“2020-ci ilin büdcəsi Azərbaycan reallığı nəzərə alınmaqla hazırlanıb” Siyasət

“2020-ci ilin büdcəsi Azərbaycan reallığı nəzərə alınmaqla hazırlanıb”

Musa Quliyev: “Dövlətin əsas məqsədi xalqın yaşayış rifahının yaxşılaşdırılmasıdır”

“Bu ilin əvvəlində Şamaxıda baş verən zəlzələdən sonra Prezidentin operativ reaksiyası xalqa göstərilən diqqətin daha bir bariz nümunəsi idi. Həmin vaxt cənab Prezidentin bölgəyə səfər etməsi, sakinlərlə görüşməsi, o cümlədən dağılan evlərin yerinə yeni evlərin tikilərək vətəndaşlara təqdim edilməsi barədə tapşırıq verməsi və bu tapşırığın qısa müddətdə icra olunması, eyni zamanda Prezidentin bu evlərin açılışında da iştirak etməsi bu gün Şamaxı sakinləri tərəfindən çox böyük razılıqla qarşılanır”. Bu fikirləri deputat Musa Quliyev səsləndirib. M.Quliyev əlavə edib ki, eyni zamanda, cənab Prezident Şamaxıda çox ciddi mesajlar verdi: “Dövlət başçısı söylədi ki, Azərbaycan dövləti Azərbaycan xalqını müdafiə edir, qoruyur. Əlbəttə, onu müdafiə edən, qoruyan Prezidenti xalq da qoruyur və onun yanındadır. Şamaxı səfəri bir daha sübut etdi ki, Prezident İlham Əliyevin siyasətinin mərkəzində Azərbaycan xalqı, xalqın sosial rifahı dayanır və xalq da bunu qiymətləndirir".
M.Quliyev vurğulayıb ki, Azərbaycanda vətəndaşa göstərilən diqqət hər il dövlət büdcəsində də öz əksini tapır: "2020-ci ilin büdcəsi də Azərbaycan reallığı nəzərə alınmaqla hazırlanıb. Bu büdcənin sosialyönümlü olması bir daha göstərir ki, dövlətin əsas məqsədi xalqın yaşayış rifahının yaxşılaşdırılmasıdır. Gələn il də belə olacaq. İnflyasiyanın aşağı həddə olması bir daha onu göstərir ki, Azərbaycan xalqı gələn il daha yaxşı yaşayacaq. Əlbəttə ki, bütün bunlara dövlət başçısının rəhbərliyi ilə aparılan uğurlu siyasət nəticəsində nail olunub. 2019-cu il həyatımıza sosial müdafiə və sosial rifah ili kimi yadda qalacaq. Bu il ölkəmizdə sosial müdafiə sahəsində xüsusi əhəmiyyətli bir il oldu. Bir-birinin ardınca həyata keçirilən sosial paketlər ölkədə sosial inkişafı, sosial rifahın yüksəldilməsini təmin etdi. Təkcə 2019-cu ildə minimum əməkhaqqı və sosial müavinətlər iki dəfə, minimum pensiya 70 faiz artırıldı, iki sosial paketin əhatə dairəsi 4,2 milyon vətəndaşı əhatə etdi. Xalq bütün bunları öz həyatında hiss edir və daim dövlət başçısının ətrafında sıx birləşir". Bir daha qeyd edək ki, ölkəmizin iqtisadi qüdrətinin artması vətəndaşların sosial rifahının yüksəldilməsinə yönəlmiş layihələrin həyata keçirilməsinə zəmin yaradıb. Prezident İlham Əliyevin cari ildə təqdim etdiyi və əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində inqilabi addımların atılmasını təmin edən sosial islahatlar paketində pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi, bu məqsədlə pensiya artımı xüsusi yer tutur. Belə ki, minimum pensiya 2019-cu il martın 1-dən 116 manatdan (bir sıra kateqoriyalar üzrə 80 manatdan) 160 manata çatdırıldı ki, həmin artım 233 min vətəndaşı əhatə etdi. Dövlət başçısının sosial islahatlar paketinin tərkib hissəsi kimi, ölkəmizdə əmək pensiyasının minimum məbləği bu il ərzində 72,4 faiz artırılmış oldu. Digər tərəfdən, yeni məbləğlə ölkəmizdə minimum pensiya məbləğinin pensiyaçılar üçün yaşayış minimumunu (149 manat) 34,2 faizədək üstələməsi təmin edilir. Həmçinin minimum pensiyanın alıcılıq qabiliyyəti baxımından Azərbaycan MDB-də ilk yeri tutmuş oldu.Təkcə bu faktlar bir daha sübut edir ki, Azərbaycan iqtidarının həyata keçirdiyi siyasi kurs xalqımızın milli maraqlarına, dövlət, xalq mənafeyinə əsaslanır.