Ermənistandan siyasi iradə gözləyirik - Bayramov
5 Dekabr 19:46
1917-ci ilin fevral ayında Rusiyada baş verən burjua inqilabından sonrakı dövrdə ən çox sevinən üç cinah vardı: qaragüruhçu ziyalılar, almanlar və bolşeviklər. Birincilər düşünürdülər ki, yeni rejimin qurulması ilə ölkədə Avropa demokratiyası çiçəklənəcək və böyük azadlıqlar əldə edəcəklər. Ona görə də ayrı-ayrı siyasi partiyalara doluşaraq inqilabın nəticələrindən bəhrələnməyə çalışdılar. İkincilər savaş apardıqları ölkəyə qarşı cəhbədə üstünlüyü götürmək üçün daxildəki siyasi qüvvələrə bu dəyişikliyin baş verməsi məqsədilə xeyli vəsait xərcləmişdilər. Üçüncülər isə düşünürdülər ki, təqiblər azalacaq və ilk fürsətdə hakimiyyəti ələ keçirib proletariat diktaturası adı Rusiyanın taleyini alt-üst edən eksperiment rejim quracaqlar. Bunun üçün onlara kömək edəcək tək vasitə vardı: o da ikincilər, yəni düşmən olan almanlar idi. Danışılmışdı. Onlar hücum edəcəkdilər, bunlar da orduda itaətsizlik təbliğatı aparıb Peterburqda hakimiyyəti zəifləmiş Müvəqqəti hökumətdən qoparıb alacaqdılar. Fevral inqilabından sonrakı proseslər birincilərin arzusunu ürəyində qoydu. Çünki yaranmış xaosun ən ağır zərbəsi fərq qoyulmadan ziyalılara dəymiş oldu. Bolşevizmin lideri Leninin məşhur ifadəsini xatırlatmaq burada yetərli olardı: “Ziyallıar nəcisdirlər” İkincilər və üçüncülər isə arzularına çatdılar. Reallıq bu idi ki, ortada uduzmuş, çökmüş, məhv olmuş bir Rusiya xarabalığı qalmışdı.
Hər dəfə erməni hücumu başlayanda onun layihəsini cızanların daxildə hansı qüvvəni hərəkətə gətirəcəyini izləyən dövlətin varlığını qorumaq üçün hər şeyə hazır insanlar narahatçılıqla gözləyirlər. Layihənin məzmununu gizlətmirəm: ermənilər hamilərindən təlimat alaraq hücum edir, düşmənin hücumunu siqnal olaraq qəbul edən qüvvələr hakmiyyət uğrunda amansız mübarizəyə başlayırlar, hakimiyyət bu çalxalanmada zəifləyir, yeni torpaqlar işğal olunur və nəticədə hakimiyyət dəyişir. İtirilən torpaqla qazanılan hakimiyyət daha zəifləmiş Azərbaycan reallığı ilə üz-üzə qalır. 1916-cı ildə başı cəbhədə savaşa qarışan çarın fərsiz və satılmış generalları ilə yanaşı hakimiyyət dəyişikliyini sürətləndirənlərin başında yuxarıda qeyd etdiyim qaragüruhçu ziyalılar gəlirdi. Onlar həm iqtidara, həm də xalq kütlələrinə xoş gəlmək istəyirdilər. İkisinə də həqiqəti söyləmirdilər. Hər iksinin də yanında etibarını, mövqeyini qorumağa çalışırdılar. İqtidar üstələyəndə onu doğru yönəlirdilər, xalq kütlələri üstələyəndə onun mədhiyyəçisinə çevrilirdilər. Təbii ki, öz romantizmi ilə məşğul olan, eləcə də inqilabın fəlakətini anlayan düşüncə adamları, gerçək ziyalılar da vardı və təhlükə barədə həyəcanla yazırdılar, hayqırırdılar.
Mən bir siyasi subyekt olaraq öz ölkəmin taleyi ilə bağlı narahatçılıq keçirərkən başqa ölkəyə aid bir tarixi təcrübəni təsadüfən xatırlatmadım. Tale elə gətirib ki, bizim bütün milli etiraz tədbirlərimiz Qarabağ dalğasında baş verən hadisələrdən qaynaqlanıb. Yəni o cəbhədə nə baş veribsə, bu cəbhədə dərhal onun dalğası nələrisə uçurub dağıda bilib.
