Ceyhun Bayramov Fələstin səfiri ilə görüşüb Siyasət

Ceyhun Bayramov Fələstin səfiri ilə görüşüb

Xarici İşlər Naziri Ceyhun Bayramov bu gün Fələstin Dövlətinin Azərbaycan Respublikasındakı səfiri Nasir Əbdülkərim Əbdürrəhmanı ölkəmizdəki diplomatik korpusun duayeni qismində qəbul edib.

XİN-dən APA-ya verilən məlumata görə, Ceyhun Bayramov Azərbaycan və Fələstin Dövləti arasında həm ikitərəfli, həm də çoxtərəfli çərçivələrdə mövcud olan dostluq və əməkdaşlıq münasibətlərindən bəhs edib, bu əməkdaşlığın bundan sonra da inkişaf etdiriləcəyinə əminliyini ifadə edib. İki tərəf arasında bu günədək həyata keçirilən qarşılıqlı səfərlərin bu münasibətlərin inkişafına töhfə verdiyi qeyd olunub. Hər iki tərəfin beynəlxalq müstəvidə nümayiş etdirdiyi qarşılıqlı dəstək Nazir tərəfindən vurğulanıb.

Öz növbəsində, səfir Nasir Əbdülkərim Əbdürrəhman Azərbaycandakı diplomatik korpusun fəaliyyətində Xarici İşlər Nazirliyinin hər zaman əməkdaşlıq və əlaqələndirmə nümayiş etdirdiyini məmnunluqla qeyd edib.

İkitərəfli münasibətlərə toxunan səfir, iki xalq arasında qardaşlıq bağları olduğunu, ölkələrimiz arasındakı əlaqələrin tarixi köklərə dayandığını qeyd edib. Səfir, Fələstinin Azərbaycanın ərazi bütövlüyünü qətiyyətlə dəstəklədiyini və BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilən qətnamələrin yerinə yetirilməsi mövqeyindən çıxış etdiyini bildirib, həmçinin, Azərbaycanın ölkəsinə göstərdiyi dəstəyə görə təşəkkürünü ifadə edib.

Daha sonra səfir 12 iyul tarixində Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan sərhədində törətdiyi hərbi təxribatı nəticəsində həlak olmuş şəhidlərin ailələrinə başsağlığı verdi.

Öz növbəsində, Ceyhun Bayramov Ermənistan silahlı qüvvələrinin planlaşdırılmış şəkildə Azərbaycan-Ermənistan sərhədində törətdiyi növbəti hərbi təxribat və hazırda bölgədəki vəziyyət barədə həmsöhbətini məlumatlandırıb. Ermənistan tərəfinin bu təxribatla heç bir məqsədinə nail olmadığını, əksinə özünün təcavüzkar mahiyyətini bir daha nümayiş etdirdiyini və beynəlxalq ictimaiyyətin qəti mövqeyi ilə növbəti dəfə üzləşdiyi vurğulayıb. Bölgədəki gərginliyin kökündə məhz Ermənistanın təcavüzkar siyasəti olduğunu qeyd edən nazir Ermənistan-Azərbaycan münaqişəsinin nəticələrinin aradan qaldırılmasının zəruriliyini və münaqişənin tənzimlənməsi üzrə aparılan danışıqların da məhz bu məqsədə qulluq etməli olduğunu bildirib. Azərbaycanın mahiyyət üzrə aparılan və nəticəyə yönəlik danışıqları tələb etdiyini və danışıqlarda sadəcə danışıq aparılması naminə iştirak edilmədiyi Ceyhun Bayramov tərəfindən vurğulanıb.