İsa Qəmbər müsavatçıları ələ salır? Siyasət

İsa Qəmbər müsavatçıları ələ salır?

Nüşabə Sadıqlı: "O, Müsavat başqanlığından rəmzi olaraq gedir və partiyanı nəzarətsiz qoymayacaq"
Sərdar Cəlaloğlu: "Müsavatda böhran yaşanır və bundan daha az itki ilə çıxmaq üçün müəyyən yollar axtarılır"
Araz Əlizadə: "İsa Qəmbərə yeni status verilsə, olacaq başqanbaşı"

Müsavatın qurultayı yaxınlaşdıqca partiya daxilində ziddiyyətlər də dərinləşir. Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı deyib ki, Müsavat Partiyası qurultayqabağı 70-ə yaxın rayonda konfrans keçirib: "Həmin rayonlardan qurultayda iştirak edəcək nümayəndələr də seçilib".
Müsavat başqanlığına namizəd partiyanın Divan üzvü Tural Abbaslı bildirib ki, partiya başqanlığına özünün daha faydalı olacağına inandığı üçün namizədliyini verib: "Potensial rəqib deyəndə, rəqib bir az daha radikal anlayışdır. Müsavatda rəqiblər yox, alternativlər var. Başqanlığa namizədliyini verənlərin hamısını özümə alternativ görürəm. Biz bu günə qədər bir-birimizə alternativiksə, bu o demək deyil ki, bir-birimizi bəyənmirik. Mən düşünürəm ki, mənim başqan seçilməyim partiyamıza və mübarizəmizə daha xeyirli olacaq. Onlar da düşünürlər ki, onların seçilməsi daha məqsədəuyğundur. Biz indi bir ay ərzində təbliğat-təşviqat kampaniyası müddətində fikirlərimizi, iddialarımızı qurultay nümayəndələrinə çatdıracağıq. Və onlar da özləri üçün müəyyən edəcəklər ki, növbəti 4 ildə Müsavat Partiyasına kim başqanlıq etsin".
Başqanlıq yarışmasının start götürdüyü bir vaxtda bəlli olub ki, İsa Qəmbər partiya başqanlığından rəmzi olaraq gedir.
Müsavat Divanının üzvü Nüşabə Sadıqlı bildirib ki, Müsavatda hər kəs İsa Qəmbərin qurultaydan sonra partiyadakı statusu barədə düşünür: "Mən təklif edirəm İsa Qəmbərə elə bir status verilsin ki, həmin status partiyada bütün məsələlərə müdaxilə etmək imkanı versin. İsa bəy təbiət etibarilə elə bir insandır ki, Müsavat Partiyasını nəzarətsiz qoymayacaq. Şübhəsiz ki, İsa Qəmbərin nəzarəti Müsavat Partiyasının üzərində olacaq. Ancaq rəsmi bir status verilməsi vacibdir. Adının necə olmasından asılı olmayaraq ciddi bir status verilməlidir. Elə bir status ki, İsa Qəmbərin həmin statusla partiyanın işinə müdaxilə eləmək imkanları olsun".
Nüşabə Sadıqlı hesab edir ki, İsa Qəmbərə verilən statusun hətta partiya başqanının səlahiyyətlərindən də üstün olması mümkündür: "Bu ola bilər və mənimlə həmfikir olan bir sıra şəxslər bunun üzərində düşünürük. Mövqeyimizi də təklif kimi qurultayda rəsmən irəli sürəcəyik. Çalışacağıq ki, təklif qəbul edilsin. İnanıram ki, heç bir problem ortaya çıxmadan qurultay bunu qəbul edəcək".
Bugünlərdə Müsavat başqanının müşavirliyindən istefa vermiş Səxavət Əlisoy bildirib ki, onun Müsavatdakı fəaliyyətinə qısqanc yanaşanlar olub: "Biz demokratik ruhda tərbiyə almışıq, demokratik ruhda mübarizəyə öyrənmişik. Hesab ediriksə ki, hər hansı məsələ yanlışdır, buna etirazımızı bildiririk. Daha düşünmürük ki, bu kiminsə xoşuna gəlməyə bilər. Çox təəssüf ki, cəmiyyətdə, o cümlədən Müsavat Partiyası daxilində bunu həzm etməyənlər var. Onların qənaətinə görə, Müsavat Partiyasının üzvüsənsə, qatıq qara da olsa, ona ağ deməlisən. Bu kökündən yanlış və mənasız bir yanaşmadır. Bu gün Müsavat Partiyası daxilində müəyyən qruplaşmalar var və həmin qruplaşmalara oynayan funksionerlər hər vəchlə bizi gözdən salmağa, haqlı mövqeyimizi fərqli istiqamətə yozmağa çalışırlar".
Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu İsa Qəmbərin gələcək statusu ilə bağlı təklifləri belə şərh edib: "Müsavatda bir böhran yaşanır və baş verənlərdən daha az itki ilə çıxmaq üçün müəyyən yollar axtarılır. Görünür, bu səbəbdəndir ki, Divan üzvü Nüşabə Sadıqlı məlum təkliflə çıxış edib. Əgər bu təklif keçərli olsa, bu zaman Müsavat Partiyası öz nizamnaməsində dəyişiklik etməlidir. Digər tərəfdən, biz daha öncələr də görmüşdük ki, partiyalarından gedən sədrlər daha sonra həmin təşkilatların lideri statusunu alırlar. Bu, vaxtilə Etibar Məmmədovun sədri olduğu AMİP-də də olub, Lalə Şövkət Hacıyevanın rəhbəri olduğu ALP-də də! İndi yəqin ki, Müsavat Partiyası da İsa Qəmbərlə bunu etmək istəyir. Ancaq bunu etmək üçün partiyanın nizamnaməsində hökmən dəyişiklik edilməlidir. Yəni Müsavat Partiyasının nizamnaməsi mütləq dəyişdirilməlidir".
Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə isə deyib ki, İsa Qəmbərə yeni status verilə bilər: "O zaman olacaq başqanbaşı".
ASDP sədrinin fikrincə, müsavatçılar bunu reallaşdırsalar, demək AMİP-dən oğurluq edəcəklər: "Bunlar indi də AMİP-dən oğurluq etmək istəyirlər. AMİP-də partiyanın sədri və lideri var. Amma bütün bunlar partiyada heç nəyi dəyişmir. Yəni bu kimi oyunbazlıqlara gedərək siyasi səhnədə qalmaq istəyirlər. Elə isə partiyanın nizamnaməsində dəyişiklik etsinlər, başqanlığa məhdudiyyəti götürsünlər İsa Qəmbər də ömür boyu Müsavat başqanı olsun. Məsələn, ASDP-də sədr olmaq üçün məhdudiyyət yoxdur. 16 il Helmut Kol Almaniyanın kansleri oldu, dünya dağılmadı ki! Artıq hazırkı kansler Anjela Merkel də 16 ilə yaxındır ki, bu vəzifədədir".
Xatırladaq ki, Müsavat Partiyasının qurultayı sentyabrın 27-nə təyin olunub və artıq başqanlığa namizədlər rəsmən öz namizədliklərini irəli sürməkdədirlər.

Əli