“İslahatlar öz gözəl nəticələrini verir” Siyasət

“İslahatlar öz gözəl nəticələrini verir”

"İlin birinci ayının sosial-iqtisadi göstəriciləri deməyə əsas verir ki, aparılan islahatlar öz gözəl nəticələrini verir".
Bunu dünən Prezident İlham Əliyev iqtisadi və sosial məsələlərlə bağlı müşavirədə bildirib.
Dövlət başçısı deyib ki, 2018-ci il dərin iqtisadi islahatlar ili olmuşdur, xüsusilə prezident seçkilərindən sonra islahatların yeni mərhələsinə təkan verilii: "2017-ci il isə iqtisadi sabitləşmə ili idi. Biz 2017-ci ildə iqtisadi sabitliklə bağlı çox önəmli addımlar atmışıq. Bu, bizə imkan verdi ki, 2018-ci ildə çox ciddi islahatlara başlayaq və islahatlar özünü göstərir. Əgər bu ilin yanvar ayının yekunlarına nəzər salsaq görərik ki, iqtisadi artım, yəni, ümumi daxili məhsulun artımı təxminən 3 faiz təşkil edir. Son 2-3 il ərzində bu, ən yüksək göstəricidir və onu göstərir ki, 2019-cu ildə Azərbaycanda iqtisadi artım yüksək templərlə təmin ediləcək və davam etdiriləcək. Eyni zamanda, son illər ərzində apardığımız uğurlu sənayeləşmə siyasəti öz nəticələrini göstərir. Bu ilin birinci ayında qeyri-neft sektorunda sənaye istehsalı təxminən 14 faiz artıb. Hesab edirəm ki, bu, dünya miqyasında ən yüksək göstəricilərdən biridir, bəlkə də birincisidir və onu göstərir ki, sənaye istehsalı sahəsində aparılan işlər, qəbul edilmiş qərarlar bu gün real nəticələrə gətirib çıxarır".
Prezident İlham Əliyev qeyd edib ki, iqtisadi, makroiqtisadi vəziyyət sabitdir, manatın məzənnəsi bir ildən çoxdur ki, sabit olaraq qalır, inflyasiya ən aşağı səviyyədədir: "Yəni, bütün bunlar görülmüş işlər nəticəsində mümkün olub və bir daha onu göstərir ki, sosial və iqtisadi islahatlara alternativ yoxdur. 2019-cu ilin sonrakı aylarında da çox ciddi islahatlar aparılacaq və dərinləşdiriləcək ki, ölkəmizin hər bir sahəsində inkişaf, tərəqqi olsun, vətəndaşlar daha da yaxşı yaşasınlar".


"Ölkə iqtisadiyyatına çox böyük maraq var"

Prezident İlham Əliyev qeyd edib ki, onun yanvar ayında Davos Ümumdünya İqtisadi Forumu çərçivəsində apardığı danışıqlar, keçirdiyi görüşlər ölkə iqtisadiyyatına böyük biznes tərəfindən çox böyük maraq olduğunu göstərir.
Dövlət başçısı deyib ki, Azərbaycan ilə əməkdaşlıq etmək istəyən, investisiya qoymaq istəyən şirkətlərin sayı artır və növbəti illər üçün xarici sərmayəni qeyri-neft sektoruna cəlbetmə məsələləri prioritet təşkil edəcək: "Eyni zamanda, Davosda aparıcı beynəlxalq maliyyə qurumlarının rəhbərləri ilə də görüşlərim onu göstərir ki, Azərbaycanda aparılan islahatlara çox böyük maraq var və bu islahatlara çox yüksək qiymət verilir. Biz dünyanın aparıcı beynəlxalq maliyyə qurumları – Dünya Bankı, Asiya İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Avropa İnvestisiya Bankı ilə çox səmərəli, işgüzar əməkdaşlıq aparırıq. Dünyanın bu aparıcı maliyyə qurumlarının yüksək vəzifəli nümayəndələri bu yaxınlarda Bakıda keçirilmiş Cənub Qaz Dəhlizi Məşvərət Şurasının toplantısında iştirak etmişlər və əminəm ki, bizim bu qurumlarla əməkdaşlığımız gələcəkdə də çox uğurlu olacaq".
Prezident İlham Əliyev nəzərə çatdırıb ki, yanvar ayında regionların sosial-iqtisadi inkişafına dair dördüncü Dövlət Proqramı qəbul edilib, üçüncü proqrama yekun vurulub: "Üçüncü proqram artıqlaması ilə icra edilib. Qarşımızda duran bütün vəzifələr icra olunub. Beləliklə, son 5 il ərzində, xüsusilə bölgələrdə və Bakı şəhərində böyük infrastruktur layihələri icra edilib. Beş ilə hesablanan dördüncü proqram bizə imkan verəcək ki, bu günə qədər görə bilmədiyimiz işləri, layihələri yerinə yetirək və bu gün icra olunan layihələri başa çatdıraq".
Dövlət başçısı qeyd edib ki, aparılan ciddi iqtisadi islahatlar, şəffaflıqla bağlı görülən işlər büdcə daxilolmalarına da müsbət təsir göstərib: "Bildirməliyəm ki, təkcə ilin birinci ayında daxilolmalar kəskin artıb. Vergi orqanları plandan əlavə 80 milyon manatdan çox vəsait toplayıb. Gömrük orqanları isə plandan əlavə 20 milyon manatdan çox vəsait toplayıblar və ümumi daxilolmalar 105 milyon manat artıb, təkcə bir ay ərzində. Bu, nəyi göstərir? Onu göstərir ki, bu sahədə aparılan islahatlar, şəffaflıqla bağlı atılan addımlar öz nəticəsini verir. Bu gün islahatların dərinləşməsi üçün çox gözəl şərait yaradılıb".

