“Əgər Paşinyan seçkilərdə qalib gələcəksə...” Siyasət

“Əgər Paşinyan seçkilərdə qalib gələcəksə...”

Azər Qasımlı: "Rus qoşunları Ermənistandan çıxarıla bilər"

"Rusiya qoşunlarının Ermənistandan çıxarılması mümkündür. Amma bunun indiki mərhələdə baş tutacağına inanmıram". Bunu politoloq Azər Qasımlı belə deyib.
Politoloqun qənaətinə görə, Rusiya–Ermənistan münasibətlərinin bundan sonra da gərginləşəcəyi və bölgədə geosiyasi vəziyyətin dəyişəcəyi fonda, İrəvan rus qoşunlarının çıxarılmasına qərar verə bilər:
"Amma payızda Ermənistanda parlament seçkiləri keçiriləcək. Buna görə də, seçkilərdə qalib gəlmək istəyən Nikol Paşinyan hökuməti xarici siyasətə yönəlik radikal addımlar atmayacaq. Əgər Paşinyan seçkilərdə qalib gələcəksə və bundan sonra baş verəcək proseslər geosiyasi vəziyyəti əks etdirəcəksə, rus qoşunları Ermənistandan çıxarıla bilər.
Hazırkı hakimiyyət keçmiş Serj Sərkisyan rejiminin korrupsiya işlərini araşdırmaqla məşğuldur. Əlbəttə, bu işin bir hissəsi də Rusiyaya bağlıdır. Bu işlər Rusiyanın patronajlığı altında həyata keçirilirdi. Bu da Ermənistan hakimiyyəti üçün ciddi problemlər yaradır. Buna görə də Rusiya – Ermənistan münasibətlərinin soyuq məcraya çevrilməsi ehtimalı çox yüksəkdir. Bu baxımdan da hesab edirəm ki, hansısa mərhələdə rus qoşunlarının Ermənistandan çıxarılması ehtimalı reallaşa bilər".
Qeyd edək ki, Ermənistanın Müdafiə naziri Davit Tonoyan ölkəsindəki rus bazaların qalıb-qalmayacağı məsələsinə yenidən baxacaqlarını açıqlayıb.