
“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Nazirlər Kabinetinin iclasından sonra bəyan etdiyi tərksilahla bağlı qanun layihəsi, şübhəsiz ki, yalnız ölkənin yox bütövlükdə bölgənin terrorla mübarizə strategiyasında keyfiyyətcə yeni və həlledici bir mərhələnin başlanğıcı kimi qiymətləndirilməlidir. İllərdir davam edən sırf hərbi əməliyyat yanaşmasının təşkilatın tərksilah edilməsi və buraxılması üzrə institusional mexanizmlərlə əvəzlənməsi dövlətin bu məsələdə təhlükəsizlik paradiqmasından hüquqi və siyasi tənzimləmə modelinə keçdiyini göstərir”.
Bu fikirləri xalqcebhesi.az-a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.
Deputat diqqətə çatdırıb ki, siyasi müstəvidə prosesin birbaşa parlamentə daşınması məsələni iqtidarın daxili siyasi gündəmi olmaqdan çıxararaq dövlət səviyyəli milli razılaşma platformasına çevirir: “Müxtəlif siyasi partiyaların dəstəyi ilə hazırlanacaq hüquqi çərçivə problemin köklü həlli üçün güc metodundan daha çox sosial-siyasi inteqrasiya və milli konsensus faktorunu ön plana çıxarır. Bu, daxili siyasi sabitliyi möhkəmləndirməklə yanaşı, cəmiyyətin bütün təbəqələrinin prosesə cəlb olunmasını təmin edir. Eyni zamanda, hüquqi baxımdan bu təşəbbüs sadə amnistiya aktı deyil, şərtli və nəzarətli reinteqrasiya mexanizminin qurulmasını, tərksilah olunan şəxslərin hüquqi statusunu, reabilitasiyasını və cəmiyyətə adaptasiyasının Konstitusiya və milli qanunvericilik çərçivəsində tənzimləməsini nəzərdə tutur. Bu yanaşma bir tərəfdən hüququn üstünlüyünü və dövlətin suverenliyini tam qoruyur, digər tərəfdən isə tərksilah prosesinə hüquqi zəmanət verərək onu geri dönməz edir”.
B.Məhərrəmovun sözlərinə görə, beynəlxalq hüquq və geosiyasi müstəvidə bu gedişat Türkiyənin BMT Nizamnaməsinin 51-ci maddəsində ehtiva olunan özünümüdafiə hüququna söykənən suverenlik hüquqlarının daxili və regional miqyasda tam bərqərar olunması deməkdir: “PKK-nın regional miqyasda tərksilah edilməsi Yaxın Şərqdə, xüsusən İraq və Suriya oxunda yeni təhlükəsizlik arxitekturasının formalaşmasına töhfə verəcək, kənar güclərin regiondakı manipulyasiya imkanlarını məhdudlaşdıracaq ki, bu da qanun layihəsinin terrorun hərbi yolla zərərsizləşdirilməsi dövründən onun tamamilə bitirilməsi, hüquqi bazanın möhkəmləndirilməsi və ağır iqtisadi yükdən azad olan ölkənin sosial-iqtisadi inkişafına keçidini simvolizə edən strateji bir dönüş nöqtəsidir”.
Röya İsrafilova