1988-ci ilin məşhur mitinqində meydana ilk öncə biz tələbələr daxil olduq. Çıxışlar başlayanda anladıq ki, bizim Qarabağ məsələsində ciddi işlər görməyə Moskva qarşısında aciz olan yerli hakimiyyətimizi ruhlandırmaq, ona cəsarətli addımlar atmağa sövq etmək üçün düşündüyümüz bu tədbirin mahiyyəti alt-üst olmağa başlayır. Adamlar çoxaldıqca ”biz ölərik meydanı tərk etmərik” çağırışları artmağa başlayır. O zaman bir sadə tələbə düşüncəsi ilə təhlükəni hiss edərək mikrafona yaxınlaşdım və vəziyyətə öz baxışımı dolayı yolla ortaya qoyaraq belə bir sonluq təklif etdim: “qoy Az.Tv gəlib mitinqi çəksin, Sovet rəhbərliyi görsün ki, Azərbaycan xalqı öz tarixi ərazisi olan Qarabağda separatçılara qarşı mübarizə aparacaq. Oradakı, yəni Topxana meşəsindəki qanunsuz işlər dayandırılsın. Artıq etirazımızı çatdırdıq, bundan sonra biz dağılışaq”.
Hara dağılışırsan, kütlə meydana axın etdi və həqiqətən bir xalq izdihamı yarandı. Artıq Meydan bizlərin nəzarətindən çıxmışdı və tədricən Qarabağ kamuflyajının arxa cinahında başında yaşıl sarıqdan tutmuş “Vəziryan istefa” çığıranlara qədər meydan kənardan idarə olunan münbit bir siyasi etiraz məkanına çevrilmişdi. Beləcə Qarabağ problemini həll edəcək hansısa qüvvənin Meydan üzərində ruhani təzahürünü gözləyərək dağılışmaq istəməyən insanları çevrələyən sovet əsgərləri də hələlik sakitcə seyr edirdilər. Bizim meydanda həmin ruhani təzahürü gözlədiyimiz anlarda ermənilər sovet əsgərlərinin köməyi ilə azərbaycanlıları kütləvi şəkildə Ermənistandan qovurdular. Bu proses yekunlaşan kimi Bakıdakı sovet əsgərləri onsuz da yorğun və öləziyən meydanı boşaltmağa başladı. Meydan bizim enerjimizi öldürmüşdü və yalnız təsəlli tapırdıq ki, 18 gün orada yatıb dura bildik. Bu dəfə də rus əsgərləri meydanı azərbaycanlılardan təmizləyirdi. Ardından komendant saatı elan olundu və bütün millətin əl-qolunu bağladılar. Sovet komendatının qorxusundan küçəyə çıxa bilmədik və Qarabağda baş verənlərə hansısa təsir gücümüz qalmadı. Yerli hakimiyyət isə xalqdan daha çox bu komendatın dəstəyinə bel bağlamalı oldu. O zamandan siyasət fəlsəfəmizdə bir gerçək anlaşıldı ki, yerli hakimiyyəti iflic edəndə bunun ən çox faydasını düşmən görür. 1988-ci ilin Meydan hərəkatı öz möhtəşəmliyi ilə xatırlansa da bəlkə də uzun illər sonra Milli Dirçəliş günü deyil, Azərbaycanlların Ermənistanda son qovulma tarixi kimi yaddaşlarda həkk olunacaq.
20 yanvar ərəfəsi də eyni təfəkkür və zəka sahibləri yenə də iş başındaydı. İçində mənim də önəmli yerim olan radikal düşüncə sahibləri kütlənin yönləndirciləri idik və həmin dövrün ağlı ilə elə düşünürdük ki, Bakıda dirəniş ortaya qoymaqla Sovet rejimini çökdürəcəyik. Vəzirov bizi başa sala bilmədi ki, bu yol daha çox faciələr gətirəcək və üzümüzü parlment seçkilərinə istiqamətləndirə bilmədi. Barrikadalar qurmağa çağırdıq, son damla qanımıza qədər dirənişə çağırdıq, sonda yenə də plansız, proqramsız xaotik kütlə hərəkatı və ardınca məğlubiyyət, ölüm, hakimiyyət dəyişikliyi və yenə də fövqəladə vəziyyət. Sanki özümüz Sovet rejimini çağırırdıq ki, gəlin əlimizi-qolumuzu bağlayın, Qarabağda bildiyinizi edin.
