Azərbaycan münaqişəni özü həll etməyi bacardı Siyasət

Azərbaycan münaqişəni özü həll etməyi bacardı

Artıq Azərbaycan özü öz gücü və dostlarının mənəvi, siyasi dəstəyi ilə Qarabağ kimi ciddi bir problemini həll etməyi bacarıb. Qısa bir xatırlatma edim ki, müharibə Ermənistanın kapitulyasiyası ilə yekunlaşdı və Pezident İlham Əliyevin də dediyi kimi Ermənistan döyüş meydanında məğlub olaraq kapitulyasiya Bəyanatı imzalamağa məcbur oldu. O da bəllidir ki, Ermənistan üçün alçaldıcı kapitulyasiya imzalamasının tam məsuliyyəti Paşinyanın diktatura rejiminin üzərinə düşür.
Xatırladım ki, bu ölkənin əvvəlki rəhbərlərinin vaxtında nəticə olmasa da, müəyyən danışıqlar gedirdi. Paşinyan danışıqlar prosesinin formatını alt-üst etməyə cəhdlər etdi. Onun təxribatçı hərəkətləri və bəyanatları isə danışıqları tamamilə mənasız etmişdi. Paşinyanın 7 şərtinə qarşı Azərbaycanın yeganə şərti işğalçının torpaqlarımızdan çıxması olmuşdu. İkinci Qarabağ müharibəsinin gedişində də Azərbaycan tərəfinin yeganə şərti bu oldu.
Ümumiyyətlə hər kəsə bəllidir ki, Nikol Paşinyan Sarkisyan və Köçəryan rejiminə qarşı etiraz dalğası üzərində hakimiyyətə gəlmiş təsadüfi insandır. Siyasətdən kənar olan bu adam ciddi səhvlər etdi və layiqli cəzasını da aldı. O, əslində bu alçaltmalara da layiqdir. Müharibə dövründə Ermənistan ordusu darmadağın edilirdi, baş nazir isə ruhdan düşürdü və artıq nəsə etmək üçün heç bir imkana malik deyildi. Xatırlayırsınızsa sırvavi ermənilər zorla orduya cəlb edilir, əsgərlər qaçmasın deyə onları səngərlərdə bir-birinə zəncirlənmişdilər. Hətta xüsusi şəxslər də olurdu ki, bu adamlar Ermənistan qoşunlarının arxasında dayanaraq qaçmağa cəhd edən öz millətinin nümayəndələrini qətlə yetirirdilər. Qısası, Azərbaycan Ordusu məğlubedilməz olduğunu nümayiş etdirdi və işğal olunmuş ərazilərin böyük hissəsini, 300-dən artıq şəhər, qəsəbə və kəndi, o cümlədən Azərbaycanın tarixi Şuşa şəhərini 44 gün ərzində azad etməyi bacardı.
Azərbaycan döyüşləri məlum üçtərəfli bəyanat imzalandıqdan dərhal sonra dayandırdı. Ölkəmiz 44 gün ərzində yalnız Vətən müharibəsi apardı, etnik təmizləmə və ya başqa ölkənin ərazilərini tutmaq kimi heç bir hədəfimiz olmadı. Halbuki, Azərbaycan ordusunun potensialı buna tam imkan verir.
Bu arada Prezident İlham Əliyevin də maraqlı bir fikrini xatırlatmaq yerinə düşür- “Azərbaycan Sarkisyan və Köçəryan ordusunu məğlub etmişdir. Hər iki şəxs hərbi cinayətkardır”.

