“Azərbaycanın Balkan dövlətləri ilə çox geniş əməkdaşlıq perspektivləri var” Siyasət

“Azərbaycanın Balkan dövlətləri ilə çox geniş əməkdaşlıq perspektivləri var”

“Azərbaycan-Monteneqro əlaqələrinin inkişafı əsas etibarilə ölkəmizin Balkan dövlətləri ilə əməkdaşlığı çərçivəsində qiymətləndirilməlidir. Son zamanlarda Azərbaycanın Balkan dövlətləri ilə çox geniş əməkdaşlıq perspektivləri var, qarşılıqlı səfərlər baş tutur, eyni zamanda, Azərbaycan Balkan ölkələri ilə xüsusilə enerji sahəsində çox geniş əməkdaşlıqlar həyata keçirir”.

Bunu xalqcebhesi.az-a siyasi ekspert Zeynal Əmrəliyev deyib.

Z.Əmrəliyev əlavə edib ki, Monteneqro da bu baxımdan xüsusi əhəmiyyətə malik olan ölkədir: “Monteneqro Avropanın, Balkanların demək olar ki, ən sakit ölkələrindən biridir. Gözəl investisiya imkanlarına malik olan ölkədir və ölkələrimiz arasında çoxdandır ki, tarixi münasibətlər var. Azərbaycan və Monteneqro arasında 2008-ci ildən diplomatik münasibətlər qurulub. Bu müddət ərzində də dəfələrlə qarşılıqlı səfərlər olub. Monteneqronun baş nazirinin Azərbaycana səfəri, həmçinin gələn il bu ölkənin prezidentinin Azərbaycana səfəri planlaşdırılır. Bu, əlbəttə ki, yeni-yeni əməkdaşlıq layihələrinin həyata keçirilməsi, xüsusilə də genişmiqyaslı investisiya layihələrinin inkişafında çox gözəl imkanlar açır”.

Ekspert söyləyib ki, rəsmi Bakı da bu əlaqələrin inkişafında maraqlıdır: “Azərbaycan dəfələrlə Balkan ölkələrinin etibarlı enerji tərəfdaşı olduğunu göstərib. Bu ölkələrin də ölkəmizə marağı var. Bu baxımdan Azərbaycan-Monteneqro əlaqələrinin inkişafı məhz rəsmi Bakının Balkanlarda həyata keçirdiyi siyasətin bir növ tərkib hissəsi kimi dəyərləndirilə bilər. Xüsusilə də nəzər yetirilməli olan əsas məsələ budur ki, son zamanlarda Monteneqroda çalışan azərbaycanlılar da var, orada təhsil alan azərbaycanlı tələbələr də var. Yəni Monteneqro azərbaycanlıların Avropada yaxşı tanıdığı ölkələrdən biridir və bu baxımdan düşünürəm ki, təkcə dövlətlər arasında yox, xalqlar arasında da münasibətlərin inkişafı üçün gözəl perspektivlər var”.

Röya İsrafilova