Xatırlayıram, o zamanın hərəkatın ən məşhur lidelərindən biri şəhərdə qətliam başlayandan sonra məni və hələ də o dövrün xəstəliyindən qurtulmamış Əli Kərimovu Səttarxan zavodunun Mədəniyyət evindəki qərargaha çağırib masanın siyirtməsindən çıxartdığı ikişər əldə düzəlmə qumbara verərək, söylədi ki, gedin özünüzü tankın altına atıb partladın. Həmin qumbaraların partlayacağından əmin olsaydıq, bəlkə də bu tapşırığı Vətən naminə canla-başla yerinə yetirəcəkdik. Çıxarkən bir-birimizin üzünə baxıb heyrətlə söylədik ki, bu adam məsuliyyətsiz formada partlama ehtimalı olmayan qumbara ilə tələbə hərəkatının öncüllərini ölümə göndərir və fərqində deyil ki, bu hansı nəticə doğura bilər. Nəticəni düşünmədən küylə yönəldilən kütlə bu deməkdir. Sonradan buna şeir yazıb qəhrəmanlıq dastanı da, milli dirəniş də deyə bilərsən, ancaq bu cür siyasi başqatmalarda itirdiklərinlə müqayisədə qazancını tapa bilməyəcəksən. Qazancın yalnız dinc insanların qurban getdiyi Şəhidlər Xiyabanı olacaqdır ki, onun qarşısından keçəndə ən çox xəcalət çəkməli olanlar plansız, proqramsız o insanları küçələrə sürükləyən bizlər olacaqdıq. Anlayıram ki, təcrübəmiz yox idi, qlobal siyasəti oxumağa savadsız idik. Bəs illər keçəndən sonra 2020-ci ildə yenidən o taktikalara, o düşüncəyə qayıdış göstərmirmi ki, bizlər, sizlər zərrə qədər ağıllanmamışıq?
Xocalıdan sonrakı dövrdə yenə də dövlətə dəstək üçün Milli Məclisin qarşısına yığışmışdıq, özümüzə bir kvadratmetrdə yer-yurd edən kimi ağlımıza gəldi ki, fürsətdir, elə hakimiyyəti devirib biz də bu təamdan dada bilərik. Yenə də anlamadıq ki, bizim hakimiyyət həzzimizin bədəli Şuşanın, Laçının itkisidir. Qarabağ harayı meydana yığışıb güclənən kimi hakimiyyət ehtirasına çevrildi və yenə də plansız-proqramsız Azərbaycanın faciələrinə qapı açdıq. O zaman durumun ən təhlükəli yönü milli ordunun olmaması idi. Azacıq hakimiyyət boşluğu könüllü birlikləri daha da başıpozuq edirdi və hər nə qədər səmimi şəkildə qəhrəman oğullarımız Qarabağda dirəniş göstərsələr də, hakimiyyət boşluğu onlarda da intizam boşluğu yaradırdı və nəticədə ərazilər çoxlu şəhid qanı hesabına bir-bir itirilirdi.
İndi yeni bir dalğanın başlandığına sevinənlər var. Yenə də ermənilər hücum etmiş, yenə də qəhrəman əsgər və zabitlərimiz şəhid olmuş, yenə də insanların vətənpərvərlik duyğuları ən pik həddə çatmış. O zaman ki, ölkə erməni ilə yanaşı həm də dəhşətli bir virusla savaş içindədir. Normal insan həyatından əsər-əlamət qalmayıb. Küçəyə kütləvi şəkildə axın etmək epidemiyanın yayılması risqini artırdığına görə cəmiyyət narahatlıq keçirir. Lakin cəbhədən gələn ağır xəbərin ilk günündə orduya dəstəyi bəhanə edənlər gecə saat 12-dən sonra Qobudan, Xocahəsəndən şəhərin mərkəzinə doğru yürüməyə başladılar. İnternetdən də canlı yayın düzənləyərək insanları küçələrə çağırdılar. Şüar yenə də Qarabağ idi. “Kütlənin qarşısına kimsə çıxmadı” bəhanəsini tirajlayan ziyalı və ziyasız qaragüruhçuların yaddaşı da yerində olmadığına görə qeyd edə bilmirlər ki, Lökbatan dairəsində məhz icra başçısı, polis rəisi onların qarşısına çıxdı, şüarlarını dəstəklədi, alqışladı, xahiş etdilər ki, dağılışın. Əvəzində nə oldu? Dedilər ki, biz bu gecə vaxtı şəhərin mərkəzinə yürümək istəyirik. Anlaşıldı ki, bu artıq dəstək deyil, arxasında başqa niyyətin güdüldüyü bir yürüşdür. Çevik polisin əraziyə gəlişi ilə dirəniş göstərənlər zərərsizləşdirildi və yürüş dağıdıldı. Niyyət alınmamışdı. Cəbhədə savaş isə