Xəzər düyünü çözülür? Siyasət

Xəzər düyünü çözülür?

Pərviz Heydərov: "Həll olunası və aydınlaşdırılası bir çox məqamlar yenə qalır"
Razi Abbasbəyli: "Sammitin işini ümumilikdə uğurlu hesab etmək olar"

Həştərxanda beş Xəzəryanı dövlətin - Azərbaycan, Rusiya, İran, Qazaxıstan və Türkmənistan başçılarının bir araya gəldiyi 4-cü Xəzər sammiti keçirilib. Bütün tərəflərin yekdil qənaətinə görə, bu sammit dönüş nöqtəsi olub. Həqiqətən də, heç kimin gözləmədiyi baş verib - uzun illər sürən danışıqlardan sonra "beşlik" ölkələri dənizin statusu üzrə əsas prinsipləri razılaşdırmağa nail olublar. Liderlərin sözlərinə görə, tərəflər qarşılıqlı fəaliyyətin prinsipləri barədə razılığa gəliblər və siyasi bəyanat imzalayıblar. Bu bəyanat dənizin statusu haqqında konvensiyanın imzalanacağından xəbər verir. Bu konvensiya Xəzər dənizinin statusunun müəyyən olunması haqqında yekun sənədin təməli olacaq.
Eyni zamanda, "beşlik" liderləri əmindirlər ki, sənədin imzalanması artıq 2016-cı ildə Qazaxıstanda keçiriləcək növbəti sammitdə bütün fikir ayrılıqlarının aradan qaldırılmasına nail olmaq deməkdir.
İlkin olaraq, Xəzər dənizinin dövlət suverenliyi və balıq ovu üzrə iki zonaya bölünməsi haqqında razılıq əldə olunub. Lakin on səkkiz illik danışıqlar ərzində əsas məsələ - Xəzər akvatoriyasının, daha dəqiq, şelfin sərhədlərə bölünməsi qalır. Və bu, təəccüblü deyil, axı məhz şelfin bölüşdürülməsi son nəticədə karbohidrogen ehtiyatlarının payını müəyyən edəcək. Xəzər dünyada iri neft və qaz regionlarından biridir və ehtiyatlarına görə yalnız Fars körfəzindən geri qalır.
Bu məsələdə Azərbaycan, Rusiya və Qazaxıstanın mövqeyi üst-üstə düşür, çünki bu ölkələrdən hər biri Xəzərin dibinin 20 faizindən çoxunu əldə edəcək. Azərbaycan, Rusiya və Qazaxıstan liderlərinin bəyanatına əsasən Həştərxandakı zirvə toplantısı sıçrayış olub. Ehtimal etmək olar ki, ötən görüşdə tərəflər məhz bu məsələni həll etməyə cəhd ediblər və müəyyən irəliləyişə nail olublar.
Prezident İlham Əliyevin zirvənin yekunları üzrə bəyan etdiyi kimi, toplantında "Xəzəryanı dövlətlərin mövqelərinin yaxınlaşmasında" sıçrayış olub. Deməli, danışıqlar masası arxasında kimsə Xəzərin statusu haqqında məsələnin müzakirəsinin uzanan prosesində irəliləyiş naminə ağıllı kompromisə gedib. Ona görə çox böyük ehtimalla, Xəzərin statusu üzrə əsas məsələlərdə razılaşma regiondakı qarşılıqlı fəaliyyətdə mühüm rol oynayacaq ki, bu da danışıqların bütün iştirakçılarına hiss olunacaq fayda gətirəcək.
Həmçinin qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin Xəzər dənizi ətrafında dəmiryol dairəsi layihəsinin həyata keçirilməsini dəstəkləyib. Rusiyanın "MİR" telekanalının verdiyi xəbərə görə, Putin bu layihənin perspektivli olacağını düşünür. Qeyd edək ki, layihə Xəzər dənizinin əsas limanlarının birləşdirilməsini nəzərdə tutur. Bu isə öz növbəsində yüklərin daşınması zamanı vaxtı itkisinin və artıq məsrəflərin qarşısını alır. Rusiya prezidenti hesab edir ki, sözügedən layihə Xəzəryanı ölkələrin iqtisadiyyatlarının rəqabət qabiliyyətliliyinə müsbət təsir göstərəcək.
Xəzər sammitinin iştirakçıları Xəzərin statusu ilə bağlı siyasi bəyanatı da razılaşdırıblar. Vladimir Putin verdiyi açıqlamasında "bizim üçün əsas olan odur ki, Xəzəryanı ölkələrin dövlət başçıları Xəzər dənizində beştərəfli əməkdaşlığın əsas prinsiplərinin ilk dəfə qeyd olunduğu siyasi bəyanatı razılaşdırıblar",- deyə bildirib: "Tərəfdaşlara əlverişli və zəruri kompromislər tapmaq bacarığına və hazırlığa görə minnətdaram".
Həmçinin Xəzəryanı ölkələrin birgə hərbi təlimlərinin keçirilməsi təklifi edilib. Putin bildirib ki, Xəzəryanı dövlətlərin qarşılıqlı əməkdaşlığı regiondakı təhlükəsizliyi daha da möhkəmləndirəcək. RF prezidenti qeyd edib ki, Sammitin gündəliyində Xəzərin hüquqi statusu, ekoloji vəziyyət, təhlükəsizlik, iqtisadiyyat, nəqliyyatın inkişafı üzrə bir sıra məsələlər durub: "2010-cu ildə Bakıda keçirilmiş görüşdə qəbul edilmiş sənədlərə uyğun olaraq xeyli iş aparılıb. İndiki sammitdə bu işin nəticələrini müzakirə etmək lazımdır, həmçinin Xəzərin hüquqi statusu ilə bağlı siyasi bəyanatı qəbul etmək lazımdır".
