Kimin ombası və Rüstəmin başı haqda... Siyasət

Kimin ombası və Rüstəmin başı haqda...

Qabil Hüseynli

Millətləşmə və milli kimliyin ərsəyə gəlməsi prosesində millətə aid bütün cəhətlərin - milli özünüdərk, milli şüur, milli qürur, milli xarakter və milli mental cəhətlərin formalaşmasında aparıcı rolu həmişə ziyalılar, yaradıcı fikir sahibləri, bir sözlə, millətin qaymağı sayılan insanlar oynayıb. Elə XIX əsrin sonları, XX əsrin əvvəllərində Azərbaycan millətinin formalaşmasında, müsəlman ümmətçiliyindən Azərbaycan millətçiliyi məfkurəsi ətrafında toparlanmada Azərbaycan Demokratik Respublikasının baniləri, onların ətrafında cəmlənmiş milli ziyalılar və milli burjuaziyanın əksər təbəqəsi əhəmiyyətli rol oynadılar. Bu proses həm istiqlalımızın qələbə çalıb möhkəmlənməsini, həm də milli dövlətçilik ənənələrinin formalaşmasını şərtləndirdi. SSRİ-nin dağılması və müstəqil Azərbaycan dövlətinin yaranması milli proseslərin sürətlənməsi, millətləşmə prosesinin yeni məzmun çalarları ilə zənginləşməsinə meydan açdı. Amma burada köhnə quruluşun ideologiyasına - o cümlədən də beynəlmiləlçiliyə nostalji hissləri bəsləyən, xüsusən həmin dövrü öyən, onun üstünlüklərindən, özü də milli münasibətlər sahəsindən ağızdolusu danışan yaradıcı sahənin nümayəndələrinə rast gəlmək olur. Bu dalğada hətta öz millətini aşağılayan, başqa millətlərə həsədini gizlətməyən "yaradıcılıq nümunələri" də peyda olur.
Görəsən, onları, eləcə də bəzi adamları bu dönüklüyə gətirib çıxaran hallar haradan və necə qaynaqlanır?
Elmdə bunun sosial-psixoloji və fəlsəfi səciyyəsi milli, etnik natamamlıq kompleksi kimi təqdim edilir. Milli natamamlıq kompleksinin gedonizm, mazoxizm kimi ifrat formaları var və biz onların bir az fəlsəfi, bir az da publisistik yanaşma ilə izahını verməyə çalışacağıq. Yəqin, burada SSRİ-nin dağılması ərəfəsində iki düşüncə formasının - milli və dini baxışlar sisteminin sosialist ideologiyasının iflası nəticəsində yaranan siyasi-ideoloji boşluğu sürətlə doldurmağa başladığını xüsusi vurğulamalıyıq. Bu baxımdan onilliklər boyu milli dövlətçilikdən məhrum edilmiş xalqların milli azadlıq mübarizəsinin başlanğıcında millətçiliyi əsas ideoloji xətt kimi seçməsi də təsadüfi deyildi. Həmin dövrün millətçiliyi, şovinizm mahiyyətli erməni millətçiliyindən fərqli olaraq, milli köklərə və milli özünüdərkə dönüş, milli azadlıq mübarizəsində uğura aparan ən qısa və ən uğurlu yol kimi qəbul edilir, hər cür ekstremist-işğalçı baxışlardan uzaq dayanırdı. Çünki bu xətt milli ruhun, milli qürurun, millətin adı ilə bağlı olan nə varsa, hamısının yüksəlişinə xidmət edirdi. Bu zaman xalqımız milli həyatın, milli gerçəkliyin bütün reallıqlarını demək olar ki, eyni cür qavramağa, eyni düşüncəyə - xalis milli şüura çevirməyə başladi. Amma ovqatımızı pozan hadisələr də elə o zaman başladı. Əvvəl Dağlıq Qarabağ ermənilərinin separatçı "Miatsum" hadisələri, ardınca azərbaycanlıların Ermənistandan kütləvi deportasiyası başladı. Hamısı da Kremlin himayəçiliyi ilə. Elə milli natamamlıq kompleksinin ilk təzahürləri də bu zaman özünü büruzə verməyə başladı. Ermənilərin azərbaycanlılara kin qusduğu, onları yerindən-yurdundan dərbədər etməyə başladığı bir vaxtda millətimizin qaymağı sayıla biləcək ziyalılarımızın bəziləri beynəlmiləlçilik nəğmələri oxuyurdu. Məşhur yazıçımız Bayram Bayramov ermənilərin "Miatsum" hayqırtıları Bakıda qulaqlarımıza çatdığı bir vaxta "Dağlıq Qarabağ heç vaxt bu qədər bizim olmayıb" lirik janrında parlament kürsüsündən "məsləhətlər verməyə" başladı. Digər bir "möhtərəmimiz" Əkrəm Əylisli Qarabağda ermənilərin yandırdığı tonqalı görmürmüş kimi, "Drujba narodov" jurnalında xalqlar dostluğunu tərənnüm etməyə girişdi. Rüstəm İbrahimbəyov həmin vaxtlar "Bir cənub şəhərində" filminin davamı hesab olunan "Əlvida, cənub şəhəri" adlı film çəkdi. Həmin filmdə həqarətli bir tonda Bakının mərkəzindəki köhnə həyət evlərində Ermənistandan qovulan "ayağı qaloşlu" yerazların məskunlaşdığı göstərilirdi. Bax, həmin vaxt artıq Əkrəmin də, Rüstəmin də milli natamamlıq kompleksləri öz xalqına yuxarıdan aşağıya baxması şəklində açıq-aydın hiss olunmaqda idi. Biz o zaman ayılmalıydıq ki, bunlar nə demək istəyir? Bu millətə, xüsusən ermənilər tərəfindən başına müsibətlər gətirilərək didərgin salınmış insanlara qarşı həmin şəxslərdə bir sayğısızlıq, hətta nifrət haradan qaynaqlanır?!
