Əgər Ermənistan Qərb kursunu seçərsə... Siyasət

Əgər Ermənistan Qərb kursunu seçərsə...

Ermənistanın hazırkı hakimiyyətinin tamamilə Qərb dairəsinə keçməsi və bundan bölgədə plasdarm kimi Rusiya, İran, Türkiyə və Azərbaycanın əleyhinə istifadə imkanları əlbəttə ki, mövcuddur.
Bu sözləri tanınmış rusiyalı analitik və tarixçi alim Oleq Kuznetsovun məqaləsini şərh edən millət vəkili Zahid Oruc deyib. O bildirib ki, ermənilər on illərdir dünya miqyasında səpələndikləri üçün mühüm idarəetmə, siyasi, həmçinin, maliyyə mövqeləri qazanıblar:
"Bu o deməkdir ki, onlar dövlətlərə təsir edə bilirlər və nəticə etibarilə bu hər bir ölkə bu faktorla hesablaşmağa vadar olur. Bəzən ABŞ-ın marağı ilə, onun içərisində yer alan iri diaspor mərkəzləri, lobbi qruplaşmalarının mənafelərinin necə çulğalaşdığını görə, yaxud onları bir-birindən ayrıla bilmirsən. Çünki həqiqətən də üst-üstə düşmələr və bir-birindən fərqli maraqlar halında qarşında real olaraq güclü dövlətlərin hərəkətlərini görürsən və necə müqavimət göstərəcəyini bilmirsən. Faktiki olaraq bu gün İrəvanda hakimiyyətin dəyişməsi ilə oraya gələn geosiyasi təsir nə ola bilər? Şübhəsiz ki, o xalqın içərisində Qərb dövlətləri işləyirdi, elitanı və əsas iqtisadi mərkəzləri isə Rusiya almışdı, ona görə də belə bir qəribə ikihakimiyyətlilik durumu mövcud idi. İndi birdən-birə əsas çarxlar Avropa dövlətlərinin və Atlantik okeanının o tərəfindən dünya idarəçiliyini həyata keçirən ABŞ-ın əlinə keçsə, o zaman bunun daha çox Moskvanın maraqlarına zərbə olacağı fikri hasil olur. Bunun da nəticəsi İran və Rusiyanı narahat edəcək deyə, o andan artıq Moskvanın bütün siyasi, hərbi gücü bizim tərəfimizdə olar. Yaxud da ikinci variant ondan ibarətdir ki, Ermənistanın ümumiyyətlə müstəqilləşməsi mümkündür. İlk baxışda hamı bunun işin faydasına olacağını deyə bilər. Yəni bu ölkənin ön cəbhə statusunda fəaliyyət aparması bölgədəki təhlükəsizliyə, iqtisadi əlaqələrə və siyasi münasibətlərə zərbə vurur. Bu ölkənin ümumi davranışlarının dəyişdiyini, artıq müstəqil bir xarici siyasətini yönləndirdiyini görsək, bu, bəlkə də müxtəlif problemlərin, hətta Qarabağ məsələsinin çözümündə rol oynaya bilər. Ancaq bizə bəllidir ki, bu, sadəcə illüziyadır. Ermənistan bütün hallarda bir qüvvənin himayəsindən çıxıb digərinə düşə bilər. Lakin sona qədər onu saxlamaq da qeyri-realdır".
Millət vəkili hesab edir ki, hazırkı dövrdə Putinin səbri bu qərbpərəstlərin hakimiyyət məsuliyyətinin altında əzilib yox olmasına, siyasi vitrini tərk etməsinə yönəlib:
"Hətta xatırlayısınızsa, 90-cı illərdə Xalq Cəbhəsinin hakimiyyətə gəlməsi belə bir versiya üzərində qurulmuş və Rusiya sonda buna ona görə razı olmuşdu ki, bu istək xalqın canından çıxsın, yəni bütün o müqəddəs arzular sarsılsın. Beləliklə, insanlar görsün ki, meydanda uca səslə şüarlar söyləyənlər iqtidara çevriləndə nə qədər yarıtmaz olurlar. İndi də həmin səhnəni bu dəfə Qərbin işarəsi ilə qonşu ölkədə görməkdəyik. Ona görə də fikrilərinə, ideyalarına, yanaşma və təhlillərinə hər zaman hörmətlə yanaşdığım Kuznetsovun bu mövqeyini gücləndirmək istəyirəm ki, qarşıdakı dönəmdə Ermənistanla münasibətlərin yaxşılaşdırılması üçün Türkiyəyə təzyiqlər müəyyən qədər artacaq. Bu isə özlüyündə Azərbaycanla münasibətlərin müəyyən qədər zədələnməsinə xidmət edə, həmçinin, İsrailin İrəvan üzərindən İrana qarşı mübarizəsini dərinləşdirə bilər. Belə ehtimallar da var ki, qarşıdakı dövrdə Tehran-İrəvan münasibətləri pisləşəcək. Bütün bunlar o deməkdir ki, bölgədəki əvvəlki paradiqmalar dəyişir. Biz görürük ki, geosiyasi matritsada müəyyən yeniləşmələr var. Hər bir ölkə maksimum dərəcədə bundan faydalanmağa çalışacaq və öz maraqlarını həyata keçirəcək".
