“Suriyada daha çox İsrail və İranın qarşıdurması özünü göstərir” Siyasət

“Suriyada daha çox İsrail və İranın qarşıdurması özünü göstərir”

"Son zamanlar Suriyada daha çox İsrail və İranın qarşıdurması özünü göstərir. Amma bəllidir ki, orada İran tək deyil. Türkiyə, Rusiya, ABŞ da bu poliqondadır". Bu fikirləri politoloq, hüquq professoru Rüstəm Məmmədov Suriyada baş verən son olayları şərh edərkən deyib. Ekspertin sözlərinə görə, hazırda Suriyada hərbi iştirakçılığı olan dövlətlərin biri-biri ilə rəqabəti nüfuz savaşından irəli gəlir: "Daha böyük aqressiya İsrail və İran arasında yaşanır. Əslində biri-birindən qorxan dövlətlər də elə onlardır. Ancaq müşahidələr deməyə əsas verir ki, Suriyada xarici qüvvələr arasında daha çox üstün mövqe Rusiya və Türkiyəyə məxsusdur. İran onlardan sonra gəlir".
Rusiya və İsrail arasında məxfi danışıqlar və İranın Suriyada hərbi iştirakçılığının zəiflədilməsinə dair razılığın əldə edildiyini xatırladan Rüstəm Məmmədovun fikrincə, bu, son dərəcə ciddi məsələdir: "Rusiya təbii ki, Suriyada mövqelərini qorumaq niyyətindədir. Bu səbəbdən manevrlər həyata keçirir. Düzdür, İran Suriyada Rusiyanın müttəfiqi kimi çıxış edir. Amma dövlətin özünün şəxsi marağı olan yerdə müttəfiq məsələsi ikinci planda olur".
Rüstəm Məmmədov qeyd edib ki, ABŞ Administrasiyasının yeni Yaxın Şərq siyasəti hələ də formalaşdırılmayıb: "Donald Tramp hakimiyyətə gələndə ehtimal olunurdu ki, yeni iqtidar tezliklə Yaxın Şərq siyasətini hazırlayacaq. Ancaq məlum olur ki, ABŞ-ın Yaxın Şərqlə bağlı düz-əməlli siyasəti yoxdur, ümumiyyətlə bu siyasətin nədən ibarət olduğu bəlli deyil. Gah Səudiyyə Ərəbistanı ilə oynayır, gah Suriyaya hava zərbələri endirir, gah da kürdlərə "stavka" edir Bütün bunlar ABŞ-ın Yaxın Şərqlə bağlı stabil mövqeyə malik olmadığının göstəricisidir".
Professora görə, Suriyada dünyanın böyük dövlətləri biri-birinə qarşı hərbi güc tətbiq edə bilər: "Belə bir ehtimal var... Bəzən deyilir ki, Suriyadan bəhanə kimi istifadə edən ABŞ İranı vuracaq. Mən bu fərziyyəni ciddi saymıram. Hesab edirəm ki, İranı vurmaq ABŞ üçün asan deyil. Nəzərə alınmalıdır ki, İranın arxasında Rusiya dayanır.
Rusiya və İran arasında 1921-ci il sazişi qüvvədədir. Bu sazişə görə, təhlükə yaranarsa, Rusiya öz qoşunlarını İran ərazisinə yeridə bilər. Və yaxud Rusiya belə situasiya zamanı aktiv iştirakçıya çevrilə bilər.
Bu mənada ABŞ İranı vursa, bu, faktiki olaraq Rusiya ilə üz-üzə gəlməkdir. Fikrimcə, indiki halda buna Donald Trampın iradəsi çatmaz".