Sonuncu azərbaycanlılar indi Ermənistan adlanan Qərbi Azərbaycan torpaqlarından qovulandan və onlardan 320 nəfəri zorakılıqla öldürüləndən sonra Əkrəm Əylisli "Daş yuxular" cızma-qarasında daha uzaqlara gedərək, KQB-nin təşkil etdiyi və 20 Yanvara hazırlığın baş məşqi sayıla biləcək Bakıdakı 13 yanvar qarışıqlıqlarının səbəbkarlarını da "ayağı qaloşlu yerazlarda" görür. Hətta Sumqayıt hadisələrində də günahkar kimi "yeraz"ları göstərməkdən çəkinməyənlər tapılır. Beləcə, öz milli dəyərlərinə, bu dəyərlərin daşıyıcıları olan insanlara qarşı nifrət daha sonra millətin daha geniş təbəqələrinə qarşı çevrilərək, sistemli əhvali-ruhiyyə, bir az da dəqiq desək, milli natamamlıq kompleksi şəklini aldı. Onlar sosializm ideyalarına bağlılığını gizlətmir, beynəlmiləlçiliyi və onun əyani təzahürü olan "bakinets" millətini acı bir təəssüf hissi ilə yad edirdi. Siz heç ermənidən "mən erməni deyiləm, "yerevanetsəm" kəlməsini eşıdə bilərsiniz? Əlbəttə, yox. Amma bizim azərbaycanlı "bakinetslər" Sovetlərin qızğın çağında dostluq etdikləri və yaxud bir həyətdə yaşadıqları rubenlərə, aşotlara, abramlara üstünlük verir, onlarla oturub-durur, onlara can deyib, can eşidirdilər. Özlərini əsilzadə adlandırıb, soyadlarına "bek" əlavə edən, amma öz milli zəminindən çoxdan uzaqlaşmış bu "bakinetslər"in qətiyyən xəbərləri yox idi ki, oturub-durduqları rubenlər və abramlar, semalar və mişalar onların mənsub olduğu millətə nifrət edirlər. Və anlaya bilmirdilər ki, bu nifrət o qədər güclüdür ki, günlərin birində davakar ekstremizmə, torpaqlarımızın 20 faizinin işğalına, oradan 1 milyondan artıq insanın etnik təmizlənməsinə gətirib çıxaracaq.
"Mən ermənilərin Qarabağa olan hüququna etiraz edə bilmərəm". Bu sözləri özünü bəy nəslinin nümayəndəsi hesab edən Rüstəm İbrahimbəyov deyib.
Dostlarımızdan birinin sözü olmasın, Rüstəm İbrahimbəyovun, Ə.Əylislinin çəkisində olan erməni tanınmışlar - Şarl Aznavurlar, əlini Ermənistandan, Qarabağdan çəkmir. Pulu çatmayanda səsi, səsi yetməyəndə pulu ilə ermənilərə həyan olur. Tanınmış dostumuzun qənaətincə, Kim Kardaşyanın ombası Ermənistana daha çox işləyir, nəinki Rüstəm İbrahimbəyovun başı Azərbaycana...
"İndi bizim küçələrimizdə sırf erməni danışığı eşidilir. Nə türkcə (azərbaycanca), nə rusca kəlmələr eşidilmir. Müstəqil bir millət üçün bundan böyük xoşbəxtlik yoxdur". Bu sözləri də sümüyünə qədər şovinist olan Silva Kaputikyan deyib (Ermənistan. "Mir" jurnalı, №5).
Niyə görəsən, R.İbrahimbəyov, A.Abbasov, elə özünü Gəncənin ağsaqqalı hesab edən S.Hüseynov, özünü az qala Rusiya azərbaycanlılarının lideri sayan Söyün Sadıqov və xaricdə yaşayan milyonçularımız bir dəfə də olsun Rusiyanın televiziya kanallarında bizim əleyhimizə təşkil olunan debatlarda iştirak etməyi lazım bilmirlər?! Niyə? Bəlkə, onların gözündə bu vətənin dəyəri o qədər də əhəmiyyət kəsb etmir, onlar erməni vandalizmi qarşısında milli təəssübkeşlik duyğularını tamamən unudublar?
Gözünüzün qarşısında sürəkli tariximizi erməniləşdirməyə çalışırlar, işğal altındakı coğrafiyada Azərbaycan xalqına aid toponimləri, maddi-tarixi sübutları silib-süpürürlər, milli yaddaşımızı blokadaya alırlar ki, tarixi-siyasi coğrafiyamıza qayıdış haqqında düşünmək mümkün olmasın. Bilirlər ki, milli yaddaşı, sosial hafizəni bloklamanın ən effektiv yolu xalqın psixologiyasını zədələmək, onda özünə qarşı inamsızlıq, yəni milli natamamlıq kompleksi yaratmaqdır. Özümüzünkülərdən bəziləri də bu məşum olaylara bilərəkdən, ya bilməyərəkdən dəstək verirlərsə, onda bəzən ümidsizliyə qapılan insanlarımıza nə deyək...
