“Ermənistan rəhbərliyi müstəqil siyasətə malik deyil” Siyasət

“Ermənistan rəhbərliyi müstəqil siyasətə malik deyil”

“Belə bir vəziyyətdə Azərbaycanın hərbi gücdən istifadə etməkdən başqa yolu qalmır”

“Azərbaycan və Ermənistan xarici işlər nazirləri Bratislavada bir araya gələcək. Hesab edirəm ki, bu görüşdə Ermənistanın gələn il də davam etdirilməsi nəzərdə tutulan danışıqlarda mövqeyi aydın olacaq. Elmar Məmmədyarov da bunu xüsusilə qeyd edir”. Bunu politoloq Məhəmməd Əsədullazadə deyib. Ekspert qeyd edib ki, görüşdə atəşkəsin qorunub saxlanılması, jurnalistlərin və ictimai-siyasi şəxslərin qarşılıqlı səfərlərinin təşkili kimi məsələlər müzakirə olunacaq: “Bu iki məsələ Ermənistanın xeyrinədir. Həm atəşkəsə nail olur, həm də jurnalistlərin səfəri ilə özünü “sülhpərvər” kimi göstərir, həmçinin işğalı davam etdirir, cəbhə bölgəsində yeni silahlar yerləşdirməklə istehkam işlərini möhkəmləndirir. Bu faktorlar isə Azərbaycanın xeyrinə deyil.
Digər yandan, gözləntinin əksinə olaraq, Ermənistan tərəfi əsirlikdə olan Dilqəm Əsgərov və Şahbaz Quliyevi azad etmədi. Deməli, Ermənistanın etimad mühitinin yaradılması istiqamətində atdığı addımlar manipulyativ xarakterdədir. Əgər Ermənistan etimad mühitinin formalaşmasında maraqlıdırsa, ilk növbədə iki girovumuzu azad etməlidir”. Məhəmməd Əsədullazadə qeyd edib ki, xarici işlər nazirlərinin Bratislava görüşü sadəcə, danışıqların davam etdirilməsi üçün siyasi şərait yaradacaq: “Qənaətimə görə, Ermənistan tərəfi hazırkı durumda kompromisə hazır deyil. Erməni rəhbərliyi müstəqil siyasətə malik olmadığı üçün danışıqlar da müsbət addım ata bilmir. Belə bir vəziyyətdə isə Azərbaycanın öz hərbi gücündən istifadə etməkdən başqa yolu qalmır”.