Həqitətn də işğalçıların Ermənistan ordusu və demək olar ki, erməni dövləti məhv olmuş, erməni millətçilərinin üzdəniraq “artsax” xülyaları isə dağıdılıb. Ermənilərin iç üzü müharibədən sonra da aşkara çıxdı. Hətta Rusiya Prezidentinin müraciəti əsasında Azərbaycanın Kəlbəcərin boşaldılması üçün verdiyi əlavə 10 gün vaxtdan ermənilər qarət, vandalizm, vəhşilik, ekoloji terror məqsədilə istifadə etmişdilər. Kəlbəcərdə meşələr, su elektrik stansiyaları, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda bütün yaşayış binaları, tarixi-mədəni abidələr dağıdılmışdır.
Bu gün bütün dünya bilir və görür ki, Ermənistanın və qondarma Dağlıq Qarabağ rejiminin rəhbərləri müharibə caniləridirlər. Gəncənin ballistik raketlə atəşə tutulması, Bərdə və Tərtər şəhərlərinin kasetli və fosforlu sursatla atəşə məruz qalması, işğal edilmiş ərazilərdə qanunsuz məskunlaşdırma hərbi cinayətlərdir və bütün bunlar unudulmayacaq da.
Artıq erməni işğalçılarının mülki əhaliyə, infrastruktura, dini və mədəni abidələrə vurduğu ziyanın müvafiq təhlili aparılır. Hər bir şey sənədləşdirildikdən sonra zəruri hüquqi addımlar da atılacaq. O da bəllidir ki, qanunsuz məskunlaşdırma işlər də hərbi cinayət sayılır. Hətta iş o yerə çatmışdı ki, işğal olunmuş ərazilərdə suriyalı erməniləri yerləşdirməyi planlaşdırırdılar və onlardan muzdlular kimi də istifadə edirdilər. Əlimizdə ermənilərin istifadə etdiyi muzdlular barədə saysız-hesabsız faktlar var. Faşizmin terrorizmlə birləşdiyi bir düşmənin yumruqla belini qıra bildik. Prezident İlham Əliyev bu barədə çox gözəl deyib: “Ermənistan faşizmi yenidən baş qaldırarsa, onun başını dəmir yumruqla əzəcəyik. Bu dəfə biz onları tamamilə darmadağın edəcəyik. Bu, heç kəs üçün sirr qalmalı deyil”.

Bu illər ərzində Minsk qrupu münaqişənin həllində heç bir rol oynamadı

Artıq Dağlıq Qarabağ münaqişəsi həll edilsə də bəzi maraqlı dairələr təəssüf ki, hələ də bu məsələni gündəmdə saxlamağa çalışırlar. Bu kontekstdə ATƏT-in Minsk qrupunun müharibə yekunlaşandan və Azərbaycan ərazi bütövlüyünü təmin edəndən sonra aktivləşməsi də diqqət çəkir. Hələ həmsədrlərinin sonuncu dəfə Azərbaycana səfərindən sonra ötən bir il ərzində bölgə və dünyadakı vəziyyət dəyişmişdi. Dağlıq Qarabağ münaqişəsinin həlli isə regionda vəziyyəti daha da dəyişdirdi. İllərlə mövcud olmuş status-kvo güc yolu ilə, Azərbaycan hökumətinin iradəsi, yürüdülən müdrik siyasət, xalqımızın əzmi, həmrəyliyi, bütün qüvvələrin səfərbər olunması, əsgərimizin şücaəti sayəsində dəyişdirildi. Sirr deyil ki, Minsk qrupu həmsədr ölkələrinin liderləri daim münaqişənin hərbi yolla həllinin olmadığını iddia edirdilər. Amma Azərbaycan bunu hərbi-siyasi vasitələrlə etdi. Belə yerdə müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin fikirlərini xatırlatmaq yerinə düşər: “Hərbi variant yoxdur” deyənlər sadəcə, mövcud vəziyyəti olduğu kimi saxlamaq istəyirdilər. Dağlıq Qarabağ münaqişəsi artıq tarixə qovuşub”.
Hələ 10 il əvvəl Minsk qrupunun həmsədri olan ölkələrin prezidentləri birgə bəyannamə ilə çıxış edərək status-kvonun qəbuledilməz olduğunu bildirmişdilər. Azərbaycan bəyannaməni dəstəkləsə də, müəyyən vaxtdan sonra həmsədr ölkələrin liderləri status-kvonun onlar üçün qəbul edilən olması haqda mesajlar verdilər.
Prezidentin də haqlı olaraq qeyd etdiyi kimi bu illər ərzində Minsk qrupu münaqişənin həllində heç bir rol oynamadı. Halbuki bunu etmək üçün Minsk qrupu 28 il ərzində müvafiq mandata sahib idi. Maraqlıdır, BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə, ATƏT-in qərarlarına, digər beynəlxalq təşkilatların qərarlarına baxmayaraq, bu qədər illər ərzində münaqişə niyə həll olunmurdu? Minsk qrupunun həmsədrləri BMT Təhlükəsizlik Şurasının daimi üzvü olsalar da, Ermənistan qoşunlarının çıxarılmasını tələb edən 4 qətnamənin icrası üçün heç nə etmədilər. Beynəlxalq vasitəçi olan ölkələrin hər biri öz imkanlarından, potensialından istifadə edərək Ermənistanı işğal etdiyi əraziləri tərk etməsi üçün mesaj verə bilərdi, lakin belə mesaj verilmədi. Bu illər ərzində Ermənistana ciddi sanksiyalar tətbiq olunsaydı, işğalçı qüvvələrini geri çəkərdi. Amma Ermənistana öz qoşunlarını işğal etdiyi ərazilərin kiçik hissəsindən belə çıxarması üçün təzyiq olunmayıb. Minsk qrupunun ideyalarla çıxış etmək və yaradıcı olmaq istiqamətində müəyyən fəaliyyəti olsa da, bunlar heç bir nəticə vermədi. Çünki münaqişənin dondurulmuş kimi görünməsi beynəlxalq vasitəçiləri qane edirdi. Beləcə artıq Minsk qrupunun gələcək mandatı şübhəlidir və Azərbaycanla razılaşdırılmalıdır. Bu günlərdə ölkə başçısının “Mən Minsk qrupunu səfərə dəvət etməmişəm. Lakin mənə məlumat verəndə ki, Minsk qrupu gəlmək istəyir, dedim gəlsinlər, etiraz etmirəm” deməsi hamımızın ürəyinə yağ kimi yayıldı. Çünki yuxarıda da qeyd edildiyi kimi müharibədən sonra, münaqişə həll edildikdən sonra aktiv görünməyə çalışmaq anormallıq idi.
ATƏT-in Minsk qrupunun həmsədrləri regiona qərəzsiz və kollektiv qaydada sabitliyin, rifahın gətirilməsi üçün tamamilə yeni bir vəziyyət yarandığını etiraf edirlər. Onlar artıq Minsk qrupunun gələcək mandatının da Azərbaycandan asılı olduğu qəbul edilir. Hazırda sözügedən Azərbaycan torpaqlarında vəziyyət müəyyən dərəcədə sabitləşib və Rusiya sülhməramlıları da Dağlıq Qarabağda öz fəaliyyətini davam etdirirlər. Həm Ermənistan, həm də Azərbaycan əvvəldən bunu dəstəkləyib. Çünki sülhyaratma əməliyyatları müzakirə olunmuş razılaşmanın, Madrid prinsiplərinin bir hissəsidir.

