Zahid Oruc: "Rusiya tərəfindən bu addımların atılması mümkündür"
"Azərbaycanla ABŞ əlaqələri hər zaman yüksək səviyyədə olub". Bunu Millət vəkili Zhid Oruc deyib. "Viktoriya Nuladın postsovet məkanına tanış isimdir",-deyən millət vəklili "eyni zamanda, Amerika xarici siyasətinin rəhbərləri içərisində önəmli şəxslərdən sayılır",-deyə əlavə edib: "Etiraf etmək lazımdır ki, Rusiyanın siyasi dairələrində onu Ukrayna inqilabının əsas müəlliflərindən biri hesab edirlər. Bizim üçün ən önəmlisi Amerika-Azərbaycan münasibətlərinin qarşılıqlı maraq doğuran istiqamətlərdə normal əlaqələrin davam etdirilməsi idi. Son aylar ərzində yaşanan müəyyən gərginliklər, hansısa istiqamətlərdəki problemlərin müəllifi ölkəmiz deyil. Bu dəqiqdir. Viktoriya Nulandın gəlişi, onun yüksək səviyyədə qəbulu bir daha da sübut etdi ki, ölkəmizin rəhbərliyi Amerika ilə münasibətlərə önəm verir. Həqiqətən də 2008-ci ilə qədər dövrdə bu regiondakı arxitektura, məhz iki dövlətin əlaqələri və birgə addımları hesabına mümkün olub. Enerji resurslarının Qərbə çıxışı, Amerika-Azərbaycan təhlükəsizlik əlaqələrinin formalaşması və digər bu kimi məsələlər də birbaşa bu ölkənin hesabına baş verib. Biz hesab edirdik ki, Barak Obama dönəmində bu münasibətlər xeyli gerilədi. Çünki Amerikanın Cənubi Qafqaz prioritetləri xaotik xarakter daşıdı. Bu da ümumi maraqlara zərər vurdu". Z.Oruc bildirib ki, ölkəmizdə ABŞ-la bağlı dinləmələrin keçirilməsi, Azərbaycandan son aylar ərzində verilən bəyanatlarda bu ölkə ilə diplomatik əməkdaşlığımızı dayandırmaq, xarici siyasət kursunda güclü dəyişiklik etmək niyyəti zərrə qədər də özünü göstərməyib:
"Sonuncu dinləmələrdə də çıxış edənlər sırasında qəti şəkildə Amerikanın dünyadakı rolunu təftiş edəcək mövqelər səsləndirilməyib. Yalnız deyilib ki, bu xətalar bütün ölkələrin həyatında var. Lakin münasibətlərə mane olmamalıdır. Nəhayət Amerikanın rəsmi nümayəndələrinin dilindən Azərbaycanla münasibətlərin nə qədər önəm daşıdığı və bunun heç nəyə qurban verilməyəcəyi söylənildi. Bu çox vacib bir məsələdir. Çünki hamı deyirdi ki, demokratiya və insan haqları məsələsinə görə Amerika ilə Azərbaycan arasında münasibətlər mümkün olmayacaq. İkincisi, sanksiyalar və hədələyici tonla münasibətlər qurulmayacaq. Üçüncüsü, dialoqun davam etdirilməsinə yönəlmiş bir struktur formalaşacaq. Nuland bəyan edib ki, bu Avropa Şurası ilə paralel işləyəcək strukturdur. Biz də bunu istəyirik".
Millət vəkili qeyd edib ki, Amerikaya qarşı dinləmələrdə iştirak edən 50-yə yaxın şəxslər, on illər ərzində NATO ilə yaxşı münasibətlər, Qərb dəyərləri ilə daha yaxından əlaqə qurmağın tərəfində olan şəxslər idi:
"Bu insanların hamısını rus, İranpərəst adlandırmaq çox yanlışdır. Viktoriya Nuland girovlarla bağlı məsələyə də toxundu. Ermənistan girovlarımızı azad edəcəkmi? Bu barədə inamla söz söyləmək mümkün deyil. Ancaq hesab edirəm ki, bizə bu cür münasibət lazım idi. Viktoriya Nulandın gəlişi Azərbaycan-Amerika arasındakı əlaqələri korlamaq istəyən dairələrin mövqelərini xeyli sarsıdacaq".
ABŞ-ın Azərbaycana qarşı bu kimi jestlərinin rəsmi Kremldə ölkəmizlə bağlı hansı qərarların verilməsinə yol açacağı ilə bağlı Zahid Oruc aşağıdakıları söylədi:
"Təəssüf ki, bu gün mediada Rusiyanın Azərbaycana zərbə vurmaq istəyindən və digər bu kimi məsələlərdən bəhs edirlər. Lakin bizim siyasətçilərimiz mövqelərini daha güclü saxlamalıdırlar ki, Rusiya tərəfindən ədalətin bərpası yönündə addımlar atıla bilər. Bu zəmində formalaşmış münasibətlər də ona əsas verir. Qarabağ münasibətində məsuliyyət axtarılmadan addımlar atılmalıdır. Münaqişənin həlli üçün işlər görülməlidir. Rusiya tərəfindən bu addımların atılması mümkündür. Hesab edirəm ki, Viktoriya Nulandın gəlişini rəsmi Kreml və Ermənistanda da diqqətlə izləyirlər. Əminəm ki, onun mövqeləri Ermənistanda da dəyişməyəcək. İrəliyə baxaq və bu hadisələrin inkişafını gözləyək".
Əli