Bütün bu faktları ona görə sadaladıq ki, bir daha əmin olaq ki, suverenlik, müstəqillik bizə heç də asan başa gəlməyib. Əvvəl tarix bizə Sovet İmperiyasının çəkdiyi 20 Yanvar dağını, ardınca xarici qəyyumların qızışdırdığı, hər cürə dəstək verdiyi davakar erməni millətçiliyi və torpaqlarımızın 20%-nin işğalını, 1 milyon insanımızın öz torpaqlarında didərgin vəziyyətinə düşməsini yaşatdı. Xalqımız çox böyük maddi itkilərlə yanaşı, yeri doldurula bilməyəcək mənəvi itkilər, ağır psixoloji sarsıntılar yaşadı. Xocalı soyqırımı, Şuşanın əldən getməsi, üstəlik bu faciələrə dünyanın seyrçi münasibəti Azərbaycan xalqını bürümüş məyusluq, məğlubiyyət, sınıqlıq və özünəinamsızlıq hisslərini bir xeyli dərinləşdirirdi. Daxildə yaşanan hakimiyyət xaosu, hakimiyyət uğrunda amansız mübarizə sıravi insanlarda ümidsizlik yaradır, gələcəyə olan inam hislərini xeyli dərəcədə korşaldırdı. Millətin natamamlıq hissinin yaranmasına gətirib çıxaracaq ruhi-psixoloji durumu da belə bir şəraitdə yaranıb formalaşırdı. Millətləşmə, milli həyatın durmadan zənginləşməsi və yetkinləşməsi proseslərində olan boşluqlar da bu məsələdə zərərsiz ötüşmürdü.
Oxşar hadisələr başqa, hətta bu gün böyük görünən millətlərin də başına gəlib. Analitik psixologiyanın banilərindən biri, isveçrəli psixiatr Karl Qustav Yunq amerikalı jurnalist Hübert Renfro Nikerbokerə verdiyi məşhur müsahibəsində deyir: "Almanlar Dunay vadisinə gec gəliblər və millət olaraq, dövlət olaraq formalaşmaları İngiltərə və Fransadan çox sonralar baş verib. Almanlar müstəmləkə işğalında və öz imperiyalarının əsasını qoymaqda da çox gecikdilər. Onlar vahid bir millət olaraq birləşdikləri zaman ətraflarında İngiltərə və Fransanı və digər ölkələri artıq çoxdan formalaşmış gördülər. Belə ki, bu ölkələr onlara nisbətdə çox inkişaf etmişdilər və çoxlu müstəmləkələrə sahib idilər. Artıq almanlara heç bir şey qalmamışdı. Bax, onda almanlar küskün oldular, incidilər, qəlblərində həsəd və qısqanclıq yarandı. Bu, almanlarda natamamlıq kompleksinin yaranmasının həqiqi mənbəyi oldu". Yəni milli həyatın çətinlikləri hər bir xalqda NATAMAMLIQ KOMPLEKSİNİN yaranmasına səbəb ola bilər. Amma o, böyük hədəflərə yönəlmiş millətlərdə bir cür, nisbətən kiçik, bölünmüş xalqlarda isə başqa formada təzahür edir.
Ötən illər ərzində milli natamamlıq kompleksini yaradan sindromlar gücünü bəzisi qismən, bəzisi isə tam itirsə də, problemin özü hələ ki kökündən həll olunmayıb. Regionun lider dövlətinə çevrilməyimizə, ordu quruculuğunda ciddi nailiyyətlərə, xüsusən uğurlu Horadiz və Aprel əməliyyatlarına baxmayaraq, milli özünəinam, millətin bütün dəstələrinin sosial-siyasi həmrəyliyi, vahid Vətən hissinin tam formalaşmasında hələ də müəyyən çatışmazlıqlar qalır. Azərbaycanda "millətimiz pisdir" mövzusunda söhbətlər də narahatlıq doğurur.
Sovet dövründə dünyagörüşümüzdə kök salmış mənəvi naqisliklər, o cümlədən xalqımızın bir qisminin doğma dilimizə, mədəniyyətimizə, ədəbiyyatımıza, adət-ənənələrimizə xor baxmaları da bu məsələdə rol oynamış üzücü faktlardandır. Bu meyil müstəqillik dövründə, doxsanıncı illərin əvvəllərində müəyyən dərəcədə azalsa da, indinin özündə bəziləri Azərbaycan xalqını kütlə, millət səviyyəsinə qalxmamış toplum, tayfa şüurunun daşıyıcısı kimi səciyyələndirməyə uğursuz cəhd edir. Nəzərə almaq lazımdır ki, hər kəsin fərqli siyasi əqidəsi, dünyagörüşü ola bilər, kimdənsə xoşu gələ də bilər, gəlməyə də; iqtidara, onun yeritdiyi siyasətə qarşı müxaliflik də edə bilər və sair. Ancaq mənsub olduğun xalqa qarşı müxaliflik, onu aşağılayacaq dərəcədə nankorsansa, öz xalqına düşmənçilik edəcək qədər əqidəsizsənsə, demək, qaniçən türk düşməni Zori Balayandan, Silva Kaputikyandan, Robert Köçəryandan, Serj Sərkisyandan və başqalarından fərqlənmirsən. Onları başa düşürük ki, düşməndirlər, düşmən, işğalçı, terrorçu dövlətin nümayəndələridirlər. Azərbaycan xalqından olan kəslərin öz xalqına nifrətinin, düşmənçiliyinin, öz yaramaz fəaliyyətləri ilə onu dünyada aşağılamasının, biabır etməsinin heç cür izahı yoxdur.
