Azərbaycan Ukraynanı Cənub Qaz Dəhlizi layihəsində iştiraka dəvət edib Siyasət

Azərbaycan Ukraynanı Cənub Qaz Dəhlizi layihəsində iştiraka dəvət edib

Azərbaycan prezidenti İlham Əliyev Ukraynaya səfər edəcək.
Bu barədə TANAP layihəsinin açılışında iştirak etmək üçün Türkiyədə - Əskişəhərdə səfərdə olan hər iki ölkə prezidentinin ikitərəfli görüşü ilə bağlı Ukrayna prezidentinin mətbuat xidmətinin açıqlamasında deyilir.
Açıqlamada bildirilir ki, tərəflər səfər çərçivəsində keçiriləcək Ukrayna-Azərbaycan Prezidentlər Şurasının 6-cı iclasına hazırlığı müzakirə ediblər. Ölkə başçıları bütün səviyyələrdə Ukrayna-Azərbaycan dialoqunun aktivləşdiyini bildiriblər.
İqtisadi məsələlərə dair Ukrayna-Azərbaycan hökumətlərarası birgə komissiyasının Kiyevdə keçiriləcək iclasına hazırlıq kontekstində ticarət dövriyyəsi ilə bağlı ötən ilin yekunlarına aid rəqəmlərdə nəzərəçarpacaq artımın müşahidə edildiyi qeyd olunub. Prezidentlər hər iki ölkənin suverenliyi və ərazi bütövlüyünə qarşılıqlı dəyişməz dəstəyi vurğulayıblar.
Azərbaycan prezidenti İlham Əliyev Ukraynanı Cənub Qaz Dəhlizi layihəsində iştiraka dəvət edib.
Tərəflər gələcək faydalı əməkdaşlığın Türkiyə-Azərbaycan-Ukrayna formatında da davam etdirilməsinə dair razılıqlarını ifadə ediblər.