Azərbaycandakı erməni icmasının gələcəyi

Bunu tez-tez eşitmişik ki, Azərbaycan dövlətinin erməni xalqı ilə problemi yoxdur. Bizim davamız işğalçılarladır, ərazimizi işğal edən cinayətkarlarladır. Hətta Prezident İlham Əliyev də dəfələrlə qeyd edib ki, Azərbaycan vətəndaşı olan ermənilər təhlükəsizlik və ləyaqət şəraitində yaşaya bilərlər. Qarşıdakı illərdə isə Dağlıq Qarabağın erməni icmasının güzəranının Azərbaycan idarəçiliyi altında daha yaxşı olacağını proqnozlaşdırmaq olar. Çünki qondarma rejim öz erməni “vətəndaşlar”ını səfalət içində, qul kimi yaşamağa məcbur etmişdi. Artıq birgəyaşayışla bağlı ciddi addımlar da atılır, Ağdam rayonunda Monitorinq Mərkəzi yaradılır. Bundan sonra Türkiyə-Rusiya Monitorinq Mərkəzi atəşkəs rejiminə nəzarət edəcək və bu da regional əməkdaşlığın çox yaxşı təzahürüdür.
Prezident boşuna səsləndirməmişdi ki, regiona yeni canlanma gətirilməlidir. Regionda yeni inkişaf olmalıdır. Azərbaycan buna isə hazırdır. Naxçıvanla quru əlaqəsinin yaradılması həyati əhəmiyyət kəsb edir, vacib tarixi nailiyyətdir və regionun gələcəyi ilə bağlı müzakirələr üçün yeni imkanlar yaradır. Ermənistanın isə regional əməkdaşlıq platformalarında təmsil olunması Paşinyan rejimindən, yaxud da həmin rejimi devirəcək dairələrdən asılı olacaq. Bu, çoxtərəfli platforma ola bilər. Bu işbirliyi platformasında iştirak edən bütün bölgə ölkələri bundan ancaq faydalana bilərlər.
Bu gün beynəlxalq ictimaiyyət də Ermənistana birbaşa mesaj verməlidir. Onlar gələcəkdə heç zaman Azərbaycan xalqının hissləri ilə oynamasınlar. Yoxsa ağır cəzadan yaxa qurtara bilməyəcəklər! .

Vüqar Əliyev
Xəzər Rayon Gənclər və İdman idarəsinin rəisi