Aİ-Azərbaycan münasibətlərinin yeni mərhələsi Siyasət

Aİ-Azərbaycan münasibətlərinin yeni mərhələsi

Avropa İttifaqının Qonşuluq və Genişlənmə üzrə Komissarı Oliver Varhelyinin Avropa Komissiyasının rəsmi veb saytında yayımlanan çıxış-məqaləsində ölkəmizlə bağlı əks olunan dəyərləndirmələr və səmimi eturaflar məni sözün əsl mənasında heyrətləndirdi. Doğrudur, Avropa İttifaqının ayrı-ayrı sahələrə görə məsuliyyət daşıyan komissarları bu günədək, bir qayda olaraq ölkəmizə münasibətdə balanslı mövqe nümayiş etdirməyə çalışıblar, Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki rolunu yüksək qiymətləndiriblər.
Amma Aİ-nin Qonşuluq və Genişlənmə üzrə Komissarı Oliver Varhelyinin çıxış-məqaləsi tamamilə fərqlidir və pozitiv notlarla, gələcəyə olan böyük ümidlərlə zəngindir. Elə Oliver Varhelyin də səfərinin zəngin olduğunu deyir. Azərbaycanın COVİD-19 pandemiyasının gətiridiyi böhrandan ən az ziyan çəkdiyini qeyd edir və buna görə xalqımıza, dövlətimizə təşəkkürünü bildirir. Təbii ki, bu təşəkkür də Azərbaycanın pandemiyaya qarşı mübarizədə nümayiş etdirdiyi əzmə, qlobal tədbirlərə verdiyi dəstəyə və yardıma ehtiyacının olmamasına görədir. Təsadüfi deyil ki, Aİ-nin Qonşuluq və Genişlənmə üzrə Komissarı təxminən 1 səhifəlik çıxış-məqaləsində Azərbaycanı bir neçə dəfə “çiçəklənən ölkə” adlandırır. Həmçinin Cənubi Qafqaz bölgəsinin çiçəklənməsi üçün ölkəmizin əsas, açar mövqeyə malik olduğu vurğulanır. Avropa İttifaqının bu səbəbdən, Azərbaycana münasibətdə fərqli bir yanaşma ortaya qoyacağını, güclü Azərbaycanla birlikdə bütün regionun maraqlarına cavab verən birgə layihələr həyata keçirəcəyinin anonsu verilir, Xəzər dənizi ilə Qara dəniz arasında əlaqələrin inkişaf etdirilməsində Azərbaycanın böyük önəmini qeyd olunur, bölgəyə böyük investisiyaların məhz Azərbaycan üzərindən yatırılacağı, yeni kommunikasiya layihələrinin həyata keçiriləcəyi bildirilir.
Qeyd edim ki, Avropa İttifaqının Qonşuluq və Genişlənmə üzrə Komissarı Oliver Varhelyinin regiona səfəri çərçivəsində Cənubi Qafqazın aparıcı ölkəsi kimi bölgənin postpandemiya dövründə bərpası və inkişafı məsələlərinin məhz Azərbaycanla müzakirə edilməsi, qənaətimə görə çox ciddi bir faktdır və Avropa İttifaqı-Azərbaycan münasibətlərinin bundan sonra bütün istiqamətlər üzrə sürətlə inkişaf edəcək perspektivindən xəbər verir.
Oliver Varhelyinin çıxış-məqaləsində yer alan ən önəmli məqamlardan biri də, şübhəsiz ki, yazıda 44 günlük Vətən müharibəsinin nəticələrinin tam qəbul edilməsi, münaqişənin başa çatdığını ifadə edən postkonflikt mərhələsinin önə çəkilməsidir. Avropa İttifaqının komissarı sözügedən məqaləsində Aİ-nin müharibənin nəticələrinin aradan qaldırılması və regionda uzunmüddətli sülhün yaranması istiqamətində işləməyə hazır olduğunu bəyan edir. Çox önəmli bir məqamdır. Çünki müharibənin nəticələri ilə bağlı bəzi revanşçı dairələrin və onların təlimatçılarının bütün manipulyativ davranışlarının üzərindən xətt çəkir, dünyanın ən böyük güc mərkəzlərindən birinin regiondakı proseslərdə, məhz postkonflikr mərhələsindən iştiraka başlayacağı barədə açıq və imperativ mesaj verir.
Bu baxımdan, Oliver Varhelyinin səfərini Aİ-Azərbaycan münasibətlərinin yeni mərhələsi kimi qiymətləndirilə bilər. Bu isə, şübhəsiz ki, ölkəmizin uğurudur.

Elçin Mirzəbəyli
Siyasi şərhçi