Bu halı bəzən Sovet dövrünün rus məktəblərində təhsil, təhsilin nəticəsi kimi ana dilinin unudulması və bundan doğan psixoloji ovqatla eyniləşdirmək cəhdləri də var. O dövrdə "rusdillilik", Azərbaycan dilini bilməmək özlüyündə kifayət qədər böyük bir problem olsa da, haqqında söhbət gedən "millətimiz pisdi", "fərsizik", "qabiliyyətsizik" ifadələri ilə səciyyələnən şüur problemi xeyli geniş, ciddi və təhlükəli olaraq müxtəlif səviyyələrdə özünü büruzə verirdi. Azərbaycan xalqının yaradıcı potensialına, şairin "var millətimin imzası imzalar içində" fikrinə inanmayan belələri indi də yersiz ifrata vararaq, sərsəm iddialar səsləndirirlər. Azərbaycandan saxta arayış və qondarma siyasi motivlərlə mühacirətə getmək istəyənlərin mövcudluğu da millətləşmə və milli inkişafda müəyyən problemlərin olmasından xəbər verir. Xalqımızın milli mentalitetində, milli xarakterində, milli iftixar və ləyaqət hissində bunların ayrı-ayrı təzahürlərini sezmək mümkündür ki, bunu da milli natamamlıq kompleksinə aparan səbəblərdən biri kimi dəyərləndirmək olar.
Psixoloqlar hesab edirlər ki, natamamlıq kompleksi milli həyatın, milli praktikanın struktur elementlərinin təsiri altında yaranan və mənfi emosiyalarla müşayiət olunan psixi proseslər qrupudur. Şəxsin özünə və ya mənsub olduğu topluma hədsiz tənqidi yanaşması, yeri gəldi-gəlmədi onu aşağılaması, başqalarına isə həsəd hissi ilə baxması bu hissin təzahür formalarıdır. Psixoloji nöqteyi-nəzərdən natamamlıq kompleksi ən çox da inamsızlıq, qorxaqlıq, özünü amansızcasına tənqid şəklində təzahür edir. Yaltaqlıq, məddahlıq, başqa xalqlara həsəd hissi bu qəbildəndir. Bu mənfi xüsusiyyətlər sosial terapiya olunmadıqda artıb törəyərək qəlizləşmək, mürəkkəbləşmək xassəsinə malikdir. Bunun ifrat forması özünə və öz etnosuna nifrət kimi təzahür edən mazoxizmə çevrilir.
Natamamlıq kompleksi fiziki və psixi çatışmazlıq məqamlarını subyektiv şəkildə şişirdilən, bunları özü üçün aşılmaz problemə çevirən, daha çox təxəyyülün xəstə halından ehtiva edən psixoloji bir halətdır. Belə hallarda natamamlıq kompleksinin daşıyıcısı olan subyekt öz qüsurlarını, eləcə də mənsub olduğu toplumun nöqsanlarını buna ciddi əsaslar olmadan şişirdir. Bu cür şişirtmənin əsasında çox vaxt zədələnmiş qüsurlu özünüdərk, eləcə də təhrif olunmuş ailə, pedaqoji, dini və ideoloji tərbiyə amilləri dayanır. Natamamlıq kompleksinin mahiyyətini və yönünü şərtləndirən ən mühüm amil insanın özünə, keçmişinə hədsiz tənqidi münasibət, orada nəsə yaxşı, pozitiv bir şeyi görə bilməmək xüsusiyyətidir. Belə halda insanın şüuru milli gerçəkliyi, milli cəhətləri, milli mənliyi bütün xüsusiyyətləri ilə qavraya bilmir, elə də ciddi səbəb olmadan özü və milləti haqqında bədbin fikirlərə düşür. Təbiətcə deyingən, ruhən düşkün, özünə inamsız, öz qədrini bilməyən bu cür insanlar çox asanlıqla yanlış qənaətlərə gələ bilir. Bəxtiyar Vahabzadənin "Özgənin hinini Qəsri-Süleyman, özünün qəsrini hin bilir onlar" misraları məhz milli zəmində natamamlıq kompleksinə mübtəla olmuş azərbaycanlı şüurunun poetik səciyyəsidir.
Bütün bu deyilənlərin nəticəsində belə bir qənaətə gəlmək olar ki, az da olsa, millətimizin müəyyən bir qismində milli natamamlıq kompleksi – MNK müşahidə olunur. Bu qismin böyük və ya kiçik olduğunu, MNK-nın nə qədər yayıldığını və ümumiyyətlə, bu qənaətin elmi cəhətdən dəqiqliyini yalnız xüsusi sosioloji tədqiqatlar aşkara çıxara bilər. Bütün millətlərin nümayəndələrində, o cümlədən, keçmiş sovet məkanında yaşayan xalqlarda rast gəlinən bu psixoloji hala biz indi başqa xalqlardan dəfələrlə ehtiyatla yanaşmalıyıq. Əvvəla, ölkəmizin müharibə şəraitində yaşaması ucbatından bu kompleksin sirayət etdiyi adamların sayı az deyil və bu say bir sıra digər səbəblər üzündən artma meylinə malik olduğundan hər zaman milli özünüdərk və milli şüurun yetkinləşməsi yolunda ciddi əngəllər yarada bilir. Digər tərəfdən, biz təcavüzə məruz qalmışıq, torpaq itirmişik, Qarabağın hərbi yolla qaytarılması vəzifəsi qarşımızda durur. Bu zəmində həm hərbi-siyasi, həm ruhi-psixoloji baxımdan "millətimiz pisdir" düşüncəsinin, qorxaqlıq və özünəinamsızlıq ovqatının təhlükəli nəticələrə gətirəcəyini mütləq nəzərə almalıyıq.