davam edirdi. Bu dəfə cəbhədə general və polkovnikin şəhid olması bütün insanları üzmüşdü, insanlarımız sarsılmışdı. Əlbəttə, insanlar şəhidlərə izdihamlı şəkildə sayğısını göstərməlidir. Sağlamlıq unuduldu, şəhidlərin ailə üzvlərinin yaşadıqları evə yürüdülər, ailəsinə dəstək verdilər, Sumqayıtda, Bakıda bu yürüşü davam etdirdilər. Bu zaman Azərbaycan ordusunun əsgər və zabiti göz yaşını silib yenidən düşməni dəf etməyə davam etdi. Yəni dövlətin başı cəbhə xəttində qarışıqdı. Bakıda isə insanlar yenə də Azadlıq meydanına yürüdülər. Duyğular anlaşılandı. Ardınca daha da yürümək istədilər. Şəhidlər Xiyabanına gəldilər. Bu da anlaşılandır. Və qəfildən Milli Məclisin qarşısında toplaşmağa qərar verdilər. 27 il öncənin təhtərşüuru sanki yenidən oyandı. Axı bu yürüşdürsə, sayğı göstərildisə, emosiyalar ifadə olundusa dərhal tamamlanmalı idi. Ancaq ali dövlət orqanının binasına görən kimi yenə də Qarabağ kamuflyajı ilə ora yığışanların hakimiyyət məsələsini çözmək ehtirası önə çıxdı. Orada səmimi şəkildə dövlətə, orduya dəstəyini ifadə edən insanlar da təəccüb qaldılar. Onların da səmimi niyyətlərini alt-üst edən zehniyyət yenə də qalib gəldi. Bunun ardınca qaragüruhçu ziyalıların ana tezisi bilirsiniz nə oldu? Niyə xalqın qarşısına heç bir deputat çıxmadı? Həm də bilə-bilə ki, gecə saat 1-də, o kütlənin qarşısına çıxan vəzifəli şəxslərin məlumatına əhəmiyyət verilməmişdi. İki gün öncə də Lökbatan dairəsində icra başçısını da dinləmək istəməmişdilər. Kütlənin qarşısına çıxan ağlı başında kimsə söyləməliydi ki, “Ay millət, çox sağ olun, dövlətə dəstək verdiniz, buyurun dağılışaq, karantin qaydalarını pozmayaq, polisi özümüzlə məşğul etməyək, dövlətin diqqətini cəbhə xəttindən yayındırmayaq”. Nə cavab veriləcəkdi? Bu taktikanı biz yaşamaışıq axı. “Biz deputat istəmirik, qoy müdafiə naziri gəlsin”. Ardınca daha kimlər, kimlər gəlsin. Sonda da kənarda əlavə insanların axışması ilə özgüvən artdıqca; “istefa verib getməsəniz dağılışmayacağıq” tələbi...
Bir daha düşünün: 1988-ci ildən başlayaraq kütlənin sevimli liderləri kim olurdu? Əsasən tətil və miting elan edənlər. Bir də hakimiyyəti istefaya çağıranlar. Əlbəttə, ziyalı da kütlənin qarşısına çıxırdı, Ancaq hansı obrazda? Kütlənin istədiyini bəlağətli tələffüz edən şəkildə. Azərbaycanda kimsə Şirməmməd Hüseynovun mitinqlərdə çıxış etdiyini görmədi. Edə bilməzdi. Çünki öz düşündüyü vardı və kimsənin öz düşündüyünə müdaxilə etməsinə imkan tanımırdı. Kütlə sevmirdi olu. Çünki o populizmi sevmirdi, tipik bir ziyalı idi, və bilirdi ki, erməniyə qarşı qəzəbi özümüzə qarşı yönəltmənin fəsadları cılız bir hakimiyyət ötürötürünə çevriləcək və Qarabağ məhz bu qarışıqlıqda itiriləcək. Ziya Bünyadov tribunaya ancaq Silva Kapitukyanı söymək üçün çıxa bilərdi. Əks halda düşündüklərini söyləsəydi tribunadan fitləyib salardılar. Aydın Məmmədov tribunaya yaxınlaşa bilməzdi. Çünki öz bildikləri vardı və aşağıdan gələn konspekti təkrar etməyəcəkdi. Zərdüşt Əlizadəni çoxdan şaqqalayıb kənara atmışdılar. Ziyalıya əsasən şeir deməyə icazə verirdilər: “Millət yoludur, haqq yoludur tutduğumuz yol”, “Davam edir 37-i, Daha kəskin, daha ciddi”, “Salam Gəncə qapısı!”, “Salam dar ağacı!” və s. Şeirdə emosiyaları yağlayan melodiya vardı və bu kütlənin əsəblərini coşdura bilirdi. Bir də Təbrizdən, Borçalıdan, Şumerlərdən, Akkadlardan danışmaq olardı. Respublika hakimiyyəti ilə hansısa məsələnin müzakirəsindən danışmaq siyasi intihar demək idi.
