Aslan İsmayılova hökm oxundu Siyasət

Aslan İsmayılova hökm oxundu

Məhkəmə istintaqı zamanı böhtançı olduğu sübuta yetirilən sabiq vəkil 1 il 6 ay müddətinə islah işlərinə məhkum edilib

Tanınmış iş adamı, "Xəmsə" MMC-nin sahibi Mürvət Həsənli ilə vəkil Aslan İsmayılov arasında bir ildən çoxdur davam edən məhkəmə prosesi bu gün başa çatıb. Səbayel Rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə baş tutan məhkəmə iclası hakimin Korrupsiyaya Qarşı Mübarizə Idarəsinin işlə bağlı göndərdiyi sənədlərlə tərəfləri tanış etməsi ilə başlayıb.
Daha sonra hakim məhkəmə istintaqının yekunlaşması barədə ittiham və müdafiə tərəfinə müraciət edib. İttiham tərəfinin narazılığı olmasa da, təqsirləndirilən şəxs Aslan İsmayılov buna etirazını bildirib. Hakim Aslanın xroniki şəkil almış və əsassız etirazlarına məhəl qoymayaraq, məhkəmə istintaqının yekunlaşdığını elan edib. Bundan sonra məhkəmə çıxışları üçün tərəflərə söz verilib. Bu zaman əvvəlki proseslərdə olduğu kimi yenə də gərginlik yaşanıb. Mürvət Həsənli bir daha Aslan İsmayılovun məhkəmə zalında həbs edilməsi barədə məhkəmədən hökm çıxarılmasını xahiş edib. Təqsirləndirilən şəxs çıxışı zamanı şəxsinə qarşı ünvanlanan ittihamları qəbul etməyib. Hakim ona son söz üçün çıxış etməsini istəsə də, Aslan İsmayılov bundan imtina edərək, məhkəmə çıxışı zamanı fikirlərini ifadə etdiyini bildirib. Bundan sonra məhkəmə müşavirəyə yollanıb. Yarım saat davam edən müşavirədən qayıdan hakim qərarı elan edib. A.Ismayılovun qazancından 15% dövlət nəfinə tutulmaqla 1 il 6 ay müddətinə islah işlərinə məhkum edilməsi barədə qərar çıxarılıb. Həmçinin o, 1500 manat cərimə olunub.
Qeyd edək ki, Aslan İsmayılov rəsmi "Facebook" səhifəsində və KİV üçün keçirdiyi brifinqdə Mürvət Həsənlinin ünvanına şər-böhtan yağdırıb. Bu səbəbdən iş adamı onu məhkəməyə verərək, Cinayət Məcəlləsinin 147.2 (ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə cəzalandırılmasını tələb edr.
Tərəflər arasında gərginliyin kökündə Türkiyənin "Emre Piliç" şirkətinin Mürvət Həsənli ilə borc çəkişməsi durur. Aslan İsmayılov bu işdə "Emre Piliç" şirkətinə vəkillik edir. Onu da xatırlatmaq yerinə düşər ki, Azərbaycana damazlıq yumurta ixrac edən bu şirkətin səhmdarları arasında 2 erməninin olduğu üzə çıxıb. Belə ki, ermənilər Bozaçıyan və Oksayan bu şirkətdə 30 faizlik paya sahiblik edirlər. Mürvət Həsənli bu fakt üzə çıxandan sonra şirkətlə işgüzar münasibətləri kəsdiyini bildirir. Aslan İsmayılov isə əksinə, "Emre Piliç"in yarıerməni şirkəti olmasına əhəmiyyət vermədən onun müdafiəsinə qoşulub.