Tərcümə Mərkəzinin vəsaitinin Yazıçılar Birliyinə qaytarılması təklif olundu Mədəniyyət

Tərcümə Mərkəzinin vəsaitinin Yazıçılar Birliyinə qaytarılması təklif olundu

“Vaxtilə Yazıçılar Birliyinə sədr seçiləndən sonra, çox böyük çətinliklə də olsa, məlum oldu ki, biz Tərcümə Mərkəzi yaradırıq. Bu Tərcümə Mərkəzi dünya dillərindən Azərbaycan dilinə, Azərbaycan dilindən isə dünya dillərinə kitablar tərcümə edirdi.

Amma birdən mənə məlum olmayan səbəblərə görə Tərcümə Mərkəzini dağıtdılar və ayrıca bir qurum yaratdılar. Buna sözüm yoxdur, ayrıca bir qurum da olsun. Amma biz hər halda bu Tərcümə Mərkəzini saxlamaq istəyirdik”.

Bu sözləri Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayev “Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışından irəli gələn prioritetlər: Mədəniyyətlərarası dialoq və Azərbaycanın mədəni diplomatiyası” mövzusunda keçirilən ictimai müzakirədə deyib.

“Mən onu demək istəyirəm ki, bu Tərcümə Mərkəzi yaradılmışdı və çox yaxşı fəaliyyət göstərirdi. Hər halda, onun fəaliyyətini yüksək qiymətləndirirəm. Bir gün isə onu bağladılar.

Məsələ burasındadır ki, həmin təşkilat yarananda onun maliyyəsi də Yazıçılar Birliyinə ayrılmış büdcədən götürüldü. Yəni Yazıçılar Birliyinə ayrılan vəsait həmin təşkilata yönəldildi.

İndi mən dəfələrlə müraciət etmişəm ki, heç olmasa, həmin büdcədən vəsait bizə qaytarılsın. Milli Məclisin Mədəniyyət komitəsinin sədrinə və deputatlarımıza müraciət edirəm ki, bu məsələdə bizə kömək etsinlər. Tərcümə Mərkəzinə aid olan vəsaitin Yazıçılar Birliyinə qaytarılmasıdır. Çünki tərcümə işi bu gün bizim ən vacib işlərimizdən biridir”, - AYB sədri vurğulayıb.