“Namizədlər sərbəst şəkildə ayrılmış yerlərdə seçiciləri ilə görüşə bilərlər” Siyasət

“Namizədlər sərbəst şəkildə ayrılmış yerlərdə seçiciləri ilə görüşə bilərlər”

Məzahir Pənahov: “Həmin ərazilər MSK tərəfindən yoxlanılıb”

“İndiyə qədər Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar 2000-ə yaxın yerli və xarici müşahidəçi müraciət edib və onların demək olar ki, hamısı müsbət cavab alıb”.
Bunu dünən jurnalistlərə açıqlamasında Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bildirib.
MSK sədri deyib ki, qeydiyyatdan keçənlərin 1630 nəfəri yerli müşahidəçidir: “Xarici müşahidəçilərin sayı isə 70-ə yaxındır. ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun, Müstəqil Dövlətlər Birliyi Parlament Assembleyasının müşahidə missiyası artıq fəaliyyətə başlayıb. İtaliya, Çexiya parlamentlərinin, Litva Seyminin müşahidəçiləri artıq akkreditasiyadan keçiblər. Moldova Mərkəzi Seçki Komissiyasının nümayəndələri də seçkiləri müşahidə edəcək. Xarici müşahidəçilərin qeydiyyatı prosesi davam edir”.
“Azərbaycanda Milli Məclisə fevralın 9-da keçiriləcək növbədənkənar seçkilərdə namizədlərin seçiciləri ilə görüşməsi üçün lazımi şərait təmin olunub”-MSK sədri bildirib ki, bütün seçki dairələrində namizədlərin öz seçiciləri ilə görüşməsi üçün ciddi tələblərə cavab verən yerlər ayrılıb: “Həmin ərazilər MSK tərəfindən yoxlanılıb. Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq açıq və qapalı yerlər ayrılıb. Həmin yerlər rəsmi şəkildə mətbuatda dərc edilib. Namizədlər sərbəst şəkildə ayrılmış yerlərdə seçiciləri ilə görüşə bilərlər”.