Ölkə başçısının dünyanın aparıcı KİV-lərinə verdiyi müsahibələr erməni lobbisinə tərs sillədir - Naqif Həmzəyev Siyasət

Ölkə başçısının dünyanın aparıcı KİV-lərinə verdiyi müsahibələr erməni lobbisinə tərs sillədir - Naqif Həmzəyev

“Amnesty International” və “Human Rights Watch” təşkilatlarının Azərbaycana qarşı qərəzli mövqeyi yenilik deyil.

Dünyaya hörümçək toru kimi səpələnmiş erməni lobbisinin təsiri altına düşən bu təşkilatlar məqsədyönlü sifarişlər əsasında hazırladıqları qərəzli hesabatları ilə hər zaman Azərbaycan dövlətinin əldə etdiyi uğurlara kölgə salmağa çalışıblar.

Bunu Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib. Millət vəkili qeyd edib ki, ölkə Prezidenti İlham Əliyev oktyabrın 28-də Almaniyanın ARD televiziya kanalına müsahibəsində “Amnesty International” və “Human Rights Watch” təşkilatlarının mövqeyini şərh edərkən onların qərəzliliyi ilə bağlı böyük şübhələr olduğunu diqqətə çatdırıb: “Biz “Amnesty International” və “Human Rights Watch” təşkilatlarını Azərbaycana dəvət etmişik. Əfsuslar olsun ki, onlar hadisələri yalnız Ermənistan tərəfindən işıqlandırırlar”.

Ölkə başçısı müsahibəsində qeyd edib ki, ballistik mərminin buraxılışı peykdən görünür. Heç kim deyə bilməz ki, Azərbaycan Dağlıq Qarabağda və ya Ermənistanda mülki şəxslərin yaşadığı istənilən yerə ballistik raket atıb. “Mən istərdim ki, onlar buraya gəlsinlər və o dəlilləri təqdim etsinlər. Eyni zamanda, Gəncəyə, Tərtərə, Bərdəyə getsinlər və ermənilərin hansı növ silahlardan istifadə etdiklərini görsünlər. Qərəzsiz olsunlar”, - deyə Prezident İlham Əliyev əlavə edib.

Eyni zamanda onların Ermənistanda insan haqlarının pozulması ilə bağlı heç vaxt heç bir şərh vermədiklərini vurğulayan dövlətimizin başçısı deyib ki, sıralarında erməni əsilli insanların olduğu bu təşkilatlardan əsasən Azərbaycanın imicinə xələl gətirmək üçün istifadə olunur: “Lakin buna baxmayaraq, biz onları dəvət etdik, qoyun, onlar gəlsinlər və gördüklərini desinlər”.

Ölkə Prezidentinin bu şərhindən sonra hər zaman qərəzli mövqe sərgiləyən “Amnesty International”, “Human Rights Watch” Bərdə şəhərində yaşanan erməni terrorunu təsdiqləyən faktlardan ibarət, işğalçı Ermənistanın istifadəsi qadağan olunmuş kasetli raketlərlə dinc sakinlərə, yaşayış məntəqələrinə zərbələr endirdiyi ilə bağlı bəyanat yayıb. Hətta təşkilatların mütəxəssisləri - hərbi ekspert Brian Castner, keçmiş BM hərbi müşaviri Marc Garlasco və tədqiqatçı Justin Bronk Bərdə şəhərinə erməni qüvvələri tərəfindən atılan silahın markası, texniki göstəriciləri barədə detallı bilgilər veriblər.

"Amnesty International"ın Şərqi Avropa və Orta Asiya üzrə regional direktoru Marie Struthersin adından yayılan bəyanatda isə "mülki bölgələrə atəş edilməsi" kəskin şəkildə pislənilir: "Kasetli sursatlardan mülki ərazilərə qarşı istifadə etmək amansızlıqdır və məsuliyyətsizlikdir. Bu, çoxsaylı insan itkisinə, yaralanmaya səbəb olur”.

Kasetli döyüş sursatlarının hər cür şəraitdə istifadəsi beynəlxalq humanitar hüquqa əsasən qadağan olması faktının təşkilatların bəyanatlarında qeyd edilməsi bu təşkilatların reallıqlara yaxınlaşdıqlarını göstərir. Bu da ölkə Prezidentinin apardığı siyasətin məntiqi nəticəsində əldə etdə edilən uğurlarımızdandır.

Dövlət başçımız İlham Əliyev dünyanın aparıcı KİV-lərinə verdiyi məntiqli, inandırıcı arqumentlərdən ibarət müsahibələri ilə ölkəmiz haqqında yalan informasiyalar yayaraq beynəlxalq ictimai rəydə çaşqınlıq yaradan erməni lobbisi və diaspora nümayəndələrinə sərt cavab verir. Eyni zamanda dünya ictimaiyyəti Azərbaycanın işğalçı Ermənistanı təkcə döyüş meydanında deyil, siyasi-diplomatik sferada da məğlubiyyətə uğratdığının şahidi olur.