***

Bizdə Milli Natamamlıq Kompleksinin yaranmasının bir sıra səbəbləri var. Bir az tarixə baş vursaq, görərik ki, Səfəvilər dövlətinin dağılmasından sonra mərkəzləşdirilmiş vahid və qüdrətli Azərbaycan dövlətinin süqutu formalaşmaqda olan milli şüurumuza ciddi zərbə vurdu. Azərbaycan dövlətçiliyinin uzun müddət yalnız xanlıqlar səviyyəsində mövcudluğu iqtisadi, milli-mənəvi əlaqələri minimuma endirməklə bərabər, xalqlaşma və millətləşmə proseslərini zəiflətmiş, bunlar da öz növbəsində milli yaddaş, özünüdərk, sosial hafizənin qorunub saxlanılmasında öz mənfi rolunu oynamış, milli-mənəvi dəyərlərin formalaşması yolunda ciddi əngələ çevrilmişdir. Bu həm də tarixi proseslərin, onun ayrı-ayrı mərhələlərinin ictimai həyatda və ümummilli praktikamızda zəif təcəssüm etməsinə gətirib çıxarmışdır. Beləcə milli-mənəvi irsimizin, tariximizin bir çox parlaq səhifəsindən ya məhrum edilmiş, ya da onlar qeyri-elmi, qeyri-ciddi şərhlərlə bizə çatdırılmışdır. Azərbaycanın Rusiya və İran arasında bölünməsi isə ümumiyyətlə milli inkişaf prosesinin öz axarından çıxarılmasına, bu zəmində milli həyatın ən vacib komponentlərinin məntiqi əlaqəsinin pozulmasına səbəb olmuşdur. Bölünən təkcə ərazilərimiz deyildi, dilimiz, mənəvi irsimiz, tarixi yaddaşımız, bizi biz edən müqəddəs dəyərlərimiz, hər nə varsa, təcavüzə məruz qalmış, əsl mahiyyətindən məhrum edilərək, bir növ, yadlaşdırılmış, əslində, milli natamamlıq duyğularına yol açmışdı. Bunun sayəsində mədəniyyətimiz, dilimiz, dəyərlərlərimiz də ayrı düşdü, indi bütün dünyada sayı 50 milyona çatan bir xalq vahid dildən, ümummilli bazardan, ümummilli iqtisadi əlaqələrdən, ortaq milli mədəniyyətdən ayrı salındı. Sovet Rusiyası tərəfindən suverenliyi inkişafda olan Azərbaycan Demokratik Cümhuriyyətinin boğulması və qeyri-müstəqil Azərbaycan SSR-in yaradılması isə milli assimilyasiya proseslərinə rəvac verməklə könüllərdə "məğlub millət ovqatı"nı daha da möhkəmləndirdi. Şərq və Qərb mədəniyyətləri arasında, xüsusən Qərb sivilizasiyasına münasibətdə tərəddüdlü mövqe tutmamız, dini ümmətçiliyin uzun illər millət və xalq anlayışlarını üstələməsi də milli proseslərə, xüsusən milli özünüdərkə neqativ təsirlər göstərdi.
Bakı kommunasının, erməni-daşnak bandalarının qəddar soyqırım hərəkətləri, 20-30-ci illərin kütləvi repressiyaları, bu zəmində pantürkizm adı altında milli kimliyin rəddi və beynəlmiləlçilik siyasəti, sovet xalqı adı altında abstrakt ideyanın təbliği milləti milli elitadan, vətənpərvər ziyalılardan məhrum etmiş, intellektual səviyyənin kəskin aşağı düşməsinə gətirmiş, onun milli təfəkküründə, siyasi düşüncəsində və əxlaqında aşınmalara səbəb olmuşdur. Ermənistan və Gürcüstanla müqayisədə Rusiyanın Azərbaycana qarşı həm sovet, həm də sovetəqədərki dövrdə yeritdiyi ayrı-seçkilik siyasəti assimilyasiyaya, bir çox milli atributun yox olmasına gətirib çıxarmaqla milli-mənəvi simamızda ciddi aşınmalara səbəb oldu. Sovet dövründə Güney Azərbaycan mövzusuna, Azərbaycan mədəniyyətinin türk və islam mədəniyyətləri kontekstində tədqiqinə və təbliğinə yasaq qoyulması da bu məsələdə öz mənhus rolunu oynadı, milli-mənəvi bütövləşmə yolunda xeyli maneələr yaratdı. Bizə sırınmış rəsmi "kiçik xalq" rolu ilə şüuraltı hissiyyatda, psixologiyada, adət-ənənələrdə yaşayan böyük, 40-50 milyonluq xalq anlamı arasındakı ziddiyyət isə fərqli düşüncə tərzini diktə edirdi. Məhəmməd Əmin Rəsulzadə, Əli bəy Hüseynzadə, Hüseyn Cavid, Yusif Vəzir Çəmənzəminli, Əhməd Cavad, Almaz İldırım kimi müəlliflərin əsərlərinə yasaq qoyulması, digər tərəfdən, Mirzə Fətəli Axundov, Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir və Əbdürrəhim bəy Haqverdiyev kimi satiriklərin rolunun hakim ideologiyanın istəklərinə lazım olan şəkildə təqdimi nəticəsində Azərbaycan ədəbiyyatında və ictimai fikrində pozulan təbii tarazlıq və ondan doğan yanlış düşüncələr milli natamamlıq haqda düşüncələrə rəvac verən amillər sırasına aid edilə bilər.
