Azərbaycan XİN rəhbəri Gürcüstanın baş naziri ilə görüşüb Siyasət

Azərbaycan XİN rəhbəri Gürcüstanın baş naziri ilə görüşüb

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Tiflisdə Gürcüstanın baş naziri İrakli Qaribaşvili ilə görüşüb.
Görüş zamanı İrakli Qaribaşvili iki ölkə arasındakı möhkəm dostluq və strateji tərəfdaşlıq münasibətlərinin hazırki inkişafından məmnun olduğunu bildirib.
Baş nazir həmçinin regional əməkdaşlıq sahəsində Azərbaycanla Gürcüstan arasında münasibətlərin nümunəvi xarakter daşıdığını qeyd edib.
İrakli Qaribaşvili reallaşmış enerji və nəqliyyat layihələrində olduğu kimi, TANAP və TAP layihələrində Gürcüstanın etibarlı tərəfdaş olduğunu diqqətə çatdırıb.
Elmar Məmmədyarov isə strateji tərəfdaşlıq və dostluq münasibətlərinin daha da möhkəmləndirilməsinin iki dövlətin maraqlarına xidmət etdiyini bildirərək, həyata keçirilən enerji və nəqliyyat layihələrinin ölkələrimizin, habelə regionun rifahı baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Azərbaycan XİN rəhbəri İ. Qaribaşvilini iyun ayında Bakıda keçiriləcək I Avropa Oyunlarının açılış mərasimində iştirak etmək üçün ölkəmizə səfərə dəvət edib. İ. Qaribaşvili böyük məmnuniyyətlə bu dəvəti qəbul edib.
Görüşdə Azərbaycanla Gürcüstanının qarşılıqlı şəkildə bir-birilərinin ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını dəstəklədikləri vurğulanıb.