Politoloq Qabil Hüseynli Putinin Həştərxan görüşündə Xəzərin statusu ilə bağlı səsləndirdiyi təklifi şərh edib. Məlumat üçünb qeyd edək ki, Putin Xəzərin əksər hissəsindən ortaq şəkildə istifadə məsələsinin razılaşdırıldığını bildirib. Ekspert isə hesab edir ki, belə bir təklif yalnız Rusiya və İran üçün faydalı ola bilər: "Putin yeni bir həmləyə başlayıb. Bu da Xəzər həmləsidir. Burada rusların maraqlarını təmin etmək üçün müxtəlif manevrlərə gedir. Putinin irəli sürdüyü təklif Xəzərin milli sektorlara bölünməsindən imtinaya gətirib çıxarda bilər ki, bu da həm Azərbaycan, həm də digər Xəzəryanı ölkələr üçün sərfəli ola bilməz. Putinin təklifi yalnız İran üçün sərfəli ola bilər. Bu məsələdə İranla Putinin mövqeyi deyəsən üst-üstə düşür".
İran Prezidenti Həsən Ruhani rusiyalı həmkarı Vladimir Putinlə görüşü zamanı "Xəzərin siyasi statusunun razılaşdırılması sizin tərəfinizin və kolleqaların intensiv səyləri nəticəsində baş verdi",- deyə vurğulayıb. İkitərəfli münasibətlərin normal səviyyədə inkişaf etdiyini bildirən Ruhani Xəzər sammitinin səmərəli keçdiyini qeyd edib: "Sammitdəki atmosfer çox yaxşı idi və bu onu göstəririrdi ki, bütün ölkələr əməkdaşlığın inkişafına nail olub".
Rusiyanın Həştərxan şəhərində keçirilən Xəzər sammitində Xəzərin statusu ilə bağlı razılaşdırılan bəyanatda bildirilir ki, Xəzərdə tərəflərin fəaliyyəti onlar tərəfindən uyğunlaşdırılmış prinsiplər əsasında həyata keçiriləcək: "Həmçinin ölkələrin müstəqilliyinə, ərazi bütövlüyünə hörmət ediləcək. Güc tətbiq edilməməli, qarşılıqlı hörmət, əməkdaşlıqlar, ölkələrin daxili işlərinə qarışmamaq başlıca meyar olacaq".
Həmçinin fövqəladə vəziyyətlərin aradan qaldırılması sahəsində bir sıra idarələrarası razılaşmalar imzalanıb, ekologiya və meteorologiya sahəsində əməkdaşlıq ediləcək.
Bəs Xəzər sammitində imzalanan sənədlər su hövzəsinin yekun statusu ilə bağlı problemin həllinə necə təsir göstərəcək? Sammiti uğurlu hesab etmək olarmı?
İqtisadçı ekspert Pərviz Heydərov bildirdi ki, Həştərxanda beş Xəzəryanı ölkənin - Azərbaycan, Rusiya, İran, Qazaxıstan və Türkmənistanın dövlət başçılarının iştirakı il keçirilən sonuncu - 4-cü sammit status məsələsində nəhayət ki, tərəflər arasında müəyyən "şifahi" razılıqların əldə olunması ilə yadda qaldı: "Belə ki, xeyli zamandır davam edən mübahisələrdən sonra Xəzərin statusu məsələsində prinsipial razılığa gəlindiyi müşahidə olundu. Bütövlükdə isə həll olunası və aydınlaşdırılası bir çox məqamlar bizcə, yenə qalır. Xəzər dünyada karbohidrogen ehtiyatları ilə zəngin olan bölgələrdən biridir. Düzdür, bu məsələdə Azərbaycan, Rusiya və Qazaxıstanın mövqeyinin təxminən üst-üstə düşdüyü deyilir. Ancaq burada görünən hələlik budur ki, xüsusən, Rusiya tərəfi problemə yanaşmada daha çox siyasi ambisiyaları öndə saxlayır. Məsələn, Moskva Xəzərdə 5 sahilyanı ölkələrdən savayı heç kimi görmək istəmir. Ümumiyyətlə, Xəzəryanı ölkələrin sırasında ən çox Azərbaycan ilə Qazaxıstan sırf iqtisadi mövqedən çıxış edirlər. Bir daha ona qayıdırıq ki, Prezident İlham Əliyev də Həştərxan sammitinin yekunları ilə əlaqədar, toplantının 5 ölkəni mövqeləyinin yaxınlaşmasında sıçrayış rolu oynadığını bildirib. Bu isə o deməkdir ki, statusun müəyyən edilməsində yaxın gələcəkdə konkret nəticə əldə olunacağını gözləməyə dəyər".
İqtisadçı ekspert Razi Abbasbəyli isə diqqətə çatdırdı ki, ümumilikdə sammitin işini uğurlu hesab etmək olar: "Xəzəryanı dövlət üçün əsas anlaşma problemi inzibati və su hövzəsinin hüquqi tərəfləri ilə bağlı deyil. Düşünürəm ki, burada daha çox siyasi qərarın verilməsi önəmli idi. Bu baxımdan da statusla bağlı siyasi qərarın verilməsi irəliyə döoğru daha bir addımdır. Həmçinin də imzalanmış sənədlər arasında su hövzəsinə sahilyanı olmayan ölkələrin hərbi birləşmələrinin yerləşdirilməməsi ilə bağlırazılaşma da mühüm və müsbət bir sənəddir. Bu baxımdan sammitin işini ümumilikdə uğurlu hesab etmək olar".

Əli