Milli özünüdərkin aşınması və yaxud aşındırılması da Milli Natamamlıq Kompleksini yaradan səbəblərdəndir. Belə ki, hakim millətin ya assimilyasiya, ya da izolyasiya siyasəti nəticəsində fərd milli gerçəkliyə aid özəllikləri bəzən ya yaradılmış süni əngəllər, ya intellektual kasadlıq ucbatından həm qavraya bilmir, həm də saysız əngəllər hesabına bu proses öz-özünə pozulur. Nəticədə, millətin adı ilə bağlı olan nə varsa, hamısı təhrif edilmiş formada təqdim edilir ki, bu da təhrif edilmiş milli qürur, milli xarakter, milli mentalitet formalaşdırılmasına xidmət edir. Bunlar da öz növbəsində üstün milli keyfiyyətlərin deyil, insanı ruhdan salıb onda milli natamamlıq duyğularının yaranmasına xidmət edən vəziyyətin yaranmasına səbəb olur.
Elmi qənaətlər sübut edir ki, milli özünüdərk aşağıdakı komponentlərə söykənir: etnosun özünə verdiyi ad, milli dil (buna ilahi fərq də deyirlər), mənsub olduğun etnik qrup barədə formalaşmış, daşlaşmış təsəvvürlər, digər etnik birliklər barədə təsəvvürlər, öz xalqının mənşəyi, tarixi, birgəyaşayış normaları barədə konsepsiyalar və bunlarla bağlı dəyərlər sistemi, adətlər, ənənələr, rituallar, üslub və zövq, duyğu və temperament, inanclar, xurafat və s. Bütün bu komponentlər ierarxik quruluşa malik bir sistem yaradır və bir-birilə sıx əlaqədə olur. Belə məlum olur ki, ierarxiyanın zirvəsində etnosun özünə verdiyi ad dayanır. "Etnik cəhətdən dəyərli", yaxud etnodifferensial simvollar sistemini təşkil edən ideya və təsəvvürlər kompleksi bundan sonra gəlir. (Mənbə: SSRİ Elmlər Akademiyası Etnoqrafiya İnstitutunun "Rası i narodı" illik toplusu, № 14, 1984, səh. 147)
Burada tarixin saxtalaşdırılması da milli münasibətlərin bütün sahələrində öz dağıdıcı rolunu oynayır. Sovet dövründə tarixi saxtalaşdırmaq adi hal olsa da, Azərbaycan tarixinin saxtalaşdırılması daha amansız və qeyri-elmi formada aparılmışdır. Tariximizin sovet ideologiyasına uyğun gəlməyən bir çox həqiqətinin üstündən xətt çəkilmiş, yadellilərə qarşı xalqı səfərbər etmiş qəhrəmanlarımız ya başqa donda təqdim edilmiş, ya da tamamilə "unudulmuşdur". Ermənilərlə olan münasibətlərimiz xalqlar dostluğu və yalançı beynəlmiləlçilik ruhunda bizə sırınmış, yalançı millətlərarası harmoniya görüntüsü yaradılmağa çalışılmışdı. Bu cür bədxah yanaşma "Mədəniyyət və ədəbiyyatda pantürkizm və panislamizmlə mübarizə" şüarı altında aparılan kütləvi repressiyalarda özünün daha qabarıq təzahürünü tapmışdır. Milli tarix və ədəbiyyatımızın saxtalaşdırılmış, təhrif olunmuş şəkildə, həm də qısaldılmış formada tədris edilməsi xalqının əsil tarixindən və ədəbiyyatından xəbərsiz şagirdlər yetişdirmiş, onların dolğun milli qürur və iftixar hisslərinə yiyələnməsinə, milli ruhlu vətəndaş və şəxsiyyət kimi formalaşmasına ciddi əngəllər yaratmışdı.
Burada milli ruhdan məhrum yazarların yaradıcılıqlarıları da öz rolunu oynamışdır. "Daş yuxular"ın müəllifi iddia edir ki, onun doğulduğu Əylis kəndində vaxtilə 12 kilsə olub. "Əlvida, cənub şəhəri"nin müəllifi isə israr edir ki, Sovet dövründə Azərbaycan millətindən başqa "bakılı" milləti də "mövcud imiş". Ermənilərin S.Kaputikyanı, Z.Balayanı Xankəndində separatçı "Miatsum" qara-qışqırığını qızışdıranda bizim R.İbrahimbəyov çox böyük məmnuniyyətlə "Əlvida, cənub şəhəri" filmini yazıb ekranlaşdırdı. Əsərdə göstərilirdi ki, felikslər, qusiklər, rubenlər Azərbaycanı tərk edirlər. Və onların yerini Ermənistandan "qaloşlu gələnlər" tutur. Qaçqın yox, didərgin yox, yurd yuvası, tarixi torpaqları talan edilən, başlarına min-bir müsibətlər açılanlar deyil, sadəcə, "gələnlər" və yaxud "gəlmələr". Eyni paralel tarixi hadisəni ürək yanğısı demirəm, obyektiv qiymətləndirməyi də özünə qıymayan bu əsilzadə İbrahimbəyov felikslər, qusiklərin ölkəni tərk etmələrinə, onların yerinə Qərbi Azərbaycandan, Qarabağdan əhmədlərin, vəlilərin gəlmələrinə nə az-nə çox, "milli faciə" kimi yanaşır.
