Prezident İlham Əliyev: O peşələr ki, beş ildən sonra olmayacaq, bu peşələr üzrə mütəxəssislərin hazırlanmasına ehtiyac yoxdur Siyasət

Prezident İlham Əliyev: O peşələr ki, beş ildən sonra olmayacaq, bu peşələr üzrə mütəxəssislərin hazırlanmasına ehtiyac yoxdur

O peşələr ki, beş ildən sonra olmayacaq, bu peşələr üzrə mütəxəssislərin hazırlanmasına ehtiyac yoxdur.

Bunu Prezident İlham Əliyev iyulun 27-də Emin Əmrullayevi Təhsil naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən çıxışında deyib.

Dövlət başçısı bildirib:

"Bir məsələni də qeyd etmək istərdim. Bizim təhsilimizin ümumi səviyyəsi təbii ki, qalxmalıdır və təhsilli insan nə qədər çox olarsa, ölkəmizin intellektual potensialı o qədər də çox artacaqdır. Bununla paralel olaraq, bizim təhsil sistemimiz ölkəmizin ümumi iqtisadi və sənaye inkişafı ilə uzlaşmalıdır. Ona görə, xüsusilə ali məktəblərə qəbul mərhələsində bütün bu məsələlər dərindən təhlil edilməlidir. Bizə hansı sahə üzrə nə qədər mütəxəssis lazımdır? Humanitar sahədə fəaliyyət göstərəcək nə qədər mütəxəssis lazımdır? Nə qədər texniki peşə sahibləri lazımdır? Ona görə bütün bunları siz mütləq aidiyyəti dövlət qurumları ilə birlikdə həll etməlisiniz. Bizim iqtisadi və sənaye inkişafımız planlı şəkildə həyata keçirilir. Həm dövlət siyasəti aparılır, eyni zamanda, dövlətin dəstəyi ilə yaradılmış şərait nəticəsində özəl sektor böyük investisiyalar qoyur və hansı sahələrə bu sərmayə qoyulur, bunu da hər kəs bilir. Bundan sonra bizə hansı peşələr lazım olacaq? Biz bunu da bilirik. Ona görə, bizim təhsilimizin əsas istiqamətləri ölkəmizin sənaye və iqtisadi inkişafı ilə tam bağlı olmalıdır. Bir daha demək istəyirəm ki, siz, bu işləri gərək aidiyyəti qurumlarla düzgün təhlil edib konkret təkliflər verəsiniz.

Digər vacib məsələ. Hesab edirəm, vaxt gəlib çatıb ki, biz bu məsələ ilə daha fəal məşğul olaq. Bu da Dördüncü Sənaye İnqilabının mövcudluğu, dünyada gedən rəqəmsallaşma tendensiyaları ilə bağlıdır. Rəqəmsallaşma, müasir texnologiyaların geniş yayılması və tətbiq edilməsi bəzi peşələri lazımsız edir. Artıq bu peşələrin siyahısı var. Bu peşələr artıq aradan qalxıb və olmayacaq. Ona görə, buna da daim fikir verməlisiniz. O peşələr ki, beş ildən sonra olmayacaq, bu peşələr üzrə mütəxəssislərin hazırlanmasına ehtiyac yoxdur. Amma bununla paralel olaraq, yeni peşələr ortaya çıxacaq, hansılar ki, bu gün yoxdur. Lakin hansı peşələrin olacağı ehtimal edilir, bu peşələr üzrə bizdə mütəxəssislər hazırlanmalıdır. Eyni zamanda, bəzi peşələrin aradan qaldırılması bizim üçün başqa bir problem yarada bilər. Çünki, Azərbaycan demoqrafik baxımdan inkişaf edən ölkədir, bizim əhalimiz artır. Peşələrin aradan qaldırılması nəticəsində işsizlik arta bilər. Aradan qalxacaq peşələr o qədər də böyük peşəkarlıq və ixtisaslaşma tələb etməyən peşələrdir. Amma yeni yaradılacaq peşələr böyük bilik, savad və müasir texnologiyalar tələb edəcək. Odur ki, bütün bunları biz indi düzgün planlaşdırmasaq, böyük problemlərlə üzləşəcəyik".