Millət vəkili aralıq mərhələləri çıxmaq şərtilə yekunda Ermənistanın Gürcüstan kimi NATO üzvü və Avropa Birliyinin əsas tərəfdaşı olacağına, ABŞ-ın himayədarlığı altında bölgədə saterlik bir ölkəyə çevriləcəyinə inanmadığını deyib:
"Rusiya buna imkan verməyəcək. Çünki bu, avtomatik olaraq Qafqazın itirilməsi anlamına gələ, həmçinin Rusiya və İran arasında Qərbin tam oturuşması demək olar. Hətta açığını deyim ki, Türkiyənin özü də belə stratejiləri mütləq şəkildə əngəlləyəcək. Çünki bu gün Türkiyəyə qarşı ərazi iddialarını daha çox təşviq edən dairələr Qərbdədir. Rusiya heç olmasa, bu məsələdə müəyyən qədər neytral siyasət yürüdür, Ermənistan əlində olsa da, Gümrü hərbi bazasından Türkiyə ilə sərhəd bölgələrini təhdid edən hansısa bir əməliyyat keçirmir. Kremlin strateqləri qətiyyən belə tədbirlərə getməyiblər. Baxmayaraq ki, Stalin dövrünün fərqli bir təcrübəsi var. O vaxtlar müəyyən əhali kütlələrinin köçürülməsi də ona xidmət edirdi ki, Türkiyə birdən o regionlardan bu ərazilərə doğru nüfuz edə və bu millətləri qanadının altına almaq istəyə bilər. Ona görə acarları, abxazları və məhsəti türklərini o ərazilərdən deportasiya edirdilər ki, bu yaxınlıqlar olmasın. İndi axı gerçəklik bundan ibarətdir ki, Avrasiya məkanında müəyyən bir status-kvo formalaşıb. Ermənistanı çıxmaq şərtilə. Ancaq Qərb bu gün məmnuniyyətlə Ermənistandan Türkiyənin əleyhinə istifadə edər, bunun yalnız siyasi addımlarla deyil, hərbi, separatizm, torpaq iddiaları və digər səviyyələrə keçməsini arzulayardı. Ona görə də əlbəttə ki, bölgədəki həssaslığı hamı başa düşür".
Z.Oruc vurğulayıb ki, əgər Ermənistan Qərb kursunu seçərsə, bu, erməni elitasının növbəti dəfə gülləbaran edilməsinə yol aça və İrəvanın Qarabağı itirməsi ilə nəticələnə bilər:
"Yəni Qərb kursunda Qarabağdakı hakimiyyəti və yaxud da işğal reallığını qoruyub saxlamaq mümkün deyil. Rusiya qəti şəkildə 90-cı ildə öz əlləri ilə təslim etdiyi əraziləri ermənilərin özləri ilə götürüb Qərbin koalisiyasında yer almasına və bu regiondan Moskvanın bütünlüyünü və o cümlədən Şimali Qafqaz ərazilərini təhdid etmələrinə imkan verməyəcək. Kim buna dözər?! Yəqin ki, realistcəsinə bu prosesləri təhlil edənlər Qarabağdakı durumun Kremlin iradəsi altında olduğunu, onun istəyindən kənarda bu sistemin çökəcəyini bilirlər. Buna şübhə yoxdur. Bir Paşinyan da Qarabağa gəlsin və oradan ultimatumlar versin ki, artıq ruslar onlara lazım deyil? Ona arxayın olun ki, bu halda Şoyqunun hərbi dəstələri və zərbələri mütləq Xankəndidə ermənilərin başına enəcək. Əslində, çox arzulayıram ki, Qərbin o avantürası Paşinyanın tərəfdarlarının duyumunu işğal etsin və bu, özlüyündə yeni bir dramatik hadisələrin getməsinə imkanlar açsın".
Qeyd edək ki, tanınmış rusiyalı analitik və tarixçi alim Oleq Kuznetsov Vesti.az saytındakı təhlili məqaləsində Rusiyadan qopmaq üçün Nikol Paşinyana 3 ilin bəs edəcəyini qeyd edib. ABŞ-ın "Böyük Ermənistan" ideyasının onun əsas rəqiblərinə, düşmənlərinə və sözəbaxmayan müttəfiqlərinə siyasi təsir aləti kimi lazım olduğunu bildirən analitik bunun nəticəsində Rusiyanın erməni siyasi separatçılığı və gizli terrorçuluğu təhlükəsi ilə, İranın Urmiya, Salmaz və digər şimal-qərb vilayətlərinin, Türkiyənin isə şimal-şərq regionları - Ərzurum və Trabzondan tutmuş, Hakkari və Diyarbəkirin Ermənistanın ərazi iddiaları ilə üzləşəcəyini, Azərbaycanın isə Naxçıvanı itirmək riski qarşısında qala biləcəyini iddia edib.
O.Kuznetsov qeyd edilən təhlükəyə qarşı adçəkilən 4 ölkəni indidən tədbir görməyə çağırıb.