Bu Milli Natamamlıq Kompleksinin zirvəsi "Qafqaz üçlüyü" filmi oldu...
Bu film məxfi, xəlvəti, oğurluq yolu ilə, tələm-tələsik çəkilib. Çünki bütün kadrlar, rejissor işi, aktyor oyunları, seçilən məkanlar, epizodların bir-birini tamamlaması, vahid dramaturji xəttin olmaması bir daha göstərir ki, bu film ortaya atılan təxribatdır. Bu təxribatın bir neçə əsas motivi var. Əvvəla, Azərbaycanda aydın görünən iqtisadi, siyasi uğurlar, göz qarşısında olan inkişaf, dünyanın aparıcı dövlətlərinin geosiyasi, geoiqtisadi marağının Azərbaycana cəmlənməsi, nəhayət, Azərbaycana milyardlarla sərmayənin qoyulması qonşu dövlətlərdə birmənalı qarşılanmır. Çünki Azərbaycana sərmayə qoyan dünyanın aparıcı dövlətləri burada qarışıqlıq, qarşıdurma olmasına razı olmaz. Artıq Azərbaycanla mübarizə aparmaq üçün dava, təpik, yumruqdan istifadə edə bilməyənlər belə təxribatlara əl atır. İbrahimbəyovun bu filminin arxasında da məharətlə planlaşdırılmış ideoloji təxribatlar durur. Milli Natamamlıq Kompleksinin aşılanması üçün xüsusi xidmətlərin məxfi və gizli tədbirlərinin ana qayəsini də məhz bu niyyət təşkil edir. Bu mənada hesab etmək olar ki, "Qafqaz üçlüyü", "Daş yuxular" təkcə R.İbrahimbəyovun, Ə.Əylislinin ağıllarının məhsulu deyil. Burada rahatlıqla səhnə arxasından gizli bir rejissor əlinin olduğunu hiss etmək olar. Kiminsə kimlərə rəğbəti ola bilər. Ancaq bu, insanın həyat mövqeyinin, milli prinsiplərinin dəyişməsi, milli koloritini, özünəməxsusluğunu itirməsi həddinə gəlməməlidir. O səbəbdən də bu əsərlər KQB-nin dəst-xətti ilə yanaşı, birbaşa qonşu dövlətlərin xüsusi xidmət orqanlarının maraqlarını xidmət edən ideya əsasında yazılıb və çəkilib. Bəlkə də İbrahimbəyovla yanaşı, bu senaridə erməni də işləyib, sadəcə adı qeyd olunmayıb. Odur ki, "Qafqaz üçlüyü", Daş yuxular" da sənət əsərindən daha çox, kəşfiyyat əsəri, siyasi əsərdir, yəni birbaşa Azərbaycan xalqında milli natamamlıq kompleksinin təlqin edilməsinə yönəlmiş sifarişli ideoloji təsir, xalqımızı gözdən salmağa hesablanmış təbliğat vasitələridir.

***

Sovet dövründə kadr siyasətində yol verilən ayrı-seçkilik, yerli millətdən olan insanların süni surədə kənarda saxlanılması siyasəti də milli natamamlıq kompleksinin yaranmasına az təsir etməyib. Bu zəmində kütləvi informasiya vasitələrində bilərəkdən və ya bilməməzlikdən bu xəstəliyə mübtəla olmuş yazar və jurnalistlərin bu kompleksi oxucularına və tamaşaçılarına yayması da bir ayrı təhlükədir.
Milli natamamlıq kompleksinin yaranmasında hakim millətin yeritdiyi assimilyasiya, izolyasiya siyasətləri də bədnam rol oynayır. Bu növ, siyasət nəticəsində bir etnosun başqa etnos içərisində əridilməsi, etnik əlamətlərin silinməsi və beləliklə onların sosial-mədəni cəhətdən məhv edilməsi prosesi baş verir. Bu siyasətin nəticəsində ana dilinin tətbiq dairəsi məhdudlaşdırılır və bir növ, o məişət dilinə çevrilir, milli mədəniyyət nümunələrinə lazımi diqqət yetirilmir, bəzi adət-ənənələrin, hətta milli geyimlərin qadağan edilməsi də ideoloji təsir vasitəsinə çevrilir. Milli dilə yasaq isə bu gün də İranda Azərbaycan türklərinin milli oyanış və yüksəlişinə mane olmaq, milli şüurun inkişaf və yetkinləşməsinin qarşısını almaq üçün istifadə edilən vasitələrdəndir. Bu siyasət sərt formalarda aparıldığı təqdirdə hətta etnosda kollektiv natamamlıq kompleksi belə yarana, etnik (milli) xəcalət, öz etnik qrupuna (xalqına) mənsubiyyətdən utanmaq, peşmançılıq hissləri meydana gələ bilir. Son məqsəd - həmin etnik qrupun hakim xalqın tərkibində əridilməsidir. Bu cür psixoloji məhdudiyyətlər nəticədə həyat qabiliyyətinin zəifləməsinə gətirib çıxarır. Latın Amerikasında zavallı hinduların, Rusiyada onlarla xalqın başına gətirilənlər buna misal ola bilər.