İndi götürüb keçmiş xronikaya baxın, bircə soyuqqanlı və proqram xarakterli çıxışa rast gələ bilməyəcəksiniz o meydanda. Sonrakı dövrlərdə də meydanda daha çox kütləni coşduran çağırışlar edənlər birər-birər söz qəhrəmanına çevrilirdi. Sonra həmin qəhrəmanların məsuliyyətsiz davranışlarının bədəlini millət olaraq bütün platformalarda ödəməli olduq.
Bu gün ölkəmizdə həmin dövrlərin mətbəxindən miras qalan sosial şəbəkəyə doluşmuş təhlükəli bir ziyalı qaragüruhçuluğu cücərməyə başlayıb. Sağlam mühakiməsi olan, prosesləri tarixi təcrübədən doğru təhlil edən gerçək ziyalıların, düşüncə adamlarının abırlı susqunluğundan yararlanaraq önə keçən bu qaragüruhçu ziyalılar əslində kütlə düşüncəsinə məğlub olublar. Məhz bu məğlubiyyət onları kütlənin sevimlisinə çevirib. Onlar qarşısındakı insanlarla danışanda ilk öncə FB-dakı özləri ağılda olanların bəyənmələrini gözə soxurlar. Onlar kütlənin bəyənmədiyi hansısa sözü dillərinə gətirməzlər. Xurafatın, cəhalətin, yobazlığın başını sığallayarlar ki, söyülməsinlər. Hakimiyyətdən hər şeyi gizli formada istəyərlər, ala bilmədikdə kütlənin qatı tərənnümçüsünə çevrilirlər.
İndi həmin qaragüruhçular üçün şəhidləri anmağa çıxanların birdən-birə hakimiyyəti almağa niyyətlənməsi faktını yumşaltmaq, əhəmiyyətsizləşdirmək üçün düzüb-qoşduqları tezisləri bizlər də sadələşdirməyə çalışmayaq. İlkin olaraq ironik şəkildə vurğulayırlar ki, bəs “seçici gündüz vaxtı deputatını tapa bilmir, gecə vaxtı məclisin binasına girib ki, öz deputatını tapsın”.
Bu ironiyanın ciddi cavabı təqribən bu olardı ki, seçicinin deputatı axtarması normal bir tələbdir. Bunun üçün sosial şəbəkədən tutmuş, telefon zəngləri ilə müraciətə qədər, Milli Məclisdə qəbul vaxtlarına qədər imkanlar var. Əlbəttə, əlçatmaz sayılan deputatlar da, bu cür ittihamlara biganə qalan, hətta dövlətin maraqlarını və hətta bu ağır günlərdə onun təhlükəsizliyini səmimi şəkildə qorumağa öz vəzifəsi kimi baxmayan deputatlar da var. Həm də az sayda deyillər. Ancaq bu o demək deyik ki, öz ağlına, əxlaqına, millət və Vətən sevgisinə əmin olan millət vəkilləri sizlər kimi vətənşüvənlərin qarşısından qorxub, çəkinib qaçacaqlar.
Demək ki, cəmiyyətə təlqin etməyə çalışırlar ki, parlamentin binasna daxil olanlar seçici statusunda deputat axtaranlar imiş. Maraqlıdır ki, erməni saytları və onların buradakı uzantıları bizim qaragüruhçu ziyalılardan fərqli olaraq həmin xəbəri çox ciddi, qəti ironiya olmadan yayırdılar: “Xalq Milli Məclisi ələ keçirdi”.
