Prezident İlham Əliyev Vyetnamın vitse-prezidentinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib Siyasət

Prezident İlham Əliyev Vyetnamın vitse-prezidentinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 24-də Vyetnam Sosialist Respublikasının vitse-prezidenti xanım Danq Thi Nqok Thinhin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

AZƏRTAC xəbər verir ki, nümayəndə heyətini salamlayan Prezident İlham ƏLİYEV dedi:

-Mən Sizi Azərbaycanda salamlamağa şadam. Ölkəmizə xoş gəlmisiniz.

Mən çox məmnunam ki, dost Vyetnam ölkəsi Qoşulmama Hərəkatı Zirvə Görüşünün işində yüksək səviyyədə iştirak edir. Bu, sizin ölkənizin belə mühüm beynəlxalq təşkilatda iştiraka böyük diqqət yetirdiyini sübut edir. Bildiyiniz kimi, Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi üzərinə götürməsi ilə bağlı qərar bütün üzvlər tərəfindən yekdilliklə qəbul olunub. Bu, üzv ölkələr tərəfindən Azərbaycana böyük hörmətin, etimadın təzahürüdür. Biz də sədr kimi qarşıdakı üç il ərzində Qoşulmama Hərəkatının bütün beynəlxalq məsələlərdə fəal iştirakının davamı üçün əlimizdən gələni edəcəyik. Həmçinin biz üzv ölkələrlə, o cümlədən sizin ölkənizlə ikitərəfli əlaqələri daha çox fəallaşdırmağı planlaşdırırıq. Mən şadam ki, münasibətlərimiz çox dinamik, uğurla inkişaf edir və qarşılıqlı hörmətə əsaslanır.

Mən sizin ölkənizə rəsmi səfərimi məmnuniyyətlə xatırlayıram. Mən ölkənizin sürətli inkişafından, mühüm sosial məsələlərin həlli və iqtisadiyyatın çox dinamik artımından təsirləndim. Həmçinin mənim Azərbaycanın ali təhsil müəssisələrinin Vyetnamda mühüm dövlət və ictimai vəzifələri tutan məzunları ilə ayrıca görüşüm oldu. Bu görüşdə mən vaxtilə Bakıda təhsil alan dostlarımızı Azərbaycana səfərə dəvət etdim. Onlar mənim dəvətimi qəbul edərək burada çox yaxşı günlər keçirdilər. Bundan bir il sonra - 2015-ci ildə Vyetnam Prezidenti Azərbaycana rəsmi səfərə gəldi. Yəni, bu, münasibətlərin dinamikasının müəyyənləşdiyindən xəbər verir və sizin bugünkü səfəriniz də əlaqələrimizin dostluq xarakterini bir daha təsdiq edir. Əminəm ki, gələcəkdə də bizim dostluq əlaqələrimiz uğurla inkişaf edərək siyasi, iqtisadi, humanitar və digər sahələri əhatə edəcək. Bir daha xoş gəlmisiniz.

Vyetnamın vitse-prezidenti xanım Danq Thi Nqok THİNH dedi:

-Hörmətli cənab Prezident.

İlk növbədə, Sizinlə görüşməyimə çox şadam. Çox sağ olun ki, bizim nümayəndə heyətini qəbul etməyə vaxt tapmısınız. Azərbaycanda keçirilən Zirvə Görüşü zamanı bizim nümayəndə heyətinin səmimi qəbuluna görə təşəkkürümüzü bildirmək istərdim.

Bu, sizin gözəl və çox müasir ölkənizə - Azərbaycana mənim ilk səfərimdir. Bu Zirvə Görüşünün Azərbaycan tərəfindən təşkilini çox yüksək qiymətləndirirəm və ölkənizin inkişafında qazanılmış böyük uğurlar münasibətilə Sizi təbrik etmək istərdim.

Sizin dediyiniz kimi, Vyetnam da Azərbaycanla dostluq və əməkdaşlıq münasibətlərinin inkişafına və möhkəmlənməsinə böyük əhəmiyyət verir. Fürsətdən istifadə edib, bizim Baş katibimiz, Vyetnam Prezidenti Nquyen Fu Çonqun Sizə səmimi salamlarını və Vyetnama rəsmi səfərə dəvətini çatdırmaq istərdim. Vyetnam hökuməti və xalqı ölkənin müdafiəsi və quruculuğu işində Azərbaycan xalqı tərəfindən Vyetnam xalqına göstərilmiş böyük köməyi heç vaxt unutmur. Xüsusilə kadrlar hazırlanması işində, o cümlədən Siz dediyiniz kimi, neft mütəxəssislərinin hazırlanması sahəsində Azərbaycan Vyetnama böyük kömək göstərib.

Bu il ikitərəfli münasibətlərdə çox mühüm mərhələdir. Biz 1959-cu ilin iyulunda Prezidentimiz Xo Şi Minin Azərbaycana səfərinin 60 illiyini qeyd edirik. Mənim fikrimcə, bu səfər həmin andan bizim ölkələrimiz arasında münasibətlərin inkişafının təməlini qoyub. Müasir neft sənayesinin inkişafında Bakı Vyetnam üçün xüsusi nümunədir. Mən Sizin fikrinizlə tamamilə razıyam ki, gələcəkdə bütün sahələrdə münasibətlərimizin inkişafı üçün səy göstərməliyik. Mən, həmçinin təklif edirəm ki, tərəflər ən yüksək səviyyədə əldə edilmiş bütün razılaşmaların həyata keçirilməsini sürətləndirsinlər, idarələr, nazirliklər arasında, partiya və parlament xətti ilə əməkdaşlığı fəallaşdırsınlar. Biz elmi-texniki, iqtisadi-ticari əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya çərçivəsində də sıx əməkdaşlıq etməliyik ki, iqtisadiyyat və ticarət, investisiyalar, elm və texnologiyalar sahəsində münasibətlərimiz daha da inkişaf etsin. Yarana biləcək çətinliklərin vaxtında aradan qaldırılması, habelə əməkdaşlığın yeni dövrün tələblərinə uyğun irəliləməsi üçün tərəflər bu komissiyanın vaxtaşırı iclaslarının keçirilməsi imkanlarını qoruyub saxlamalıdırlar.

Siz qeyd etdiyiniz kimi, ölkələrimiz arasında münasibətlərin inkişafı üçün böyük potensial vardır. Buna görə də biz hesab edirik ki, tərəflər neft kimyası, neft-qaz sənayesi kimi sahələrdə əlaqələrin, ticarət, kənd təsərrüfatı, turizm sahələrində, humanitar sahədə əməkdaşlığın inkişafına böyük əhəmiyyət verməlidirlər. Mən, həmçinin təklif edirəm ki, tərəflər kadr hazırlığı, xüsusən neft mütəxəssisləri və mühəndislər hazırlığı sahəsində səmərəli praktiki əməkdaşlığı bərpa etsinlər.

Fürsətdən istifadə edib, 2019-2021-ci illərdə Vyetnamın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə namizədliyinin dəstəklənməsinə görə Azərbaycana bir daha təşəkkür etmək istəyirik. Təklif edirəm ki, tərəflər beynəlxalq arenada, o cümlədən BMT və Qoşulmama Hərəkatı çərçivəsində qarşılıqlı dəstək ənənəsini davam etdirsinlər.

Sonda xatirə şəkli çəkdirildi.