Bizcə, indi az-çox başa düşüləndir ki, niyə biz millətimiz haqqında bədbin fikirlərə düşür, özümüzü bəyənmirik? Yəqin, o da anlaşılandır ki, niyə tarix boyu qəhrəmanlıq, mərdlik, şücaət rəmzi olan türklərin Azərbaycan qolunun bəzi nümayəndələri özlərini qorxaq, savadsız, tənbəl sanır, hətta ictimai inkişafda başqa millətlərlə müqayisədə mənsub olduğu toplumun geridə qaldığını ıddia edir. Yəqin, onu da anlamaq mümkündür ki, niyə dünya poeziyasına Nizami və Füzulini, Xaqani və Seyid Əzim Şirvanini, Məhsəti və Xurşidbanu Natəvan, B.Vahabzadə və Şəhriyarı, astronomiyasına və riyaziyyatına Nəsirəddin Tusi və Lütfi Zadə, Y.Məmmədəliyevi, memarlığına Əsir Əli və Əbubəkr Əcəmini, fəlsəfəsinə Fəzlullah Nəimi və İmadəddin Nəsimini, Rəşidəddini, Bəhmənyarı, Heydər Hüseynovu, rəssamlığına Kəmaləddin Behzad, Sultan Məhəmməd və Səttar Bəhlulzadəni, nəsrinə Mirzə Fətəli Axundov və Mirzə Cəlil Məmmədquluzadəni, dövlət quruculuğuna Qara Yusifi və Uzun Həsəni, Şah İsmayıl Xətaini və Məmməd Əmin Rəsulzadəni, Heydər Əliyevi, diplomatiyasına Şirvanşah İbrahim və Sara Xatunu və bir çox başqa şəxsi bəxş etmiş xalq indi hərdən pessimist düşüncələrə qərq olur, hətta natamamlıq kompleksinə qapılır. Çox güman ki, bu sayaq üsullar üzərində keçmiş SSRİ Müdafiə Nazirliyinin və ya Dövlət Təhlükəsizliyi Komitəsinin məxfi institutları işləyib, indi isə RF Federal Təhlükəsizlik Xidmətinin, eləcə də digər dövlətlərin müvafiq qurumları işləyir. Ancaq məlum olan faktlar indiyəcən sübutu olmasa da, təkzibolunmaz mühakimə yürütməyə əsas verir: Azərbaycan xalqı üzərində "dolayı etnosid" adlandırılan əməliyyat aparılıb və çox ehtimal, indiyəcən, SSRİ dağılandan sonra da aparılır. Hər halda, ən azından bu istiqamətdə informasiya xarakterli təxribatlar yox deyildir.
Biz vətəndaşlıq şüuru hələ tam möhkəmlənməmiş vətəndaşlar olduğumuzdan milli natamamlıq kompleksinin hər hansı təzahürünə qarşı ciddi mübarizə aparmalıyıq, yəni onu doğuran amillərin aradan qaldırılması gündəlik işlər sırasına qoyulmalıdır. Azad Azərbaycan Respublikası qurulub, ölkə sürətli inkişaf nəticəsində bölgənin lider dövlətinə çevrilib və beynəlxalq münasibətlərdə fəal rol oynayır. Dağlıq Qarabağ probleminin qalması üzündən biz şərq və qərb sivilizasiyaları arasında birmənalı seçim məsələsində hələ də ehtiyatlı tərəddüdlərimiz qalır. "Azərbaycanlılar avropalıdırlar, yoxsa asiyalı?" məsələsində Avropa yönümlü siyasətimiz uğurlu nəticələr verməkdədir. Xalqımız azad bazar iqtisadiyyatına söykənən dünyəvi xarakterli ictimai-siyasi sistemə, onun doğurduğu həyat tərzi və dəyərlərə demək olar ki, uyğunlaşmaqdadır. Yaxın qonşularımızın təcavüz, ayrı-seçkilik, pozucu, radikal dini baxışları ixrac etmək siyasətləri ağır problemlər yaratmaqda davam etsə də, sürətli inkişafımızın qarşısını ala bilmir. Nəticədə Azərbaycana vurulan siyasi və hərbi zərər azalmasa da, azərbaycanlı şüuruna, psixologiyasına olan mənfi təsirlər hiss ediləcək dərəcədə azalıb. Güney Azərbaycan mövzularına, mədəniyyətimizin türk və islam mədəniyyətləri kontekstində öyrənilməsinə yasaqlar götürülüb, bu istiqamətdə tədqiqatlar aparılır və mətbuat, radio və televiziya vasitəsilə təbliğat gedir. Azərbaycanlılara sırınmış "kiçik xalq" rolunun həqiqətə uyğun olmadığını xalqın əksəriyyəti dərk edir, ona görə bu rol ilə təhtəlşüurda və psixologiyada yaşayan böyük xalq anlamı arasında ziddiyyətlər yumşalıb, kiçilməyə və yox olmağa doğru meyl edir. Azərbaycan ədəbiyyatında və ictimai fikrində pozulan təbii tarazlıq yasaqların götürülməsi nəticəsində normalaşmağa doğru gedir. Ermənilərə həm siyasətdə, həm informasiyada uduzduğumuz dövrlər yavaş-yavaş geridə qalmaqdadır. Müstəqil Azərbaycanın müxtəlif dünya səviyyəli idman yarışlarında, o cümlədən son Olimpiya Oyunlarında ermənilərdən artıq qazandığı uğurlar xalqın iftixar mənbəyidir və əsil vəziyyətin necə olduğunu əyani göstərir. Avroviziya, I İslam Oyunları yarışlarının, sivilizasiyalararası münasibətlərə həsr olunmuş bir sıra beynəlxalq forumların Azərbaycanda keçirilməsi milli qürurumuzu qanadlandırmaqla yanaşı, milli natamamlıq kompleksini doğuran səbəblərin aradan qalxması prosesini xeyli sürətləndirir.