“Azərbaycanda Alban Apostol Kilsəsi bərpa olunacaq” Siyasət

“Azərbaycanda Alban Apostol Kilsəsi bərpa olunacaq”

Bir neçə gün öncə Kəlbəcər ərazisində Alban məbədi yerləşən Xudavəngə erməni keşişlərin gəlməsi az qala yeni gündəm yaratdı.
Həmin hadisələrin iştirakçısı Alban-Udi xristian icmasının rəhbəri Robet Mobili insanların bu hadisələrdən sonra ermənilərin Kəlbəcərdə qalacaqları barədə düşüncələrinin əsassız olduğunu vurğulayıb:
“İnsanlar elə bilirlər ki, ermənilər Kəlbəcərdə olacaq. Bu, dövlət səviyyəsində həll olunmuş məsələdir. Birincisi, bu məbəd Kəlbəcər ərazisində yerləşir. Xudavəngdə sülhməramlıların dayanmasının 1 ay, bəlkə də 1 həftə müddəti var. Həmin ərazidə sülhməramlılar elə-belə durmayıblar. Yəqin ki, dövlətlər arasında hansısa razılıq olub. Cənab Pezidentimiz də işini çox gözəl bilir. Mən siyasi məsələlərdən danışmıram”.
Ermənilərin Kəlbəcəri tərk edən zaman saxtalaşdırılmiş və erməniləşdirilmiş Xudavəng monastrını talan etməsi və dağıtması ilə bağlı sualımızı icma rəhbəri belə cavablandırıb:
“Hansısa evin dağıdılması, yandırılması insanlıqdan kənar addımdır. Üstəlik sən Xudavəng məbədi kimi bir tarixi abidəni dağıdasan. Bu, yolverilməzdir. Bütün dinlər bunu inkar edir. O məbədin bərpası məsələsinə gəldikdə, bu məsələ üzərində işlərimiz gedir. Təbii ki, işğalçı oradan çıxacaq və Azərbaycanda Alban Apostol Kilsəsi bərpa olunacaq. Bütün məbədlər Alban kilsəsinin tabeçiliyində olacaq. Burada söhbət tək Udi içmasından getmir. Bu, çox ciddi məsələdir.
Orada işləyəcək din xadimlərinin hamısı icmanın üzvləri, Azərbaycan vətəndaşları olacaq”.
Həmsöhbətimiz Xudavəng məbədinin kilsə kimi deyil, muqey kimi fəaliyyət göstərəcəyi ilə bağlı dolaşan fikirlərə də münasibət bildirib:
“Hər bir məbəd kilsə kimi olmalı deyil. Məsələn, Xudavəng kompleksi deyilir. Orada məbəd də, kilsə də var. Böyük bir hissəsi bərpa olunacaq və bərpadan sonra kilsə kimi istifadəyə veriləcək, digər hissəsi Mədəniyyət Nazirliyinin balansında saxlanaraq, muzey kimi istifadə olunacaq. Amma, söhbət mədəni irsdən gedirsə, biz onları birbaşa doğma Alban kilsəsi kimi qəbul etməliyik, ermənin bura heç bir aidiyyatı yoxdur.
Məbəd ya da kilsə olması məsələsinə gələndə, bu, o qədər də vacib deyil. Bu gün IV-XII-cü əsrə aid nə qədər kilsə var ki, onların ancaq qalıqları qalıb. Sadəcə, konservasiya edib, saxlayacığıq ki, gəlib baxsınlar. Belə qədim tarixi abidələri xaç qoyub, kilsə kimi istifadə etməyə ehtiyac yoxdur. Çünki Azərbaycanda kifayət qədər kilsə var. Qarabağın özündə bir neçə kilsəni işlək vəziyyətə gətirəcəyik. Kilsələrin bir hissəsi də Mədəniyyət Nazirliyi balansında muzey kimi saxlanılacaq”.

Fidan İlqarqızı
“Modern”