Belə anlaşılır ki, ziyalı qaragüruhunun öncülləri Milli Məclisə zorakılıqla daxil olan təxribatçıları öz deputatını axtaran seçici obrazında təqdim etməyə üstünlük verib. Yəni “lağlağı” üslubunda rəmzi mənada deputatın seçici üçün əlçatan olmadığına işarə vurublar. Bu formada irad və bənzətmələr başqa mətnlərdə dəfələrlə yer alsa da bu bir o qədər də cəmiyyətdə diqqət cəlb etmirdi. Lakin Milli Məclisin binasına daxil olan təxribatçı qüvvəni açıq şəkildə “dəstəkləyirəm” demək üçün dolayı yolla seçilən bu üsluba əl atmanın fəsadlarına hökmən münasibət ortaya qoyulmalıdır. Bu qaragüruhçu ziyalılar hansısa barışmaz inqilabçılardırsa, onların 14 iyul tarixinə dəng gələn Bastiliyadan bəhs etməyi, yaxud da deputatlara yeni inqilabın kitabını oxumağı tövsiyə ertmələri anlaşılan ola bilərdi. Maraqlıdır ki, eyni qaragüruhçu ziyalılar Bakıda bir ay öncə gündəmə gətirilən “Yasamal 2020 - Xocalı 1992” erməni şüarını ortaya atanlara da rəğbətini gizlətməmişdilər. Əksinə, bu şüara etiraz etmək əvəzinə, ona etiraz edənlərə qarşı ayrı-ayrı platformalarda qınayıcı mesajlar yazmışdılar.
Anlaşılan budur ki, hakimiyyətə qarşı münasibətləri onları dövlətə qarşı yönələn təxribatçı elementlərlə bir cərgədə olmağa səfərbər edib. Onlarla eyni düşüncədə olanlar maraqlı tezis də icad etdə bildilər: “niyə məmurlardan, deputatlardan heç kəs xalqın qarşısına çıxmadı?” Onlarla eyni zehniyyətə sahib insan tutuquşu kimi bu tezisi təkrarlamağa başladı. Bu qədər absurd, bu qədər mənasız ikinci bir iradla rastlaşmadım siyasi təcrübəm boyu. Nə baş vermişdi ki, ölkənin bütün məmurları və deputatları xalqın qarşısında olmalıydı? Cəbhədə şəhidlərimiz vardı və normalda insanlar ağır döyüş əməliyyatı aparan Azərbaycan əsgərinə dəstək vermək üçün küçəyə axışdılar və təzahüratlarla dövlətə, orduya dəstək ifadə etdilər, şəhidlərimizi andılar. Bunun ardınca nə olmalı idi? Bu dəstəyi ifadə edən insanlar bu yürüşü niyyətlərinə uyğun yekunlaşdıraraq evlərini dağılışmalı idilər. Əvəzində nə oldu? Milli Məclisin qarşısında ləngiməyi qərara aldılar və birdən xatırladılar ki, buraya qədər gəlmişkən, elə mövzunu dəyişib siyasi düşüncəmizə uyğun davranaq. Bir də hər gün sosial şəbəkədə, televiziyada, konfranslarda, qəbullarda seçicinin qarşısında olanlar karantin qaydalarının pozulduğu qəfil bir yürüşdə gəlib harada durmalı idilər? Öncədən rəsmi icazə alınmış mitinqə kimsə söz vermişdimi gəlib çıxmadı? Digər tərəfdən daha geniş sosial şəbəkə məkanında illərdir ölkənin əksər məsələləri ilə bağlı fikirləri soyuqqanlı şəkildə paylaşırıq və böyük bir qaragüruhçu kütlənin standartlarına tabe olmadığımıza görə, inandıqlarımızı söylədiyimizə görə təzyiqlərlə, təhqirlərlə, böhtanlarla qaşılaşırıq, həmin meydanda çıxış edib əksini söyləməyəcəkdik ki? Deyəcəydik ki; “ey insanlar, burada öz emosional dəstəyinizi verdiniz, dağılın evinizə, savaş burada getmir, cəbhə xəttində gedir, sənin, mənim əvəzimə ordumuz döyüşür, polisimiz də arxa cəbhədə koronavirusla döyüşür, onlara ən böyük dəstəyiniz intizamlı şəkildə dağılışaraq evinizə getmənizdir”, bunu eşitməyə hazır kimsə vardımı orada?
