaycanla korrupsiya əlaqələrində ittiham olunan AŞPA-da Avropa Xalq Partiyası deputatlar qrupunun sədri olmuş Luka Volonte barədə İtaliyanın Milan məhkəməsinin bəraət qərarını şərh edən E. Məmmədov söyləyib ki, Azərbaycan bununla kifayətlənməməli, ölkəmizə qarşı şər böhtan kampaniyası yaranlara qarşı məhkəmə iddiası qaldırmalı, onların beynəlxalq hüquq qarşısında cavab vermələrini tələb etməliyik.
Azərbaycan artıq hücum taktikasından istifadə etməlidir. Bu məsələlər kimlər tərəfindən qaynaqlanırsa, biz onlar haqqında beynəlxalq hüququn qaydalarına əsaslanıb, beynəlxalq məhkəmələr qarşısında məsələ qaldırmalıyıq. Bəlkə bundan sonra onlara bir dərs olar".
E.Məmmədovun sözlərinə görə, avropalı deputatın əli ilə həyata keçirilən qarayaxma kampaniyasında maraqlı olan mənbələr var: "Belə deputatlar maddi maraqlar və ya digər məsələlərin qarşılığında şirnikləşdirilərək ortaya atılır. Bunların heç biri əsassız deyil, məqsədli və müəyyən qurumlar tərəfindən xüsusi proqram əsasında hazırlanan, maliyyələşdirilən kampaniyalardır. Onlar tək Azərbaycana qarşı deyil, digər ölkələrə qarşı da aparırlar. Kamanda hansı tərəfə verilsə, onlar həmin tərəfə istiqamətlənirlər. Onları muzdlu diplomat adlandırsaq daha düzgün olar".
Politoloq Ramiz Alıyev isə bildirib ki, ümumiyyətlə, bu halın ilk və son olacağını düşünmürəm: "Ona görə ki, lobbilərin təsirində olan bu cür təşkilatlar və komissiyalar hər vəchlə çalışırlar ki, Azərbaycanın imicinə zərər vursunlar".
Politoloq qeyd edib ki, müəyyən yollarla ələ ala bildikləri siyasətçilər vasitəsilə bəyanatlar səsləndirmək və ölkəmizə qarşı qarayaxma kampaniyası aparmaq bəzi qüvvələrin məkrli siyasətinin bir parçasıdır.
R. Alıyev əlavə edib ki, ancaq həmin qüvvələrin istəklərini yerinə yetirməyərək obyektiv şəkildə Azərbaycana sevgisini bəyan edən siyasətçilərə də bu və ya digər formada təsir etməyə cəhd edirlər: "Düşünürəm ki, Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun dediyi kimi, artıq bu cür təşkilat və komissiyalara lazımi formada hüquq müstəvisində cavab verilməlidir. Onların bəzi lobbi təşkilatlarının təsir dairəsində olduqları bəyan edilməlidir".
R. Alıyev vurğulayıb ki, kimliyindən və hansı təşkilat olmasından asılı olmayaraq Azərbaycan əleyhinə qarayaxma kampaniyası aparan hər kəsə, təşkilatlara qarşı hüquq müstəvisində adekvat cavab verilməlidir: "Hesab edirəm ki, bu qarayaxma kampaniyası yalnız Azərbaycan dövlətinə və hansısa bir dövlət orqanına deyil, bütövlükdə Azərbaycan xalqına qarşı aparılır. Bu kampaniyaların başında erməni lobbisi və onun maliyyəsi ilə hərəkət edən təşkilatlar dayanır".