12:57
210
“Dövlət idarəçiliyində şəffaflığın təmin edilməsi, korrupsiya risklərinin azaldılması və vəzifəli şəxslərin məsuliyyətinin artırılması baxımından “Maraqlar toqquşması haqqında” qanun layihəsi mühüm əhəmiyyət daşıyır”.
Xalqcəbhəsi.az xəbər verir ki, bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri, deputat Arzu Nağıyev parlamentin bugünkü plenar iclasında “Maraqlar toqquşması haqqında” qanun layihəsinin birinci oxunuşda təqdimatı zamanı deyib.
Deputat bildirib ki, maraqların toqquşması dövlət vəzifəsini həyata keçirən şəxsin şəxsi maraqları ilə xidməti vəzifələri arasında ziddiyyət yarandıqda və ya belə bir ziddiyyətin yaranması ehtimalı olduqda meydana çıxır.
Onun sözlərinə görə, maraqların toqquşması ilə korrupsiya eyni anlayışlar deyil:
“Maraqların toqquşması özlüyündə hər zaman cinayət demək deyil. Lakin onun düzgün idarə olunmaması korrupsiya üçün əlverişli şərait yarada bilər. Məhz buna görə də belə halların vaxtında müəyyən edilməsi və qarşısının alınması dövlət idarəçiliyinin mühüm elementlərindən biri olmalıdır”.
A.Nağıyev qanun layihəsinin əsas istiqamətlərinə toxunaraq maraqların toqquşmasının əhatə dairəsinin dəqiq müəyyən edilməsinin, şəxsi maraqların vaxtında bəyan olunması mexanizminin yaradılmasının, bu halların həlli yollarının və nəzarət mexanizmlərinin aydınlaşdırılmasının vacibliyini vurğulayıb.
O qeyd edib ki, qanunun tələblərinin pozulmasına görə məsuliyyət mexanizmləri aydın və proporsional olmalıdır. Eyni zamanda, qəsdən gizlətmə ilə bilmədən yaranmış və vaxtında açıqlanmış vəziyyətlər fərqləndirilməlidir.
Deputatın fikrincə, heç bir şəxs yalnız şübhə və ya təsdiqlənməmiş məlumat əsasında təqsirli hesab edilməməli, araşdırmalar obyektiv aparılmalı və şəxslərin hüquqları qorunmalıdır.
Komitə sədri qanun layihəsinin hazırlanması zamanı beynəlxalq təcrübə ilə yanaşı, Azərbaycanın hüquq sisteminin xüsusiyyətlərinin və mövcud idarəetmə mexanizmlərinin də nəzərə alınmasının vacibliyini diqqətə çatdırıb.
O bildirib ki, qanunun qəbulundan sonra dövlət qurumlarının əməkdaşları üçün maarifləndirmə işlərinin aparılması, təlimlərin təşkili və praktiki metodiki tövsiyələrin hazırlanması da mühüm əhəmiyyət daşıyır.
“Dövlət vəzifəsi şəxsi maraqların təmin edilməsi vasitəsi deyil, cəmiyyətə xidmət məsuliyyətidir. Hər bir vəzifəli şəxs qərar qəbul edərkən şəxsi münasibətlərini və maraqlarını deyil, qanunu və ictimai mənafeyi əsas götürməlidir”, – deyə Arzu Nağıyev vurğulayıb.
Günel Elxan
11:42
434
11:36
497
11:30
1 064