Burada kimin qarşısına çıxmaq lazım idi? Məgər illərdir bizlər millət vəkili olaraq xalqdan gizlənmişik? Sosial şəbəkədə, televiziyada, mediada, konfranslarda, iclaslarda illərdir kimin önünə çıxırıq? Sizlərdən fərqli olaraq xalqın faydasına olanı kütlənin basqısına, etirazına rəğmən söyləyirik və arxasında da dururuq. İqtidara da xalqın marağına aid hər bir məsələni açıqca söyləyirik, tənqid edirik, təkliflərimizi veririk. Sadəcə bunu qışqırıqsız, populizmdən uzaq formada edirik, çünki siyasi mühitin yumşadılmasına maraqlıyıq. Əlbəttə, Azərbaycanda iqtidarın nöqsanları da kifayət qədərdir, ona görə də hər dəfə islahat deyə naləmiz ərşə qalxır, ancaq bütün hallarda təlatümsüz dəyişikliyi ona görə önə çəkirik ki, orada bildiyiniz və bilmədiyiniz düşmən yenidən canımızdan nələrisə qoparmaq üçün marıqda yatıb. O halda kimə mühazirə oxumaq lazım idi? Oraya kimsə əvvəlcədən razılaşdırılmış mitinqə gəlməmişdi, erməniyə etiraz üçün öz dövlətinə dəstək vermək üçün insanlar yürümüşdülər və birdən-birə daha başqa nə baş verməliydi? Buradan o tərəfə artıq Azərbaycan dövlətinə, hakimiyyətinə qarşı nələr edilməliydisə, bunlar da edildi. Sadəcə növbəti fəlakət ona görə baş vermədi ki, yaxşı-pis bu gün nizami ordumuz var, döyüşdü, qan tökdü, qanı toküldü, ancaq düşməni durdurdu. Məhz bu amil digər təxribatçı planların irəliləməsinin qarşısını aldı.
Buradan maraqlı bir sual doğur, “gecə saat 3-də deputatlar niyə yığışıb iclas keçirmədi?” (yaddaşsızlıqdan unudublar ki, Milli Məclisin deputatları rəsmi məzuniyyətdədir) deyənlərə züy tutanlar, bəs sizlər niyə dəstəklədiyiniz təxribatçı qüvvənin önündə Bastiliya kimi zənn etdiyiniz Milli Məclisə “İnternasional” oxuyaraq daxil olmadınız? Sizlər ki, igid, şəxsiyyətli cəngavərlərsiniz, amozonkalarsınız, özünüzü deputatlardan çox ağıllı sayırsınız, daha xalqa yaxın sayırsınız, qaragüruhçuluğu, təxribatçılığı xalq hərəkatı deyə tanıtmağa çalışırsınız, o halda içəri daxil olub əlinizdəki bizlərə oxumaq üçün tövsiyə etdiyiniz müqəddəs kitablarla gecə saat 3-də küyləyib oraya tökdüyünüz gənclərlə maarifçilik işi aparardınız da! İndi sizlər hansı təxribatı, hansı antidövlət aksiyasını müdafiə etdiynizin fərqindəsinizmi?
Burada qətiyyən bir-iki nəfərdən söhbət getmir, qaragüruhçu düşüncənin daşıyıcısı olan bir sıra ziyalı görüntüsü daşıyanların ölkə aurasına səpələdikləri məsuliyyətsizlik virusundan bəhs edilir. Polis maşınına hücum edən, Milli Məclisin binasına daxil olan təxribatçıların nüvəsini xüsusi hazırlanmış kiçik bir qrup təşkil edir, onlara kodun haradan, hansı yaxın xaricdən yükləndiyini yaxşı bilirsiniz. Bununla yanaşı onlara cahillikdən qoşulan xeyli gənclərə də ürəyimiz acıyır. Ancaq mən bu cahil gənclərin sərt cəzalandırılmasını istəməzdim. Çünki daha təhlükəli qüvvə, daha məsuliyyətsiz qüvvə qaragüruhçu ziyalı libası ilə önümüzə çıxanlardır. Onlar diplomatiyanı pis bilmirlər, yeri gələndə yarınmaqdan da çəkinmirlər və vurğulayırlar ki ,bəs prezident, hökumət üzvləri, güc strukturlarının rəhbərləri yerindəydi, ancaq gecə saat 1-də niyə deputatlar yerində olmayıb? Halbuki xəbərsizdirlər ki, Milli Məclisin sədri Sahibə Qafarova və müavinləri hadisələr başlayandan dərhal sonra Milli Məclisə gəlib və səhərədək öz otağından durumu idarə ediblər. Qəfil başlamış təxribatda ölkənin tətil vaxtı müxtəlif yerlərində və əksəriyyəti də iş başında, döyüş bölgəsində olan deputatları bir saata hara yığmaq mümkün ola bilərdi? Səhərə yaxın Bakıda olan və xəbər tutan deputatlar Milli Məclisə gəlib yetişə bilmişdilər.
