İran Parlamenti Xocalı soyqırımını tanıyacaq? Siyasət

İran Parlamenti Xocalı soyqırımını tanıyacaq?

Vurğun Həsənli: "Sözügedən təşəbbüs cüzi səs-küy yaradacaq və heç bir ciddi addım atılacağını gözləməməliyik"
Tarıyel Faziloğlu: "Xocalı soyqırımını parlamentdə müzakirəyə çıxarması İranın bölgə ilə bağlı xarici siyasətində köklü dəyişikliyin tərkib hissəsidir"

İran parlamenti (İslami Şura Məclisi) Xocalı soyqırımını müzakirəyə çıxartmağı planlaşdırır. Bunu İranın Azərbaycandakı səfiri Möhsün Pakayin Xocalı soyqırımı ilə bağlı fikirlərini bildirərkən deyib. Möhsün Pakayin qeyd edib ki, İran Azərbaycan xalqının Xocalı faciəsi ilə bağlı acısını bölüşür. İran istənilən kəs və ya dövlət tərəfindən törədilən istənilən qətliamı pisləyir. O, əlavə edib ki, ötən il sentyabrın sonunda iki ölkənin parlamentlərarası dostluq qrupu İslami Şura Məclisinin Xocalı soyqırımına dair mövqe bildirməsi məqsədilə birgə məktub hazırlamaq və onu İran parlamentinə təqdim etməklə bağlı razılığa gəliblər.
Möhsün Pakayin deyib ki, İran Dağlıq Qarabağ münaqişəsi məsələsinə həssaslıqla yanaşır və regional münaqişələrin həllində kənardan müdaxilələri qəbul etmir.
Onu da əlavə edək ki, İranın bir sıra imam cümələri və ictimai fəalları Xocalı soyqırımını anıblar. İranın Bakıdakı səfirliyinin mətbuat şöbəsinin sədri Məhəmməd Ayətullahinin verdiyi məlumata görə, Xocalı soyqırımı müxtəlif müstəvilərdə anılıb. Şöbənin sədri bildirib ki, Şuşa məscidinin azanı İran İslam Respublikasının Azərbaycan radiosundan və bir sıra məscidlərdən səsləndirilib. Məhəməd Ayətullahi əlavə edib: "Bu münasibətlə bir sıra İran nümayəndələrinin də iştirakı ilə Azərbaycanın İrandakı səfirliyində anım mərasimi keçirilib. Ölkənin bir sıra mədəni-ictimai fəalları və imam-cümələri də Xocalı soyqırımını anıblar və azərbaycanlı soydaşları ilə həmdərd olublar".
Onu da bildirək ki, İran teleradio şirkətinin Bakıdakı nümayəndəliyinin Xocalı soyqırımı ilə bağlı istehsal etdiyi televiziya filminin nüsxələri təksir edilərək, yayımlanmaq üçün Azərbaycanın yerli telekanallarına verilib.
Ümumiyyətlə İranın Azrbaycanla bağlı siyasətində yumşalma meylləri nə ilə bağlıdır? İran parlamentinin Xocalı soyqırımını tanıması nə dərəcədə realdır?
Buna münasibət bildirən politoloq Vurğun Həsənli diqqətə çtadırıb ki, əslində hər bir müsəlman dövlətinin Xocalıdakı soyqırımı görməsi və müvafiq yanaşma ortaya qoyması Azərbaycan xalqının gözlədiyi-arzu etdiyi təbii prosesdir: "Nəinki İranın, hətta bütün qonşularımızın məsələyə laqeyd yanaşması ədalətsizliyə göz yummaqdır. İranın Dağlıq Qarabağ problemindəki passiv mövqe nümayiş etdirməsi bizim üçün təəssüf doğuran haldır. Ona görə də, İranın keçmişdəki mövqeyinə nəzər saldıqda sözügedən təşəbbüs cüzi səs-küy yaradacaq və heç bir ciddi addım atılacağını gözləməməliyik".
Politoloq Tarıyel Faziloğlu isə diqqətə çatdırdı ki, İranın Xocalı soyqırımını parlamentdə müzakirəyə çıxarması İranın bölgə ilə bağlı xarici siyasətində köklü dəyişikliyin tərkib hissəsidir. O, həmçinin əlavə etdi ki, İran əlində olan imkandan qısa zaman da olsa regonal güc olma şansından maksimum səmərəli şəkildə istifadə etməyə və mövqelərini gücləndirməyə çalışır: "Qarşıdakı bir il ərzində təkcə Azərbaycanla deyil, ümumilikdə bölgə dövlətləri ilə münasibətlərin daha da sıxlaşdırılması İranın siyasətində prioritet təşkil edəcək".
Qeyd edək ki, 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində soyqırım aktı həyata keçirib. Xocalı soyqırımı zamanı 613 nəfər öldürüldü, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil olub. 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca qətlə yetirilib. 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib. Faciə baş verən gecə 1275 nəfər dinc sakin əsir götürülüb, onlardan 150 nəfərin taleyi indi də məlum deyil.

Əli