Türkiyə-Azərbaycan dostluq, qardaşlıq münasibətləri regionun gələcək inkişafı baxımından olduqca önəmlidir - Tamam Cəfərova Siyasət

Türkiyə-Azərbaycan dostluq, qardaşlıq münasibətləri regionun gələcək inkişafı baxımından olduqca önəmlidir - Tamam Cəfərova

Azərbaycan ən yeni tarixinin qızıl dövrünü yaşayır. 2020-ci il sentyabr ayının 27-dən başlayaraq Azərbaycan xalqı tarixi günlərə, unudulmaz anlara şahidlik edir. Bu tarixi günlər içərisində qardaş Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın ölkəmizə növbəti səfəri və mütəffiqlik haqqında Şuşa Bəyannaməsinin imzalanması mühüm tarixi və həyati əhəmiyyət kəsb edir. Xüsusilə, qeyd etməliyik ki, cənab Ərdoğanın Azərbaycan Respublikasının Milli Məclisində etdiyi çıxışı da bütün dünyaya Türkiyə- Azərbaycan münasibətlərinin əbədi, sarsılmaz olduğunu göstərən mühüm mesajlarla yadda qaldı.

Bu sözləri Trend-ə Milli Məclisin üzvü Tamam Cəfərova Türkiyə Respublikasının Prezidenti R.T.Ərdoğanın Azərbaycan Respublikasının Milli Məclisindəki çıxışına münasibət bildirərkən deyib.

Deputat qeyd edib ki, Şuşa Bəyannaməsinin imzalanmasından sonra qardaş ölkənin Prezidenti R.T.Ərdoğanın Milli Məclisdə səsləndirdiyi fikirlər Türkiyə-Azərbaycan dostluq, qardaşlıq münasibətlərinin sarsılmaz olduğunu nümayiş etdirməklə yanaşı, regionun gələcək inkişafı baxımından olduqca önəmlidir. Belə ki, Azərbaycanın qazandığı möhtəşəm qələbə sayəsində Qafqazda qanayan bir yara qapanmış, bölgədə davamlı sülh və sabitlik üçün böyük fürsət yaranmışdır. Qafqazdakı sülh və sabitlikdən təkcə Azərbaycan deyil, Ermənistan da daxil olmaqla, bütün bölgə ölkələri, hətta bütün dünya qazanacaq. Bu barədə cənab R.T.Ərdoğan çıxışında qeyd etdi ki, “Qarabağ Zəfərinin Azərbaycana, Qafqaza və dünyaya gətirəcəyi faydaların dəyəri zaman keçdikcə daha yaxşı dərk ediləcək. Bu Zəfərlə Qarabağın hər yerinə sabitlik, əmin-amanlıq və ümid hakim olub”. Qardaş ölkənin Prezidentinin bu sözləri ölkəmiz üçün dəyərli olduğu qədər, dünyanın aparıcı güc mərkəzləri üçün də bir o qədər siyasi mesajları özündə əks etdirir. Şuşa Bəyannaməsi imzalanan vaxt 3+3 formatının regionun inkişafı və yeni əməkdaşlıq imkanlarının yaranması baxımından əhəmiyyətini vurğulayan R.T.Ərdoğan Parlamentdəki çıxışında da bir daha bu məsələyə diqqət çəkmişdir. Ümumiyyətlə, ölkələrin inkişafına əlavə imkanlar yaradacaq yeni beynəlxalq əməkdaşlıq platformasının yaranması bu regionun gələcək inkişafı üçün olduqca vacibdir. Altı ölkəni – Rusiya, Türkiyə, Azərbaycan, İran, Ermənistan və Gürcüstanı birləşdirən yeni platforma ilə artıq bölgədə sabitlik meydana gələcək və düşmənçiliklər aradan qalxacaqdır. Yeni platforma bütün bölgənin inkişafına xidmət edəcəkdir. Bu nöqteyi-nəzərdən davamlı sülhə gedən yol bölgədəki bütün xalqların və dövlətlərin qarşılıqlı etimad və əməkdaşlığından keçir.

Həmçinin, T. Cəfərova qeyd edib ki, üçtərəfli Bəyanatın icrası ilə bölgədə yeni inkişaf dövrü başlayıb. Xüsusilə, Naxçıvan ilə Bakını bir-biri ilə birləşdirəcək Zəngəzur dəhlizinin bölgəmizə gətirəcəyi rahatlığın və zənginliyin tərifini vermək mümkün deyil. Qarabağ, eyni zamanda dünyanı öz siyasi və iqtisadi maraqlarının arenası olaraq görənlərin hesablarının pozulduğu yerdir. Üstəlik, bütün bu proseslər Azərbaycan ilə birlikdə Ermənistan üçün də yeni bir dövrün başlanğıcıdır. Zəngəzur dəhlizində fəaliyyətə başlayacaq dəmir yolu ilə ermənilər də rahatlıqla Moskvaya və bütün dünyaya çıxa biləcəklər, beləliklə onlar özləri özlərini saldıqları blokadadan xilas ola biləcəklər. Cənab R.T.Ərdoğanın sözləri ilə desək, “Ermənistan Azərbaycan ilə problemlərini həll etdikcə Türkiyə də lazımi addımları atacaqdır. Türkiyə sərhədlərinin açılmasının Ermənistana verəcəyi faydalar sadalanmaqla bitməz. Bu Zəfər hər kəsin ortaq zəfərinə çeviriləcəkdir”.

Azərbayca-Türkiyə arasında münasibətlərin dostluq, qardaşlıq münasibətləri olduğu və heç bir zaman sarsılmayacağı özünü tarixin ən həlledici məqamlarında göstərmişdir. Müqəddəs Vətən müharibəsində Türkiyə Azərbaycanın yanında həm bir dövlət, həm də millət olaraq yer almışdır. Necə ki, R.T.Ərdoğanın qeyd etdiyi kimi, “Balkan müharibəsi zamanı Azərbaycanın Dövlət Himninin sözlərinin müəllifi Əhməd Cavad azərbaycanlı gənclərlə birlikdə Osmanlı ordusunun sıralarında döyüşübsə, necə ki, Çanaqqalada Azərbaycandan gələn igidlərlə Anadolunun dəliqanlıları birlikdə mübarizə aparıb, birlikdə şəhadətə ucalıb zəfər qazanıblarsa, necə ki, Qafqaz İslam Ordusunun aslanları – Nuru Paşanın əsgərləri o gün azərbaycanlı qardaşlarımızın yardımına gəlibsə, bu gün və gələcəkdə də bu iki xalq bərabər olacaqdır”. Bu sözləri ilə cənab Prezident R.T.Ərdoğan Türkiyə-Azərbaycan münasibətlərinin gələcək prespektivlərini də bütün dünyaya açıqlamış oldu.

Bu gün əminliklə deyə bilərik ki, Azərbaycan-Türkiyə dostluq, qardaşlıq münasibətləri nəticəsində regionda yeni güc mərkəzi yaranmışdır.