Kino Mərkəzinin divarlarına qraffiti çəkən əcnəbinin məhkəməsinin vaxtı məlum oldu Hadisə

Kino Mərkəzinin divarlarına qraffiti çəkən əcnəbinin məhkəməsinin vaxtı məlum oldu

Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkən Belarus vətəndaşı Ardeshir Seyfpour Saad Abadinin cinayət işi üzrə məhkəmənin vaxtı məlum olub.

Cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Babək Pənahovun sədrliyi ilə baxılacaq.

Məhkəmənin hazırlıq iclası noyabrın 25-nə təyin edilib.

İttihama görə, Belarus vətəndaşı Ardeshir Seyfpour Saad Abadin barəsində Cinayət Məcəlləsinin 246.4.3-cü ( Mədəni sərvətləri qəsdən korlama və ya məhv etmə, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Qeyd edək ki, bu ilin aprelin 1-dən 2-nə keçən gecə Bakı şəhəri, Bülbül prospekti 20 ünvanında yerləşən ölkə əhəmiyyətli memarlıq abidəsi (123 inventar nömrəli) olan Nizami Kino Mərkəzinin binası naməlum şəxs və ya şəxslər tərəfindən müdaxiləyə məruz qalıb. Həmin şəxslər binanın fasadına boya vasitəsilə cızma-qara edib, müxtəlif söz və ifadələr yazıblar.

Əməli törədən Ardeshir Seyfpour Saad Abadi olduğu müəyyənləşib. O, 2006-cı ildə İranda anadan olub və 2024-cü ilin sentayabrın 1-dən Azərbaycanda yaşayır, ADA Universitetinin II kurs tələbəsi olub.

Bundan əlavə onunla birlikdə həmin əməli törətməkdə daha 3 məkətəblinin də olması müəyyən edilib.

Bunlar 2009-cu ildə Bakı şəhərində anadan olmuş, “Landau School”un 11-ci sinif şagirdi Bərxudayeva Münəvvər Taleh qızı, 2010-cu ildə Bakı şəhərində anadan olmuş, “Landau School”un 10-cu sinif şagirdi Muradi Layla Samir qızı, 2010-cu ildə Bakı şəhərində anadan olmuş, 10 nömrəli məktəbin 9-cu sinif şagirdi Qaraşlı Şəfiqə Farid qızıdır.