“Azərbaycana qarşı qaralama kampaniyası aparılır” Siyasət

“Azərbaycana qarşı qaralama kampaniyası aparılır”

Bahar Muradova: "QHT-lərlə işləyərək Azərbaycan həqiqətlərini dünyaya çatdırmalıyıq"

"Beynəlxalq aləmdə Azərbaycana qarşı qaralama kampaniyası aparılır. Buna görə də beynəlxalq təşkilatlarla mübarizə aparmaq məcburiyyətində qalırıq".
Bunu Milli Məclisin sədr müavini, Azərbaycanın ATƏT PA-da nümayəndə heyətinin rəhbəri Bahar Muradova parlamentin iclasında deyib.
O bildirib ki, bu yaxınlarda QHT-lərə Dövlət Dəstəyi Şurası ilə memorandum imzalanıb. Bu isə QHT ilə daha geniş aspektdə işlərin görülməsi və təcrübələr öyrənilməsinə imkan yaradır: "QHT-lərlə işləyərək Azərbaycan həqiqətlərini dünyaya çatdırmalıyıq. Beynəlxalq qurumlar qrantlar ayıraraq Azərbaycanda öz istəklərini yerinə yetirməyə cəhd edirlər. Bunun qarşısını ala bilmək üçün QHT-lərə Dövlət Dəstəyi Şurasına ayrılan vəsait artırılmalıdır. Hazırda bu vəsait 6 milyon manatdır. Düşünmürəm ki, bu rəqəm yetərli göstəricidir".
Bahar Muradova dini maarifləndirmə məsələsinə də diqqət çəkib: "Düşünürəm ki, dini radikalizmin qarşısının alınmasında Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin fəaliyyəti ciddi nəzərə alınmalıdır. İcmaların maliyyələşdirilməsi üçün vəsaitlərdən istifadə olunur. Sözügedən icmaların maliyyələşməsi üçün aidiyyəti quruma ayrılan vəsait artırılmalıdır. İnanıram ki, büdcə zərfinin hazırlanması zaman bu məsələlər nəzərə alınacaq. Bu məsələdə Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinə də vəsaitin ayrılmasına da ehtiyac var".