“Qondarma rejimə kənar amillərin təsiri daha güclüdür” Siyasət

“Qondarma rejimə kənar amillərin təsiri daha güclüdür”

Ermənistan son baş verənlərlə öz beynəlxalq imicini dəyişdirməyə çalışdığı kimi, ola bilsin ki, işğalçılıq siyasətinə Qərbdən daha ciddi dəstək almaq üçün işğal altında olan ərazilərdə qondarma demokratik dəyişiklik görüntüsü yaratmağa çalışır.
Bu sözləri Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin (QAFSAM) sədri Araz Aslanlı Xankəndidəki aksiyalara Paşinyanın müraciətindən sonra fasilə verilməsinin səbəblərini şərh edərkən deyib. O bildirib ki, ümumiyyətlə, Ermənistandakı proseslərin Paşinyan və Qarabağ klanı arasındakı mübarizə olduğunu düşünmür:
"Proses bütövlükdə daha mürəkkəb xarakter daşıyır. Bütün bunlar Ermənistanın imici ilə bağlı beynəlxalq mövqeləri öz tərəfinə çəkmək üçün baş verir. Bu istiqamətdə proseslərin getdiyini düşünürəm. Ermənistanın daxilindəki proseslərə təsir edən bütün - istər ölkədaxili, istər ölkə xarici amiləri nəzərə alsaq, görərik ki, burada heç də hər şey Rusiyanı nəzərə alaraq baş vermir".
A.Aslanlının sözlərinə görə, Ermənistan tərəfindən işğal altında saxlanılan bölgələrdəki proseslərin baş verməsi çox təbiidir. Çünki bu insanlar illərdir işğalçı ordunun nəzarəti altında məcburi şəkildə burada saxlanılır. Onların normal həyat sürməsinə, normal fəaliyyət və hərəkət azadlığına imkan verilmir. Ona görə də insanların buna etiraz etməsi normaldır. Amma bu etirazların görüntü məqsədi də istisna edilməməlidir.
Ekspert qeyd edib ki, qondarma rejimə kənar amillərin təsiri daha güclüdür:
"Kənar amillər buradakı prosesin gedişatı ilə nə baş verəcəyini müəyyənləşdirməyə çalışır. Onlar üçün Xankəndidə hansısa mitinqin keçirilməsi gözlənilməz bir şey deyil. Burada müəyyən sürpriz xarakterli addımların qarşısını isə onlar ala bilərlər".
A.Aslanlının sözlərinə görə, Paşinyanla Xankəndində baş verən aksiyaların müəyyən əlaqəsi ola bilər:
"Doğrudur, Paşinyan maraqlıdır ki, burada etirazlar, hansısa dəyişiklik olsun. Amma Paşinyanın maraqlı olması o demək deyil ki, oradakı bugünə qədərki xətt, zorla burada yaşayan insanları nəzarətdə saxlayanlar tamamilə devriləcək və azad bir idarəetmə başlayacaq. Burada mahiyyət dəyişməyəcək".
Qeyd edək ki, Paşinyan Qarabağdakı ermənilərə müraciət edərək, aksiyaların dayandırılmasını istəmişdi. Bundan sonra Azərbaycanın işğal altında olan Xankəndi şəhərində güc strukturlarının istefası tələbi ilə 4 gündür aksiya keçirən ermənilər mitinqlərə fasilə verəcəklərini açıqladı.