Və ardınca da bu qaragüruhçu ziyalılar utanmadan təxribatı malalamaq üçün hiyləgər bir üsula əl atırlar: Demək ki, bunların məntiqinə görə, Milli Məclisin binasına daxil olmanın səbəbi deputatlar olub, buna “dövlətə qarşı təxribat” demək olmaz. Demək ki, bunların məntiqinə görə kimin hansı deputatdan acığı varsa, başına dəstə yığıb Milli Məclisə hücum etmə haqqına sahibdir. Budur qaragüruhçu ziyalıların məsuliyyətsizliyi! Niyə bunları bir nəfərə xitab edərək yazmıram? Ona görə ki, deputatlara kitab oxumağa tövsiyə edərək bu məsuliyyətsizliyi yetərincə dəstəkləyənlər var, elementar hüquq düşüncəsinə sahib olmadıqlarına görə anlaya bilmirlər ki, məhz sonuncu ifadələr birbaşa cinayət əməlinə təşviq xarakterli olduğuna görə hüquqi məsuliyyət yaradır.
Mən bu yazını sırf bir dövlət təəssübkeşi kimi yazıram. Həm də illərin təlatümlərini görmüş bir vətəndaş kimi yazıram. Kütləni özünüzün vətənşüvənlik alətinə çevirib qızışdırmaq olmaz. Bu, özünə ziyalı deyənlərə heç olmaz. Onları qanunsuzluğa təşviq etmək olmaz. Xalq dediyiniz o böyük və ali qüvvə məhz döyüşdəki əsgəri düşünənlər idi. Bu savaşda dövlətin başının qarışdığını fürsət bilib Milli Məclisə daxil olaraq təxribat yaradanlar xalq ola bilməz. Onların hərəkətini hansı baxış bucağından olursa olsun bəyənmək, dəstəkləmək faciəli bir nəticələr ortaya qoya bilər. İndi təsəvvür edin ki, ordumuz düşmənlə bir ay döyüş aparmalı olsa, hər gün də labüd itkilərimiz olsa, hər gün nəyisə bəhanə edib küçələrə tökülməliyik? Dövlətin, ordunun, polisin diqqətini cəbhədən yayındırıb Bakıya yönəltməliyik? Bu hadisə hər nə qədər bizim vətənpərvərlik duyğularımızı qaldırdısa da, uzunmüddətli müharibəyə psixoloji hazırlığımızın olmadığını ortaya qoydu. Biz yalnız karantin qaydalarını pozmadıq, müharibənin sərt xəbərlərinə hədsiz emosionallığımızı, hətta zəifliyimizi də büruzə verdik. Belə durumlarda üzü Bakıya doğru deyil, cəbhə xəttinə doğru baxmalıyıq. Ordu milləti olmağı öyrənməliyik. Ordu millətinin əsgəri və zabiti şəhidi dəfn edəndən sonra göz yaşını silib, kədərini içinə basdırıb dərhal savaşa qayıdır. Qalan vətəndaşları da Bakinin küçələrində mitinqə deyil, səfərbərlik idarələrinə savaş üçün qeydiyyata üz tutur. Son vaxtlar bu kateqoriyadan duyarlı insanlarımızın sayının artması ordu milləti olma yolumuzda ümidverici aura yaratmış oldu.
Vaxtilə Azərbaycanda ziyalı qaragüruhunun ən bariz obrazı Rəhim Qazıyev idi. Bu elə bir xəstəlikdir ki, illər keçəndən sonra da sağalmır. Necə ki, ahıl yaşında öz dövlətinə qarşı etdiyi təxribatçı çağırışla sağalmadığını bir daha təsdiqlədi. Sizlər də onun yolunu gedirsiniz və əminəm ki, eyni təxribatçı ruhun daşıyıcılarısınız. Ancaq bu dövləti qorumaq gücündə, iradəsində və qətiyyətində olan ziyalıların sağlam düşüncə həmrəyliyi yetərlidir ki, gəncləri öz dövlətinə qarşı aqresivliyə yönəltmənizi, fikir həyatımızda meydan sulamanızı dayandırasınız.
Fazil Mustafa
millət vəkili