“Bu yardımın mənəvi dəyəri daha böyükdür” – Emin Həsənli Siyasət

“Bu yardımın mənəvi dəyəri daha böyükdür” – Emin Həsənli

"Türkiyənin Azərbaycana göndərdiyi yardımın maddi dəyərindən daha artıq mənəvi əhəmiyyəti var".

Bu sözləri Türkiyənin "COVİD-19"la mübarizədə Azərbaycana humanitar yardım göndərməsini Lent.az -a şərh edən QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü Emin Həsənli deyib.

Həmsöhbətimiz iki ölkə arasında daim yardımlaşma mədəniyyətinin olmasından danışıb. O bildirib ki, iki qardaş ölkə daim - ən ağır və ən sevincli günlərində bir-birinin yanında olub:

"COVİD-19"la mübarizədə Türkiyənin Azərbaycana yardım göndərməsi qardaşlığın ən bariz nümunəsidir. Ötən əsrin əvvəlləri Çanaqqala savaşında 3000-dən artıq azərbaycanlı iştirak etdi, Osmanlı türklərinin yanında oldular. Həmçinin Bakının işğaldan azad olunması zamanı Nuru Paşanın başçılığı ilə döyüşən türklərdən 1130 nəfər burada şəhid olub. Hələ Türkiyə Cümhuriyyəti qurulanda belə Azərbaycanın zəngin neft maqnatları qardaş ölkəyə yardımlar edirdi. Hətta Mustafa Kamal Atatürk Nərimanovdan soruşub ki, bəs bu qədər borcu necə ödəyəcəyik? Nərimanov isə “qardaş qardaşa borc verməz, əlindən tutar” - deyə cavab verib. Dövlətimiz müstəqillik qazanda da Azərbaycan Respublikasını ilk tanıyan ölkə Türkiyə Cümhuriyyəti oldu. Türkiyənin yaxından iştirakı və dəstəyi ilə ölkəmizdə ordu quruculuğu, hərbi təhsil inkişaf etdi. Bu münasibətlər indi də davam etdirilir”

E.Həsənli bildirib ki, Azərbaycan ən çətin siyasi-iqtisadi və geopolitik şərtlər altında Türkiyə ərazisindən istifadə etməklə neft-qaz satışını həyata keçirib: “Bakıdan qardaş ölkəyə bir neçə neft və qaz kəmərləri çəkilib. Hər iki ölkənin prezidenti daim beynəlxalq arenalarda bir-birinə dəstək olub. 10 ildən artıqdır ki, Naxçıvanda İlham Əliyevin təşəbbüsü və Ərdoğanın dəstəyi ilə türkdilli dövlətlərin şurası yaradılıb. İki ölkə arasında hərtərəfli əməkdaşlıq davam edir. Türkiyə Suriyada "Zeytun budağı", "Barış pınarı" əməliyyatları keçirəndə Azərbaycandan yüzlərlə, minlərlə inan könüllü döyüşlərə yollanmaq istədilər. Keçən il mayın 19-da Samsun şəhərində Atatürkün istiqlal hərəkatını başlatmasının 100 illiyi münasibətilə Azərbaycandan gedən bir qrup qazi və veteranlar Ərdoğanla şəxsən görüşdük və təbriklərimizi çatdırdıq. O da öz növbəsində Azərbaycan prezidentinə Türkiyənin həmin antiterror əməliyyatlarına verdiyi dəstəyə görə təşəkkür etdi. Keçən il sentyabrın 15-də türkdilli ölkələr şurasının 10 illiyi münasibətilə Bakıda keçirilən zirvə görüşündə Ərdoğan və xanımı da iştirak edərək, qazilərimizlə görüşdülər. Türkiyədə millətçi həkimlərin "COVİD-19"la mübarizədə Azərbaycana kömək etməsini yüksək qiymətləndiririk. Həm "TİKA"nın, həm də Türkiyə dövlətinin pandemiya ilə mübarizədə Azərbaycana təmənnasız dəstək göstərməsi iki ölkə qardaşlığının ən bariz nümunəsidir. Necə ki, Türkiyədə zəlzələ olanda ilk dəstək Azərbaycandan gəldi. Bu gün də bizə qardaş ölkədən eyni dəstək göstərildi”.

Şura üzvü bildirib ki, Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral daim Azərbaycanda vətəndaş cəmiyyətinə, mətbuata, iki ölkə arasındakı əlaqələrin güclənməsinə öz töhfələrini verir.

"Sevindirici haldır ki, keçən il Azərbaycanla Türkiyə arasında viza aradan qaldırıldı. Bu da əlaqələri daha da möhkəmləndirib. 2018-ci il sentyabrın 15-də iki ölkənin ordusu Bakının işğaldan azad olunmasının 100 illiyinə həsr olunmuş parad keçirdilər. Hər iki ölkənin prezidenti də həmin paradda iştirak etdilər. Bu isə dünyada çox az təsadüf edilən hallardan biridir ki, Azərbaycan-Türkiyə qardaşlığının bariz nümunəsidir. Bizim şahinlərimiz birgə təlimlər keçirir. Böyük inamımız var ki, ordumuz Qarabağı işğaldan azad edəcək. Bunun üçün güclü ordumuz, dövlətimiz və vətənpərvər gəncliyimiz var. Biz ən böyük qələbə bayramımızı Qarabağda qeyd edəcəyik".