"Gələcəkdə minimum əməkhaqları və pensiyalar artırılacaq"

Azərbaycan prezidenti deyib ki, bu il minimum əməkhaqqı əhəmiyyətli dərəcədə artırılıb: "38 faiz. Bu böyük artımdır, 130 manatdan 180 manata qalxıb. Bu, 600 min insanı əhatə edir. Ancaq o da həqiqətdir ki, bu rəqəm bizi heç də razı sala bilməz".
Azərbaycan prezidentinin sözlərinə görə, müvafiq göstərişlər verilib ki, minimum əməkhaqqının gələcək artımı ilə bağlı təkliflər hazırlansın: "İndi bunun maliyyə yükünü, əlbəttə ki, biz qiymətləndirməliyik. Əlbəttə ki, gələcəkdə minimum əməkhaqları və pensiyalar ardıcıl olaraq artırılacaq. Minimum pensiyalarla bağlı çox ciddi qərar qəbul edildi. Minimum pensiyaların məbləği də təxminən 38 faiz, bir qədər çox artmışdır - 116 manatdan 160 manata qədər. Bu gün minimum pensiyanın səviyyəsinə görə Azərbaycan MDB məkanında ikinci yerdədir. Ancaq onu da bilməliyik ki, bu, son hədd deyil. Əlbəttə ki, əməkhaqlarının, pensiyaların artırılması gündəlikdə duran əsas məsələlərdən biridir. Minimum pensiyanın artırılması 223 min insanın pensiya təminatını yaxşılaşdıracaq".


Biz bu məsələyə də son qoyduq

Azərbaycan prezidenti qeyd edib ki, uzun illər ərzində vətəndaşları narahat edən problemlərdən biri də vaxtilə tikilmiş və hansısa səbəblərə görə rəsmi olaraq qəbul edilməmiş çoxmənzilli mənzillərin sənədləşməsi məsələsi idi. Dövlət başçısı bu məsələyə də son qoyulduğunu bildirib.
Dövlət başçısı deyib ki, imzaladığı fərman əsasında artıq bu məsələ həll olunmuş hesab edilməlidir: "Yaxın gələcəkdə müvafiq dövlət orqanları bütün sənədləşmə işlərini apararaq məsələnin həllini təmin edəcəklər. Dörd yüz çoxmənzilli binada təxminən 60 minə yaxın əhali yaşayır. O vətəndaşların ailə tərkibləri təqribən toplam 300-400 min arasıdır. Yəni, bu da çox ciddi addım idi. Biz bunu da həll etdik".
Prezident İlham Əliyev bir məsələni də qeyd etmək istədiyini söyləyib: "Artıq bir neçə aydır ki, ciddi sosial paket üzərində iş aparılır. Bu sosial paketin ilk təzahürləri haqqında mən artıq bildirdim, minimum əməkhaqqının, minimum pensiyanın, tələbələrin təqaüdlərinin artırılması, digər ödənişlərin verilməsi bütün böyük sosial paketin tərkib hissəsidir. Eyni zamanda, sosial müavinətlərlə bağlı olan məsələ də öz həllini tapacaq. Sosial müavinətlər çox əhəmiyyətli dərəcədə artırılacaq. Yəni, bütün bunlar – bu çox böyük proqram 500 mindən çox əhalini əhatə edəcək. Sadaladığım bütüm bu təşəbbüsləri əgər biz təhlil etsək, o cümlədən problemli kreditlərdən əziyyət çəkən vətəndaşların da sayını müəyyən etsək, təqribən 2 milyon 200 min əhali dövlətin sosial təşəbbüslərinin icrasından böyük dərəcədə faydalanacaq. Bu, çox ciddi sosial paketdir. Bir daha demək istəyirəm ki, bu paketin reallaşması, ilk növbədə, bizim güclü siyasi iradəmizə söykənir. Çünki mən dəfələrlə demişəm, bir daha demək istəyirəm ki, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Eyni zamanda, bizim maliyyə imkanlarımız buna imkan verir. Maliyyə imkanlarımızı biz əldə etmişik, biz yaratmışıq. Məhz aparılan islahatlar nəticəsində bizim gəlirlərimiz, büdcə gəlirlərimiz artır, artacaq və artmalıdır. Ona görə bir daha demək istəyirəm ki, bizim iqtisadi inkişafımız sosial məsələlərin həlli ilə nə qədər bağlıdır. Bu da təbiidir. Bizdə güclü iradə, güclü sosial siyasət var. Eyni zamanda, elan edilmiş və icra edilən ciddi iqtisadi və sosial islahatlar bizə imkan verir ki, əlavə maliyyə resurslarını məhz vətəndaşların rifah halının yaxşılaşmasına yönəldək. Əminəm ki, 2019-cu il bütövlükdə ölkəmiz üçün uğurlu il olacaq. Azərbaycan 2019-cu ildə uğurlar və inkişaf yolu ilə gedəcək".