Yunanıstan səfiri ölkəsinin üzləşdiyi durumdan danışıb Siyasət

Yunanıstan səfiri ölkəsinin üzləşdiyi durumdan danışıb

"Belə hadisələr zamanı hamı həmrəy olmalıdır"

"Yunanıstanda baş verənlər həqiqətən bir faciədir. Bu, bizim üçün faciə olsa da, gələcək üçün bir təcrübə sayılır".
Bunu Yunanıstanın Azərbaycandakı səfiri Nikolas D. Kanellos deyib.
Səfir bildirib ki, hazırda ölkəsində yanğın nəticəsində itkin düşənlərin axtarışı, ölən şəxslərin kimliklərinin müəyyənləşdirilməsi işləri davam etdirilir: "Biz hələ də faciə nəticəsində ölənlərin dəqiq sayını bilmirik. Bu günə olan məlumata görə, yanğınlar nəticəsində ölənlərin sayı 82 nəfərə çatıb. Amma çoxlu sayda itkin düşənlər var deyə, ölənlərin sayını tam dəqiq deyə bilmirik. Bədəni yanmış insanlar var, onların şəxsiyyəti müəyyənləşdirilir. Axtarışlar gedir. Yanğın çox güclü idi, 14 istiqamətdən qeydə alınmışdı. Külək həddən çox güclü olduğundan hər şey qısa zamanda, sürətlə baş verdi. Mindən çox ev yandı. Ölkə yanğını məhdudlaşdırmaq, problemi həll etmək və insanları qorumaq üçün bütün imkanlardan istifadə etdi".
Diplomat baş verən faciə ilə bağlı bir çox ölkələrin Yunanıstana dəstək verdiyini də qeyd edib: "İsrail, İordaniya və Aİ ölkələrinin dəstəyini gördük. Yanğının söndürülməsi və vəziyyətin idarə olunması üçün lazımi vəsaitlərlə bizə dəstək oldular. Onların bu dəstəyini yüksək qiymətləndiririk. Azərbaycan prezidenti İlham Əliyev Yunanıstanın ölkə başçısına başsağlığı məktubu ünvanladı. Eləcə də Azərbaycanın sadə insanları, müxtəlif qurumların nümayəndələri mənə, səfirliyə zəng vuraraq öz üzüntülərini, başsağlıqlarını çatdırdılar. Bu həmrəylik və dəstək bizim üçün çox vacibdir. Düşünürəm ki, belə hadisələr zamanı hamı həmrəy olmalıdır. Bu gün Yunanıstan, sabah başqa bir ölkə belə faciənin qurbanı ola bilər".
Səfir əlavə edib ki, Yunanıstanın polis qüvvələri və hökumət nümayəndələri hazırda bütün diqqəti yanğının səbəblərinin müəyyənləşdirilməsinə yönəldiblər: "Dünən daxili işlər naziri, dövlət başçısının sözçüsü də bildirdi ki, mühüm olan tezliklə nəticə əldə etməkdir. Ümid edirəm ki, gələcəkdə təbiəti qorumaq üçün daha çox imkanlarımız olacaq. Mən Yunanıstanda istirahət etmək istəyənlərə demək istəyirəm ki, planlarını pozmasınlar, çünki bu, təbiət hadisəsidir və olanlara baxmayaraq, Yunanıstan təhlükəsiz və stabil bir ölkədir. Təbii ki, baş verənlər bir bədbəxtlikdir. Ancaq ora getmək istəyənlər cəsarətli olsunlar".