“Ağ Ev rəhbəri real vəziyyətə nəzarət edə bilmir” Siyasət

“Ağ Ev rəhbəri real vəziyyətə nəzarət edə bilmir”

“Amerikanın siyasi rəhbərliyinin verdiyi vədlər müəyyən müddət sonra dəyişikliyə məruz qalır. Bunu təcrübə də göstərir. Budəfəki qeyri-müəyyənlik isə Donald Trampın səriştəsizliyindən irəli gəlir. Ağ Ev rəhbəri real vəziyyətə nəzarət edə bilmir. Onun hərbi-siyasi məsələlərə birbaşa təsir imkanları çox zəifdir. Əksinə, hərbi-siyasi dairələrin prezidentə müqaviməti daha güclüdür”. Bu fikirləri politoloq İlqar Vəlizadə deyib.
Ölkənin siyasi dairələri ilə prezident arasında ziddiyyət, qarşıdurmanın mövcud olduğunu deyən politoloq söyləyib ki, İŞİD lideri Bağdadi ilə bağlı prosesdə Pentaqon bəzi məlumatların açıqlanmasını istəmirdi: “Ancaq Tramp terrorçunun məhvi ilə bağlı sirləri açdı. Digər tərəfdən Tramp Suriyadan çıxacağını iddia edirdi. İlkin dövrdə Amerika hərbiçilərinin və texnikasının bir hissəsi müəyyən edilmiş bölgədən geri çəkilsə də, qısa zaman sonra yenidən tərk etdikləri əraziyə qayıtdılar. Ona görə də bu cür bir siyasi rəhbərlə konkret danışıq aparmaq və üzərinə məsuliyyət yükləmək mümkün olmur”.
İ. Vəlizadə söyləyib ki, xüsusən, ölkədə hərbi-siyasi məsələlər birbaşa dövlət başçısından asılıdır: “Türkiyə rəhbərliyi Putin-Ərdoğan görüşünə xüsusi xəritələrlə gəlmişdi. Çox güman ki, xəritədə qoşunların yerləşdirildiyi bölgələr və bazalar əks olunmuşdu. Ancaq əminəm ki, Trampın heç xəbəri də yoxdur ki, amerikalı hərbiçilər Suriyanın hansı bölgəsində yerləşir. Ankara hökuməti reallığın fərqində olduğu üçün daha çox Rusiya ilə əməkdaşlığa üstünlük verir”.