“Murtuz Ələsgərov xalq hərəkatının generallarından biri olub” Siyasət

“Murtuz Ələsgərov xalq hərəkatının generallarından biri olub”

Azərbaycanın bugünkü yüksək inkişaf səviyyəsinin təməlində Heydər Əliyev siyasəti dayanır.
Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi - şöbə müdiri Əli Həsənov Bakı Dövlət Universitetində tanınmış ictimai-siyasi xadim Murtuz Ələsgərovun anadan olmasının 90 illiyinə həsr olunmuş elmi konfransda çıxışı zamanı deyib.
Əli Həsənov qeyd edib ki, Azərbaycan xalqının qarşısında misilsiz xidmətləri olan ümummilli lider Heydər Əliyev XXl əsrin ən görkəmli siyasi liderlərindən biridir: "Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin banisidir. 1990-cı ilin əvvəllərində ulu öndərin ətrafında birləşmiş şəxslər müstəqil Azərbaycan Respublikasının formalaşması və inkişafına böyük töhfələr veriblər və onların adı Heydər Əliyevin adının yanında yazılıb".
Bu insanlardan birinin Murtuz Ələsgərov olduğunu deyən Prezident köməkçisi bildirib ki, Heydər Əliyev Azərbaycanın müstəqilliyi uğrunda mübarizəyə Yeni Azərbaycan Partiyası Siyasi Şurasında təmsil olunan 51 nəfərlə, Azərbaycan xalqı, ziyalılarla başlayıb: "Mən Murtuz Ələsgərovu tanıyanda o, artıq Azərbaycan tarixinə öz adını yazdırmışdı. Ancaq Murtuz müəllim bununla kifayətlənmədi. Onun Azərbaycanın müstəqillik yolunun başlanğıcında göstərdiyi xidmətlər, xüsusilə Yeni Azərbaycan Partiyasının yaradılması ilə bağlı fəaliyyəti, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı çıxışları hər kəsə məlumdur".
Əli Həsənov "Murtuz Ələsgərovun Azərbaycan xalq hərəkatının generallarından biri olduğunu deyib: "Bu sözü deməyə çəkinmirəm, xalq hərəkatında general yox idi. Murtuz Ələsgərovun orada təmsil olunması xalq hərəkatına məzmun və forma verdi. O, kortəbii formada olan xalq hərəkatının sonrakı dövrdə mütəşəkkilləşməsinə dəstək verdi. Heydər Əliyevin hakimiyyətə gəlişinin qarşısının alınmasına hesablanmış yaş senzi məsələsi ortaya atılmışdı. Həmin məsələ ilə bağlı xeyli deputat etiraz etmişdi. Onlar arasında Arif Rəhimzadə, Eldar İbrahimov var idi. Onlar parlamentdə müzakirə olunan ədalətsiz qərara qarşı mübarizə aparırdılar. İctimai dəstəyi isə Murtuz Ələsgərov verirdi. Həmin dövrdə Murtuz Ələsgərov ictimai-siyasi xadim kimi mövqeyini ortaya qoydu. Ona fiziki xəsarət də yetirmişdilər".