Türkiyə KİV-lərində dərc olunan informasiyalarda Ordumuzun Ermənistanın hərbi təxribatına layiqli cavablarından bəhs olunub Siyasət

Türkiyə KİV-lərində dərc olunan informasiyalarda Ordumuzun Ermənistanın hərbi təxribatına layiqli cavablarından bəhs olunub

Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim qardaş ölkənin aparıcı kütləvi informasiya vasitələrinə (KİV) Ermənistan tərəfinin Azərbaycana qarşı işğalçılıq siyasəti və düşmənin son təxribatları ilə bağlı müsahibələr verib.

AZƏRTAC xəbər verir ki, müsahibələrdə Ermənistan tərəfinin Azərbaycanın Tovuz rayonu istiqamətindən ölkəmizə qarşı hücum cəhdləri, işğalçı dövlətin məkrli məqsədləri, Azərbaycan ordusunun düşmənə layiqli cavab verməsi, Türkiyənin bu prosesdə Azərbaycanı açıq dəstəyi və mövzu ilə bağlı digər sualları cavablandırıb.

Təcavüzkar Ermənistanın Dağlıq Qarabağ və ona bitişik yeddi rayon da daxil olmaqla Azərbaycan ərazisinin iyirmi faizini hələ də işğal altında saxladığını diqqətə çatdıran səfir Tovuz rayonu istiqamətindən həyata keçirilən hücumların təhlükəli təxribat olduğunu oxucuların və tamaşaçıların diqqətinə çatdırıb. Səfir vurğulayıb ki, hadisələrin inkişafı təcavüzkar tərəfin özünün necə aparmasından asılı olacaq.

Ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət” ifadəsini xatırladan diplomatik nümayəndəliyimizin rəhbəri əminliklə ifadə edib ki, Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyyib Ərdoğan bütün şəraitlərdə ölkələrimizin və xalqlarımızın maraq və mənafelərini qarşılıqlı şəkildə müdafiə edərək prinsipial ənənə formalaşdırıblar. Son hadisələrdə Türkiyənin sərgilədiyi çoxistiqamətli qətiyyətli mövqe bu ənənənin təzahürüdür.