11:50
903
Xəzər dənizində Ukraynanın Rusiyaya hərbi yük daşıyan İran gəmisini vurması məsələsi ilk deyil. Bu hal əvvəl də baş verib. Məsələ isə bu hadisə baş verdikdən sonra Azərbaycanın da guya bu müharibəyə cəlb olunması ehtimalları üzərində gedən müzakirələrdir. Əvvəla bu, ara-sıra təkrarlanan, bundan sonra da olması mühtəməl olan hadisədir. Tərəflər bir-biri ilə müharibə edirlər və müxtəlif regionlarda bir-birinin müxtəlif növ əmlaklarına zərbə vuraraq ziyan verirlər. Ukrayna da İranın Rusiyaya silah satdığını bildiyi üçün onun gəmisini vurub. Burda Azərbaycan üçün nə təhlükə ola bilər? Azərbaycanı bu qarşıdurmaya cəlb eləmək üçün nə kimi faktorlar var? Heç-bir.
Bunu xalqcebhesi.az-a ƏHD Partiyasının ictimai-siyasi əlaqələr üzrə katibi Azər Qasımov deyib.
"Ukrayna Qara dənizdə də gəmiləri vurur. Türkiyə gəmisi də vurulub. Azərbaycanlılar olan gəmilər də. Məğər Türkiyə və Azərbaycan Ukrayna və Rusiyaya müharibə elan edib və ya müharibəyə qoşulub? Xəzər dənizi də eynilə. Məsələnin mahiyyəti ondan ibarətdir ki, istər Azərbaycan, istərsə də kənarda, xüsusilə də, Türkiyə siyasi analiz arenasında çox səfeh adamlar vardır ki, onlara görə artıq dünyanın sonudur. Hamı bir-biri ilə müharibə edir və ya edəcək. Ətrafındakı ölkələrin hamısı Türkiyəni məhv etmək istəyir. Hesab edirəm ki, bu kimi şərhlərin səsləndirilməsi siyasi cəhətdən naşılıq və yersiz sensasiya arxasınca qaçmaqdır. Nə Azərbaycan, nə də Türkiyə heç bir müharibəyə daxil olmur və olmayacaq. Bu kimi fikirlər isə mənasız və əsassızdır" - politoloq qeyd edib.
Cavid