Bir sıra qanun layihələri BMT-nin “Əlillərin hüquqları haqqında” Konvensiyasının tələblərinə uyğunlaşdırılıb Siyasət

Bir sıra qanun layihələri BMT-nin “Əlillərin hüquqları haqqında” Konvensiyasının tələblərinə uyğunlaşdırılıb

Mayın 7-də Milli Məclisin Gənclər və İdman komitəsinin onlayn iclası keçirilib.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, iclası MM-in sədr müavini, Gənclər və İdman komitəsinin sədri Adil Əliyev aparıb. Tədbirdə komitənin deputatları ilə yanaşı Milli Məclis Aparatının aidiyyəti şöbələrinin əməkdaşları da iştirak ediblər.
İclasda “Gənclər siyasəti haqqında”, “Könüllü fəaliyyət haqqında” və “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının Qanunlarında dəyişiklik edilməsi barədə qanun layihələri müzakirə edilib.
Müzakirələr zamanı dövlətimiz tərəfindən gənclərə, xüsusilə də əlilliyi olan şəxslərə göstərilən diqqət və qayğıdan danışılıb, bunun davamı kimi qanunvericiliyin təkmilləşdirilməsi məqsədəuyğun hesab edilib. Belə ki, qanunveriricilikdə nəzərdə tutulmuş “əlil” sözü Azərbaycan Respublikasının 2008-ci ildə qoşulduğu Birləşmiş Millətlər Təşkilatının “Əlillərin hüquqları haqqında” Konvensiyasının tələblərinə uyğunlaşdırılıb, habelə əlilliyi olan şəxslərin hüquqlarının daha səmərəli həyata keçirilməsi ilə əlaqədar dəyişikliklər edilməsi təklif edilib.
İclasda qanun layihələri ilə yanaşı Milli Məclisin Gənclər və İdman komitəsinin hesabatının qısa icmalı da Komitə üzvlərinə təqdim edilmiş, gələcək perspektivləri müzakirə edilib.
Onlayn iclasın sonunda müzakirə olunan sənədlər Milli Məclisin plenar iclasına tövsiyə olunub.