“Fransa hakimiyyətinin separatizmlə mübarizə haqqında qanun layihəsi...” Siyasət

“Fransa hakimiyyətinin separatizmlə mübarizə haqqında qanun layihəsi...”

Politoloq: “Son illərdə Qərbi Avropada artan separatçı fəaliyyətlərin qarşısını almağa yönəlib”

“Dağlıq Qarabağ kimi münaqişə Avropa ölkələrində də yaşana bilər”. Bu sözləri sabiq Xarici İşlər naziri, politoloq Tofiq Zülfüqarov Fransa hakimiyyətinin separatizmlə mübarizə haqqında qanun layihəsi hazırlamasını şərh edərkən deyib.
Politoloq bildirib ki, Fransa hakimiyyətinin separatizmlə mübarizə haqqında qanun layihəsi son illərdə Qərbi Avropada artan separatçı fəaliyyətlərin qarşısını almağa yönəlib:
“Lakin bu qanun layihəsi təkcə Fransaya şamil edilmir. Bu, etnik və ya dini əsasda cəmiyyətlər yaratmaq istəyən qruplara müqavimət üçün irəli sürülüb. Məsələ ondadır ki, bu gün dünyanın bir çox regionunda olduğu kimi, Qərbi Avropada da separatçı meyillər güclənməkdədir. İstənilən halda biz Qərbi Avropada separatizm dedikdə ilk xatırladığımız məsələ İspaniyada katalonların azadlıq mübarizəsidir. Lakin bu gün Britaniyada Şotlandiya, Almaniyada Bavariya, İtaliyada Siciliya, hətta Fransanın özündə belə Bretonya və Burqundiya kimi separatçı ünsürlər mövcuddur. Göründüyü kimi, heç də bütün separatizm fəaliyyəti etnik əsasda deyil, iqtisadi əsasda da baş verir. Məhz Fransa bu və bu kimi səbəblərə görə belə bir qanun layihəsi irəli sürüb”.
Politoloq Fransa hakimiyyətinin separatizmlə mübarizə haqqında qanun layihəsinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə təsirindən danışıb:
“Bu gün separatizm problemindən ən çox əziyyət çəkən regionlardan biri də Cənubi Qafqazdır. Xüsusilə Gürcüstanda Osetiya və Abxaziya, Azərbaycanda Dağlıq Qarabağ problemlərini göstərmək olar. Düzdür, biz münaqişəni Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi kimi dəyərləndirsək də, Ermənistan məsələni Dağlıq Qarabağın müstəqillik hərəkatı kimi təqdim edir. Belə olduqda bu, separatçı fəaliyyətdir və Fransa hökuməti belə bir qanun layihəsini qəbul etsə, münaqişənin həmsədr ölkələrindən olaraq məsələyə bu qanunun tələbləri əsasında baxmalıdır. Yəni birmənalı olaraq Dağlıq Qarabağı işğal edilmiş bölgə, Ermənistanı isə işğalçı olaraq adlandırmalıdır. Lakin düşünmürəm ki, Fransa hökuməti bu qanunu qəbul etsin. Hər halda buna payızda aydınlıq gətiriləcək”.