Qafqazda mərkəzdənqaçma güclənir – Kremlə yeni başağrısı Siyasət

Qafqazda mərkəzdənqaçma güclənir – Kremlə yeni başağrısı

"Şimali Qafqazda Rusiyanın hakimiyyəti yerli xalqlardan alaraq, öz adamlarına verməsi Rusiya rəhbərliyinin burada əməliyyat, ümumiyyətlə, siyasi-iqtisadi şəraitə nəzarət edə bilməsi üçün apardığı tədbirlərdir".
Bu sözləri Şimali Qafqazda baş verən prosesləri şərh edən politoloq Arzu Nağıyev deyib. O bildirib ki, Rusiya Federasiyasının müxtəlif dini inanclara aid olan 11-ə yaxın subyekti var:
"Bunların hamısında da yerli xalq əsasən, köklü olaraq, orada məskunlaşan insanlardır. Məsələn, Dağıstan 49 millətin birləşdiyi dövlətdir. Dağıstanın timsalında digər subyektlərdə də vəziyyət belədir. Digər tərəfdən, həmin ərazilərdən son vaxtlar terror təşkilatlarına gedənlərin sayı artıb. Eyni zamanda korrupsiyanın çiçəklənməsi istiqamətində bu bölgələrdə acınacaqlı vəziyyət hökm sürür. İstər Dağıstanda, istərsə də son vaxtlar Kabardin Balkarda baş verən hadisələr, çeçenlər və inquşlar arasında olan münasibətlər onu göstərir ki, etnik və milli baxımdan bu xalqların arasında problemlər mövcuddur. Bundan da həm xarici xidmət orqanları, burada maraqlı olan dövlətlər çox ustalıqla istifadə edir. Məhz buna görə də Rusiya rəhbərliyi bu bölgələrdə hakimiyyətdə öz rıçaqlarını itirməmək üçün müxtəlif təyinatlar həyata keçirir".
Politoloq qeyd edib ki, Rusiya rəhbərliyi son vaxtlar prosesin istiqamətini hiss edir və buna görə də ən tanınmış, yaxın adamlarını məhz bu ərazilərə rəhbər göndərir:
"Hətta son qubernator seçkilərində bu daha aydın hiss olundu. Bu seçkilərdə bir çox subyektin qubernatoru dəyişdirildi. Eyni zamanda Rusiya rəhbərliyinin apardığı islahatlar, atdığı addımlar bir daha göstərdi ki, həmin ərazilərdə korrupsiyaya uğramış, millətini və dövlətçiliyini düşünməyərək, öz şəxsi maraqlarından hərəkət edən şəxslər kifayət qədərdir. Ona görə də bu istiqamətdə hətta antiterror əməliyyatları səviyyəsində həbslər həyata keçirildi".
Qeyd edək ki, son günlər Şimali Qafqazda vəziyyət gərginləşib. Belə ki, Kabardin-Balkarda çərkəzlərlə balkarlar arasında toqquşma yaşanıb. Nəticədə Kabardin Balkarın rəhbəri Kazbek Kokov Yuri Kokovla əvəzlənib.
Bununla bərabər, Çeçenistanla İnquşetiya arasında ərazi mübadiləsi barədə razılaşma imzalanıb. Nəticədə İnquşetiyanın Sunjensk rayonu Çeçenistana, Çeçenistanın Nadtereç rayonu isə inquşlara verilib. Bundan sonra İnquşetiyada etiraz aksiyaları baş tutub. Etiraz aksiyaları Rusiya Milli Qvardiyası tərəfindən yatırdılıb.