“Əsas fəaliyyətimiz insanları maarifləndirməyə yönəlib” Siyasət

“Əsas fəaliyyətimiz insanları maarifləndirməyə yönəlib”

Kamal Abdulla ATƏT-in layihə əlaqələndiricisi ilə görüşüb

Azərbaycanın millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev ATƏT-in Bakı layihə əlaqələndiricisi Aleksis Şaxtaxtinski ilə görüşüb.
Görüşdə Prezident İlham Əliyevin "Rossiya-24" telekanalına verdiyi müsahibədə toxunduğu Azərbaycan multikulturalizmi, ölkədəki tolerantlıq ənənələri, son zamanlar islam dünyasında baş verən prosesləri dəyərləndirərkən söylədiyi fikirlər və dünyada baş verən soyqırımı cinayətlərinin öyrənilməsi və tanıdılması, yaxın gələcəkdə ATƏT-in Bakı nümayəndəliyi ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin birgə həyata keçirəcəyi layihələr haqqında fikir mübadiləsi aparılıb.
Səfir A.Şaxtaxtinski ATƏT-in Bakı Layihə Əlaqələndiricisi Ofisinin yerli qurumlarla birgə ötən ay Azərbaycanda keçirdiyi "Dini tolerantlığın möhkəmləndirilməsi" mövzusunda beynəlxalq konfransın iştirakçılarına Prezident İlham Əliyevin müraciətini yüksək dəyərləndirib və bu tədbirə göstərdiyi həssas münasibətə görə dövlət başçısına minnətdarlığını bildirib.
Dövlət müşaviri Kamal Abdullayev bu gün dünyada baş verən qorxunc tendensiyaların tarixi köklərinin öyrənilməsi, onlara qarşı preventiv tədbirlərin görülməsi, ölkədə olan tolerant və multikultural mühitin qorunub saxlanılması, antisemitizm kimi təhlükəli axınların Azərbaycana ayaq açmasını əngəlləmək məqsədilə Prezidentin Fərmanı ilə yaradılan Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin əsas fəaliyyətinin insanları maarifləndirmək olduğunu diqqətə çatdırıb.