16:11
168
“İrlandiyanın paytaxtı Dublin şəhərində keçirilən “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısında iştirak edən Azərbaycan Prezidenti kifayət qədər mühüm görüşlər keçirdi. Görüşlərdə Azərbaycanın mövqeyi, eyni zamanda, regiondakı geosiyasi və geoiqtisadi vəziyyət xüsusi müzakirə olunub”.
Bu fikirləri xalqcebhesi.az-a Milli Məclisin deputatı Vüqar Bayramov deyib.
V.Bayramov qeyd edib ki, Azərbaycanla Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq anlaşması imzalanıb: “Praktik olaraq bu, ondan xəbər verir ki, cənab Prezidentin Dublin səfəri Azərbaycanla bütövlükdə Avropa İttifaqı arasında münasibətlərdə yeni bir mərhələ açacaq. Avropanın ən güclü dövlətlərindən olan Böyük Britaniya ilə strateji tərəfdaşlığa malik olmaq həm də həmin ölkədən və bütövlükdə Avropadan Azərbaycana daha çox texnologiya və innovasiyanın cəlb edilməsinə imkan yaradacaq. Bu, təbii ki, Azərbaycanın qeyri-neft-qaz sektorunun inkişafı baxımından yeni imkanlar deməkdir”.
“O baxımdan Azərbaycan Prezidentinin “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısında iştirakı bir tərəfdən Azərbaycanın regional və qlobal məsələlərlə bağlı mövqeyinin bir daha təqdim olunmasına, digər tərəfdən isə Azərbaycanın strateji tərəfdaşlığa malik olduğumuz və eləcə də regionda xüsusi mövqeyə malik olan dövlətlərlə münasibətlərinin daha da dərinləşməsini gətirib çıxaracaq” - deyə deputat vurğulayıb.
Röya İsrafilova