Bahar Muradovadan Qüdrət Həsənquliyevin təklifinə dəstək Siyasət

Bahar Muradovadan Qüdrət Həsənquliyevin təklifinə dəstək

"İmkansız xəstə insanların müalicəsi üçün xüsusi fondların yaradılması və xeyriyyəçilik fəaliyyəti ilə bağlı müvafiq qanun qəbul edə bilərik"

Qoca valideynlərini atan, onları tərk edən və ya "Qocalar Evi"nə verən övladların cəzalandırılması ilə bağlı qanun qəbul edilə bilər. Milli Məclisin dünənki iclasında vitse-spiker Bahar Muradova bu barədə təklif irəli sürüb.
Onun sözlərinə görə, bununla bağlı müvafiq qanun olmalıdır: "Ahıl şəxslərin, tərk edilmiş yaşlıların hüquqlarının qorunması üçün, ən azı onları bu vəziyyətə çatdırmış övladların cəzalandırılması, qınanması, düzgün yola gətirilməsi üçün belə övladların hüquqi və maddi məsuliyyətlərini müəyyən edən qanun qəbul etməliyik. Necə olur ki, gənc ailədə övladını atan atanın üzərinə aliment hüququ qoyuruq, amma valideyinini atan imkanlı şəxslər öz öhdəliklərini yerinə yetirmir? Biz bu öhdəlikləri müəyyənləşdirməli və onları buna məcbur etməliyik".
Vitse-spiker eyni zamanda hərbi idarə etmə qurumlarında, hərbi hissələrdə, əsasən cəbhə bölgələrində, təmas xəttinə yaxın yerlərdə psixoloq şatının açılmasına ehtiyac olduğunu da deyib: "Bunun üçün qanunverciliyə müvafiq dəyişikliklər edilməsinə və icra olunmasına ehtiyac var".
Bahar Muradova polis idarələrinin təcridxanalarında qadın əməkdaşlara ehtiyac olduğunu da bildirib. O bununla bağlı qanunun qəbul edilməsini təklif edib: "Bəzi saxlanma yerlərində qadınlara ehtiyac olur. Bura qadın əməkdaşlar cəlb edilsə, həm bu sistemdə gender bərabərliyi gözləniləcək, eyni zamanda bir sıra problemlər aradan qaldırılacaq".
Bahar Muradova Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyevin xəstə uşaqların, gənclərin, ayrı-ayrı imkansız insanların müalicəsi üçün xüsusi fondun yaradılması təklifini də dəstəkləyib: "Parlamentdə məsələ qaldırıldı ki, xəstə gənclərin, uşaqların müvafiq təbəqədən və kateqoriyadan olan insanların müalicəsi istiqamətində cəmiyyətin imkanlarını səfərbər etmək üçün xüsusi fondların yaradılması məqsədəuyğundur. Hesab edirəm ki, həmin fondların yaradılması və xeyriyyəçilik fəaliyyəti ilə bağlı müvafiq qanun qəbul edə bilərik. Mən də bu təklifə qoşuluram. Hesab edirəm ki, yaxın zamanlarda bu məsələni müzakirə edə və gəldiyimiz nəticələri Milli Məclisdə qanun şəklində qəbul edə bilərik".

CAVAHŞİR